Beyin mərkəzləri Orta Dəhliz və Lapis Lazuli marşrutunun uzlaşdırılmasını müzakirə ediblər
Noyabrın 17- də Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və Əfqanıstan Strateji Araşdırmalar Mərkəzinin (CSS) birgə təşkilatçılığı ilə “Trans-Avrasiya Tranzit və Ticarət Marşrutlarının Strateji Yaxınlaşması: Əlaqəlilik və Davamlı İnkişaf” mövzusunda dəyirmi masa keçirilib.
Crossmedia.az xəbər verir ki, Azərbaycan və Əfqanıstanın beyin mərkəzləri arasında ilk dəfə belə formatda təşkil olunan birgə tədbir çərçivəsində iki ölkənin müvafiq qurumlarının, beyin mərkəzlərinin və ekspert ictimaiyyətinin nümayəndələri regional nəqliyyat bağlantıları, iqtisadi əməkdaşlıq, münaqişədən sonrakı bərpa və dayanıqlı inkişaf məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar.
BMTMM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Azərbaycan və Əfqanıstan arasında dərin tarixi köklərə malik münasibətlərin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın və regional nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı əhəmiyyətlidir. O, Azərbaycanın Əfqanıstanın suverenliyini və müstəqil qərarvermə hüququnu dəstəklədiyini, təhsil və təqaüd proqramları vasitəsilə ölkənin inkişafına töhfə verməyə çalışdığını vurğulayıb. Həmçinin BMTMM ilə CSS arasında əməkdaşlığın regional dialoqun gücləndirilməsinə və gələcək birgə layihələrin həyata keçirilməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.
CSS-in baş direktoru Əbdül Hai Qanit Əfqanıstanın Azərbaycanı regional siyasətdə mühüm tərəfdaş hesab etdiyini və ölkəsinin ikitərəfli siyasi, iqtisadi və diplomatik əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib. O, çıxışında Azərbaycanın Kabildə səfirlik açmasının, ticarət və investisiya əlaqələrinin inkişafının, eləcə də Lapis Lazuli dəhlizi vasitəsilə nəqliyyat bağlantılarının gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin regional əməkdaşlığın, qarşılıqlı etimadın və institusional əlaqələrin möhkəmləndirilməsinin hər iki ölkə üçün yeni imkanlar yaradacağı qeyd edilib.
Fərid Şəfiyevin moderatorluğu ilə keçirilən “Orta Dəhliz və Lapis Lazuli Dəhlizinin uzlaşdırılması” mövzusunda birinci paneldə CSS-in Regional Əlaqəlilik və İqtisadi Əməkdaşlıq üzrə tədqiqatçısı Obaidullah Yaqoobi “Dəhlizlərin uzlaşdırılmasının təmin edilməsi: kommersiya baxımından etibarlı və strateji cəhətdən səmərəli nəqliyyat əlaqələrinin qurulması” mövzusunda çıxış edib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Strateji Kommunikasiya üzrə baş müşaviri Fuad Şahbazov “Avrasiyada əlaqələndirmə, sülhün qurulması: Azərbaycanın TRIPP və regional əməkdaşlıq üzrə strateji baxışı”, BMTMM-in baş məsləhətçisi Roza Bayramlı isə “Əfqanıstanın Avrasiya nəqliyyat əlaqələrində rolu: Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığı üçün imkanlar” mövzularında təqdimatlar ediblər. Müzakirələr zamanı Orta Dəhliz və Lapis Lazuli Dəhlizinin vahid regional nəqliyyat və logistika şəbəkəsinin mühüm elementləri kimi inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, bu marşrutların uzlaşdırılması Əfqanıstanın beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsinə, Azərbaycanın tranzit potensialının artırılmasına, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında ticarət əlaqələrinin dərinləşdirilməsinə mühüm töhfə verə bilər. Həmçinin nəqliyyat infrastrukturunun əlaqələndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, logistika əməliyyatlarının səmərəliliyinin artırılması və rəqəmsal həllərin tətbiqi məsələlərinə toxunulub
Əbdül Hai Qanitin moderatorluğu ilə keçirilən ikinci panel isə “Münaqişədən sonrakı bərpa və dayanıqlı inkişaf” mövzusuna həsr olunub. Əfqanıstan Xarici İşlər Nazirliyinin Beşinci Siyasi İdarəsinin direktoru Ghuncha Gul Arman “Təcrid şəraitində inkişaf yolu: 2021-ci ildən sonrakı Əfqanıstanda bərpa və inkişaf”, Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin (CSSC) baş elmi işçisi Eldar Həmzəli “Tarixi başlanğıc, perspektivli gələcək: Qarabağın yenidən qurulması”, BMTMM-in aparıcı məsləhətçisi Vüsal Quliyev isə “Rəqəmsallaşma və bağlantılar: Qarabağın regional inkişaf mərkəzinə çevrilməsi” mövzularında təqdimatlarla çıxış ediblər. Paneldə münaqişədən sonrakı bərpa prosesləri, infrastrukturun yenidən qurulması, iqtisadi inkişafın təmin edilməsi, rəqəmsallaşma və regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Əfqanıstanın 2021-ci ildən sonrakı inkişaf çağırışları ilə Azərbaycanın Qarabağda həyata keçirdiyi bərpa və yenidənqurma işləri müqayisəli müzakirə mövzusu olub. Bildirilib ki, dayanıqlı inkişafın təmin edilməsi üçün nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafı, rəqəmsal bağlantıların genişləndirilməsi və regional iqtisadi inteqrasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Müzakirə olunan məsələlərin praktiki aspektləri ilə yerində tanış olmaq məqsədilə Əfqanıstan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyətinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə - Şuşa, Ağdam, Xocalı və Füzuli şəhərlərinə səfəri nəzərdə tutulur.
17:43 17.11.2026
Oxunuş sayı: 86