Lift xarabdır, əlillər isə çarəsiz: AAYDA-nın həlli xaricdən detal gözləməkdir?
Bakı şəhərinin Nəsimi rayonunda Şamaxinka ərazisində yerüstü piyada
keçidində quraşdırılan liftlərin aylardır işləməməsi ilə bağlı narazılıq var.
Bu barədə Crossmedia.az-ın qaynar xəttinə şikayət daxil olub.
Belə ki, şikayətçi yerüstü piyada keçidinin liftinin aylardır fəaliyyət
göstərmədiyini bildirib. Buna baxmayaraq, problemin aradan qaldırılması
istiqamətində heç bir nəticə yoxdur. Vətəndaş Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyinin üzərinə düşən vəzifəni yerinə yetirmədiyini, nasazlığın bu
qədər müddət ərzində həll olunmamasının insanları ciddi çətinliklərlə üz-üzə
qoyduğunu qeyd edib.
Aidiyyəti qurumun məsuliyyətsizliyini və şəhər infrastrukturunda əlçatanlıq
probleminə münasibəti gündəmə gətirir. Əlilliyi olan şəxslər, yaşlılar və uşaq
arabası ilə hərəkət edən valideynlər üçün nəzərdə tutulan lift işləmirsə, belə
bir qurğunun orada quraşdırılmasının nə mənası var?
Əslində, söhbət sadəcə işləməyən bir liftdən getmir. Söhbət hərəkət
imkanları məhdud olan insanların şəhərdə sərbəst hərəkət etmək hüququndan
gedir. Sağlam insan pilləkənlərlə keçidi rahatlıqla adlaya bilər. Bəs əlil arabasında
olan şəxs nə etməlidir? Yolun o biri tərəfinə keçmək üçün kiminsə onu qucağına
almasını gözləməlidir? Yaxud hər dəfə ailə üzvünün, tanışının köməyinə möhtac
qalmalıdır?
Şikayətçinin sözlərinə görə, əlil arabasında olan 70-80 kiloqram çəkili
şəxsi qucağa alıb pilləkənlərlə daşımaq mümkün deyil. Bu, həm fiziki baxımdan
son dərəcə çətin, həm də təhlükəli vəziyyətdir. Üstəlik, yaşlı insanlar,
azyaşlı uşaqlar və uşaq arabası ilə hərəkət edən valideynlər də eyni problemdən
əziyyət çəkirlər.
Liftin üzərində əlilliyi olan şəxslər üçün nəzərdə tutulduğunu göstərən
xüsusi nişanın var. Yəni lift bu şəxslər üçün nəzərdə tutulub. Lakin sadəcə
nəzərdə tutulub. Belə çıxır ki, əlilliyi olan şəxslər üçün əlçatanlıq yalnız
nişan üzərində təmin edilib, real həyatda isə unudulub.
Məsələ ilə bağlı sözügedən əraziyə yollandıq. Müşahidələrimiz zamanı məlum
oldu ki, keçiddə 3 lift təşkil olunub. Lakin onlardan yalnız 1- işləyir. Bu da
piyadaların rahat hərəkətinə mane olur. Piyadalar bildirir ki, lift düzələndə
9-10 gün işləyir, 9-10 ay isə işləmir.
Bəs AAYDA bu müddət ərzində hara baxır? Liftin nasazlığından xəbərsizdir,
yoxsa problem qurumun gündəliyində prioritet hesab edilmir? Əgər bu
infrastruktur insanların rahat və təhlükəsiz hərəkəti üçün yaradılıbsa, onun
aylarla işləməməsinə necə göz yumulur?
Dövlət vəsaiti hesabına quraşdırılan liftin fəaliyyətsiz qalması təkcə
texniki nasazlıq deyil, həm də ictimai vəsaitin təyinatı üzrə istifadəsi və
infrastrukturun saxlanılması ilə bağlı məsuliyyət məsələsidir. Lift
quraşdırmaqla vəzifə bitmir. Onun işlək vəziyyətdə saxlanılması da həmin quruma
düşən öhdəlikdir.
Bu barədə Crossmedia.az-ın sorğusuna AAYDA-dan cavab olaraq bildirilib ki, qeyd
olunan ərazidə yaranmış problemdən məlumatlıdırlar:
“Aparılmış baxış zamanı liftin fəaliyyətinin bərpası üçün müvafiq ehtiyat
hissəsinin dəyişdirilməsinə ehtiyac olduğu müəyyən edilib. Zəruri ehtiyat
hissəsinin xaricdən sifarişi həyata keçirilir.
Hazırda bu istiqamətdə müvafiq işlər aparılır. Ehtiyat hissəsi ölkəyə
gətirildikdən sonra quraşdırılacaq və liftin yenidən istismara verilməsi təmin
ediləcək”.
Məhəbbət Tərlanoğlu
20:00 17.11.2026
Oxunuş sayı: 45