Aİ-nin qaz qadağası Slovakiyanı çıxılmaz vəziyyətə salıb
Slovakiya Rusiyadan qaz tədarükünü dayandıracağı təqdirdə hüquqi və maliyyə problemləri ilə üzləşə biləcəyindən narahatdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Slovakiya parlamentinin sədr müavini Tibor Qaşpar RİA Novosti-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Bratislava Rusiyanın qaz şirkəti ilə 2034-cü ilə qədər qüvvədə olan müqavilənin gələcək taleyini hələ də tam müəyyənləşdirə bilməyib.
Qaşpar qeyd edib ki, Avropa İttifaqının tələblərinə uyğun olaraq Rusiya qazının idxalının dayandırılması Slovakiyanı müqavilə öhdəliklərini yerinə yetirməmək səbəbindən mümkün məhkəmə iddiaları ilə üz-üzə qoya bilər.
Məsələ oktyabrın 26-da Moskvada keçirilən Slovakiya-Rusiya hökumətlərarası komissiyasının iclasında da müzakirə olunub. Lakin tərəflər arasında aparılan danışıqlar problemin həllinə imkan verməyib.
Avropa İttifaqının planına əsasən, 2027-ci ildən Rusiya mənşəli enerji resurslarının idxalına mərhələli şəkildə son qoyulmalıdır. Boru kəməri ilə təbii qaz tədarükünün isə həmin ilin payızında dayandırılması nəzərdə tutulur.
Xatırladaq ki, Slovakiya Rusiyadan qaz idxalına qoyulacaq qadağaya qarşı Avropa İttifaqı Məhkəməsinə də müraciət edib.
23:32 17.11.2026
Oxunuş sayı: 38