İranı silkələyən hadisə: Minlərlə insan eyni anda küçələrə çıxıb — İnternet kəsilib
İranda 13 neft işçisinin ölümü ilə nəticələnən qəzanın ardından başlayan etirazlar qısa müddətdə hakimiyyət əleyhinə nümayişlərə çevrilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin “Haberler.com” nəşri məlumat yayıb.
Bildirilib ki, noyabrın 14-də İlam vilayətinin Dehloran rayonunda NGL Dehloran neft və qaz şirkətinin əməkdaşlarını daşıyan avtobus aşıb. Hadisə nəticəsində 13 işçi həyatını itirib, 14-16 nəfər isə yaralanıb.
Qəzanın ardından ölən işçilər üçün ədalət tələb edən minlərlə insan noyabrın 17-də İlam vilayətinin Abdanan şəhərindəki Vəli Əsr meydanına toplaşıb.
Yerli mənbələrin və sosial şəbəkələrdə yayılan görüntülərin məlumatına görə, etirazçılar qısa müddətdə hökumət əleyhinə şüarlar səsləndirməyə başlayıblar. Nümayişçilər məsul şəxslərin istefasını tələb edib, Bəsic milislərinə məxsus plakatları endiriblər.
Şahidlərin və yerli mənbələrin bildirdiyinə görə, motosikletli təhlükəsizlik qüvvələri nümayişləri dağıtmaq üçün havaya atəş açıb və gözyaşardıcı qazdan istifadə edib.
Bununla yanaşı, şəhərdə internetə çıxışın ciddi şəkildə məhdudlaşdırıldığı bildirilib.
Məlumata əsasən, etirazlar əsasən Abdanan ətrafında müşahidə olunur. Lakin ölkənin qərbindəki İlam vilayətində baş verən hadisələr İranda ictimai narazılığın yenidən küçələrə daşdığını göstərir.
Qeyd edək ki, İranda bundan əvvəl də iqtisadi problemlər səbəbindən həftələrlə davam edən etiraz aksiyaları keçirilmişdi. ABŞ ilə hərbi qarşıdurma və iqtisadi çətinliklər isə ölkədəki sosial vəziyyəti daha da ağırlaşdırıb.
22:13 17.11.2026
Oxunuş sayı: 164