İnanılmaz hadisə: Ailə 7 yaşlı uşağını təyyarədə unutdu
Braziliyada bir ailə 7 yaşlı uşağını təyyarədə unudaraq hava limanını tərk edib. Hadisə pilotun dispetçerə məlumat verməsindən sonra üzə çıxıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "DHA" agentliyi məlumat yayıb.
Hadisə noyabrın 14-də Braziliyanın Porto-Aleqre şəhərindəki Salqadu Filyu Beynəlxalq Hava Limanında baş verib.
San-Paulu şəhərinin Quarulhos Hava Limanından havaya qalxan LATAM aviaşirkətinə məxsus LA3420 reysi Porto-Aleqreyə enib.
Sərnişinlərin təyyarədən enməsi başa çatdıqdan təxminən 20 dəqiqə sonra kapitan pilot hava hərəkətini idarəetmə qülləsi ilə əlaqə saxlayıb. O, bir ailənin təyyarəni tərk edərkən 7 yaşlı uşağını salonda unutduğunu bildirib və təyyarəyə yerüstü xidmət əməkdaşının göndərilməsini istəyib.
Təhlükəsizlik qaydalarına görə, artıq hava limanının gəliş zonasına keçmiş valideynlərin təyyarəyə geri qayıtmasına icazə verilməyib.
Uşaq aviaşirkət əməkdaşlarının nəzarətinə götürülüb. Qohumluq əlaqəsi təsdiqləndikdən sonra təxminən 15 dəqiqə ərzində anasına təhvil verilib.
Aviaşirkət uşağın təhlükəsiz şəkildə ailəsinə qaytarıldığını təsdiqləyib.
Məlumatda ailənin uşağı hansı səbəbdən təyyarədə unutduğu açıqlanmayıb.
23:25 17.11.2026
Oxunuş sayı: 37