İKT ilə maraqlanan gənclərə xəbər var: Hərbi xidmətdə yenilik tətbiq olunur
Müasir dövrdə hərbi təhlükəsizlik yalnız canlı qüvvə və ənənəvi silahlarla deyil, həm də texnologiya, süni intellekt, kibertəhlükəsizlik və innovativ həllərlə müəyyən olunur. Bu baxımdan yüksək intellektual potensiala malik gənclərin bilik və bacarıqlarından hərbi xidmət müddətində səmərəli istifadə edilməsi xüsusi əhəmiyyət daşıyır. Müdafiə Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi layihənin yeni peşəkar inkişaf mərhələsinə keçməsi, Milli Müdafiə Universitetinin intellektual bölmələrinin əhatə dairəsinin genişləndirilməsi və seçim meyarlarına yeni texnoloji istiqamətlərin əlavə edilməsi diqqət çəkir. Artıq yalnız yüksək akademik göstəricilər deyil, informasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt, robototexnika və proqramlaşdırma sahəsində peşəkar biliklər də nəzərə alınır. Bəs bu qərar Azərbaycanın müdafiə potensialına hansı töhfələri verə bilər? Gənclərin intellektual imkanlarının hərbi xidmətə inteqrasiyası ordunun texnoloji inkişafını necə sürətləndirə və gələcəkdə hansı üstünlükləri təmin edə bilər?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, yüksək potensiala malik gənclərin bilik və bacarıqlarından hərbi xidmət dövründə səmərəli istifadə olunması mütəxəssislər tərəfindən uzun müddətdir irəli sürülən təkliflərdən biri idi: “Daha əvvəl bu istiqamətdə öz təkliflərimi səsləndirmişdim. Çox müsbət haldır ki, dövlətimiz bu təşəbbüsü müsbət qiymətləndirib və hazırda yüksək intellektual potensiala malik gənclər hərbi xidmət müddətində öz bilik və bacarıqlarından kifayət qədər səmərəli istifadə edirlər. Mən bu prosesin canlı şahidiyəm. Digər tərəfdən, ADEX sərgisində Milli Müdafiə Universitetinin stendində həmin gənclərin hazırladıqları yeni proqram təminatları geniş ictimaiyyətə də təqdim olunmuşdu. Hazırda Milli Müdafiə Universiteti intellektual bölmələrin fəaliyyət dairəsini əhəmiyyətli dərəcədə genişləndirir. Yüksək akademik nəticələrlə yanaşı, gənclərin informasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt, robot texnikası, proqramlaşdırma və digər istiqamətlər üzrə peşəkar bilik və bacarıqları nəzərə alınaraq bu sahələrdə fəaliyyət daha da inkişaf etdirilir”.
Ayhan
19:00 17.11.2026
Oxunuş sayı: 66