Hakerlər 178 təşkilatın saytına sızmağa çalışdı: iPhone istifadəçiləri də risk altında
Dünyanın 178 böyük təşkilatının internet resursları kriptovalyuta və istifadəçi məlumatlarını oğurlamağa yönəlmiş kiberhücumun hədəfinə çevrilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi kibertəhlükəsizlik üzrə tədqiqatçı Skott Helmə istinadən məlumat yayıb.
Bildirilib ki, hücuma məruz qalan təşkilatlar arasında “Zoom”, “HSBC”, “Equifax”, “CNN”, “Salesforce” və “IKEA” kimi tanınmış şirkətlər də olub.
Məlumata görə, zərərli "Javascript" kodu saytların optimallaşdırılması üçün istifadə edilən “Optimizely” platforması vasitəsilə yayılıb. Kod 178 təşkilatın internet resurslarına daxil olan istifadəçiləri hədəfə alıb.
Hakerlər kriptovalyuta ilə ödəniş zamanı elektron pul kisələrinin ünvanlarını dəyişdirməyə, bank kartı məlumatlarını ələ keçirməyə, kuki fayllarını və ekran görüntülərini oğurlamağa çalışıblar. Bundan əlavə, iOS əməliyyat sistemi ilə işləyən Apple cihazlarına zərərli kod yerləşdirilməsi cəhdləri də qeydə alınıb.
“Reuters” agentliyi hücum edənlərin zərərli koddan nə dərəcədə uğurla istifadə etdiyini və bu cəhdlərin sistemlərin ələ keçirilməsi ilə nəticələnib-nəticələnmədiyini müəyyən edə bilmədiyini bildirib.
18:13 17.11.2026
Oxunuş sayı: 88