Pentaqondan Ukraynaya sərt mesaj: Müttəfiqlər etiraz etdi
ABŞ Müdafiə Nazirliyi Ukraynanın Rusiya ərazisinin dərinliklərinə endirdiyi zərbələrin müharibənin başa çatmasına kömək etmədiyini bəyan edib. Vaşinqton Kiyevin diqqətini cəbhə xəttindəki döyüşlərə yönəltməsini istəyir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
ABŞ müdafiə nazirinin müavini Elbrik Kolbi NATO-nun Brüsseldəki mənzil-qərargahında Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclasında danışıb.
Kolbinin sözlərinə görə, Ukraynanın Rusiyanın dərinliklərində yerləşən obyektlərə hücumları müharibənin sona çatmasına şərait yaratmadığı kimi, Rusiya ordusunun cəbhədəki irəliləyişini də dayandırmır.
O, xüsusilə mülki infrastruktura aid obyektlərin, o cümlədən Rusiyanın “Wildberries” onlayn ticarət platformasının hədəfə alınmasını tənqid edib. Kolbi hesab edir ki, bu cür hücumlar Rusiya cəmiyyətinin və Kreml rəhbərliyinin münaqişəni davam etdirmək əzmini daha da gücləndirə bilər.
Pentaqon rəsmisi bildirib ki, ABŞ Ukraynaya dəstəyin əsasən cəbhə xəttində istifadə olunan hərbi texnikaya, pilotsuz uçuş aparatlarına və orta mənzilli zərbə imkanlarına yönəldilməsini daha effektiv hesab edir.
Kolbi Ukrayna ordusunun dronlardan istifadə etməklə Rusiya qüvvələrinin irəliləyişini ləngitməkdə və təchizat xətlərinə zərbələr endirməkdə uğurlu olduğunu da vurğulayıb.
Bununla belə, ABŞ-nin mövqeyi NATO müttəfiqləri arasında birmənalı qarşılanmayıb. Almaniyanın müdafiə naziri Boris Pistorius Vaşinqtonun yanaşmasını tənqid edərək, Ukraynanın Rusiya ərazisindəki qeyri-hərbi hədəflərə zərbələrinin də müəyyən hallarda legitim ola biləcəyini bildirib.
Böyük Britaniyanın müdafiə naziri Con Hili isə uzaqmənzilli zərbələrin Rusiyanın hərbi imkanlarını zəiflətdiyini və Ukraynaya vaxt qazandırdığını qeyd edib.
23:58 17.11.2026
Oxunuş sayı: 36