Büdcə xərclərinin səmərəliyini necə artırmaq olar? - Elmi-praktik yanaşma
Dövlət büdcəsi yalnız gəlir və xərclərin müəyyənləşdirilməsi deyil, eyni zamanda ölkənin sosial-iqtisadi inkişafını təmin edən əsas maliyyə mexanizmlərindən biridir. Büdcədən ayrılan vəsaitlərin hansı istiqamətlərə yönəldilməsi ilə yanaşı, həmin xərclərin real nəticələrinin əvvəlcədən proqnozlaşdırılması və sonradan qiymətləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Milli Məclisdə büdcə xərclərinin səmərəliliyinin artırılması ilə bağlı səsləndirilən təklif diqqət çəkir. Təklifə əsasən, dövlət büdcəsindən maliyyələşdirilən layihələr üzrə ayrılan vəsait hesabına nə qədər insanın işlə təmin olunacağı, neçə müvəqqəti və daimi iş yerinin yaradılacağı əvvəlcədən hesablanmalıdır. Bunun üçün xüsusi hesablama metodologiyasının hazırlanması təklif olunur. Bəs belə bir metodologiyanın tətbiqi nə dərəcədə realdır? Büdcə vəsaitlərinin məşğulluğa təsirini əvvəlcədən hesablamaq mümkündürmü? Bu mexanizm dövlət xərclərinin səmərəliliyinin artırılmasına və sosial rifahın yüksəldilməsinə necə töhfə verə bilər?
Crossmedia.az-a açıqlamasında iqtisad elmləri doktoru Gündüz Camalzadə qeyd edib ki, əslində, bunu etmək mümkündür: “Hətta dünyanın bir çox ölkəsində bu təcrübədən istifadə olunur. Dövlət satınalmaları, dövlət büdcəsindən ayrılan vəsaitlər və dövlət tərəfindən maliyyələşdirilən layihələr üzrə layihə idarəetmə sistemləri tətbiq edilir. Bəs layihə idarəetmə sistemləri nədir? Burada əsas məsələ ayrılan maliyyənin iqtisadi multiplikativ təsirinin hesablanmasıdır. Bu təsirlər üç istiqamətdə qiymətləndirilir: birbaşa, dolayı və induksiya olunmuş təsirlər. Birbaşa təsirlər layihənin bilavasitə yaratdığı əlavə dəyər, əlavə istehsal, ixrac potensialı və digər iqtisadi nəticələrdir. Dolayı təsirlər isə layihənin əlaqəli və yan sənayelərə verdiyi töhfələrlə bağlıdır. Məsələn, hər hansı bir yolun, binanın və ya infrastruktur obyektinin tikintisini götürək. Bu tikinti prosesi zamanı qum, daş, sement və digər materiallara ehtiyac yaranır. Həmin materialların bir hissəsi yerli zavodlarda istehsal olunur, bir hissəsi isə idxal edilir. Eyni zamanda layihənin həyata keçirilməsi üçün layihələndirmə, mühəndislik və digər xidmətlərə ehtiyac yaranır. Beləliklə, əsas layihə ilə yanaşı, əlaqəli sahələrdə də iqtisadi aktivlik formalaşır. Bunlar dolayı iqtisadi təsirlərdir”.

İqtisadçı qeyd edib ki, üçüncü istiqamət isə induksiya olunmuş təsirlərdir: “Bu təsirlər layihənin yaratdığı məşğulluq və gəlirlərin iqtisadiyyatda əlavə tələbat formalaşdırması ilə bağlıdır. Yəni dövlət tərəfindən maliyyələşdirilən layihə nəticəsində birbaşa iş yerləri yaradılır, eyni zamanda əlaqəli və yan sənayelərdə də məşğulluq artır. Həmin işçilərin əldə etdiyi gəlirlər sonradan istehlaka yönəlir və iqtisadi aktivliyi daha da genişləndirir. Bu təsirləri də hesablamaq mümkündür. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi hər 4-5 ildən bir sahələrarası balansı əks etdirən hesabat cədvəli dərc edir. Bu hesabat iqtisadiyyatın müxtəlif sektorları arasında istehsal və xərclərin əlaqəsini, eləcə də sahələrarası iqtisadi münasibətləri qiymətləndirməyə imkan verir. Həmin məlumatlar əsasında ekonometrik təhlillər aparılır. İlk növbədə, texniki əmsallar matrisi hazırlanır. Daha sonra bu matrisdən istifadə etməklə iqtisadiyyatın müxtəlif sektorları arasındakı multiplikativ effektlər hesablanır. Bu zaman aralıq istehlak, sahələrarası balans və vahid matrislər nəzərə alınır. Həmçinin iqtisadiyyatda sahələrarası əlaqələrin qiymətləndirilməsi üçün Leontyev tərs matrisi tətbiq edilir. Bütün bu hesablamaların nəticəsində layihələrin iqtisadiyyata yaratdığı birbaşa, dolayı və induksiya olunmuş multiplikativ təsirləri müəyyənləşdirmək mümkündür. Yəni əslində, bu mexanizmi tətbiq etmək mümkündür. Lakin bunun üçün geniş məlumat bazası tələb olunur. Xüsusilə layihələrə ayrılacaq vəsaitlərin yönəldiyi sektorlar üzrə məlumatlar, həm makroiqtisadi, həm də spesifik mikroiqtisadi göstəricilər olmalıdır. Mənim sonuncu dəfə bu məsələ ilə maraqlandığım vaxt əldə etdiyim məlumata görə, Dövlət Statistika Komitəsi müvafiq sahələrarası balans hesabatını sonuncu dəfə 2021-ci ildə dərc edib. Beşillik dövr nəzərə alınarsa, növbəti hesabatın 2026-2027-ci illərdə yayımlanması gözlənilir. Həmin sahələrarası balans məlumatlarından istifadə etməklə növbəti illərdə həyata keçiriləcək investisiyaların, istər özəl biznes, istərsə də dövlət tərəfindən maliyyələşdirilən layihələrin ölkənin makroiqtisadi strukturuna təsirini hesablamaq mümkündür. Buraya büdcədən ayrılan məqsədli vəsaitlər də daxildir. Beləliklə, bütün bu investisiyaların iqtisadiyyata birbaşa, dolayı və induksiya olunmuş təsirləri qiymətləndirilə bilər. Son dövrlərdə özəl şirkətlər də bu istiqamətdə müəyyən araşdırmalar aparırlar. Məsələn, “Trendyol” və “McDonald’s”ın Azərbaycandakı filialı öz fəaliyyətlərinin iqtisadi təsirini qiymətləndirmək məqsədilə müvafiq hesabatlar hazırlayıblar. Bu hesabatlarda şirkətlərin yatırdığı investisiyalar nəticəsində ölkədə nə qədər vergi və gömrük daxilolmalarının, digər fiskal gəlirlərin formalaşdığı, hansı yan və əlaqəli sənaye sahələrinin inkişaf etdiyi, eləcə də məşğulluğa nə dərəcədə töhfə verildiyi araşdırılır. Burada yalnız şirkətlərin özlərinin yaratdığı iş yerləri deyil, onların fəaliyyəti nəticəsində əlaqəli sahələrdə və yan sənayelərdə yaranan məşğulluq da nəzərə alınır”.
Ayhan
17:35 17.11.2026
Oxunuş sayı: 90