Şengen vizasında yeni qayda: Danimarka müraciət sistemini dəyişdi
Danimarka Türkiyədən edilən turistik Şengen vizası müraciətləri ilə bağlı yeni sistem tətbiq etməyə başlayır. Yeni qaydaya əsasən, müraciətçilər növbə gözlədikləri müddətdə pasportlarını özlərində saxlaya biləcəklər.
Crossmedia.az xəbər verir ki, Danimarkanın Ankaradakı səfirliyi müraciətlərin sayının artması səbəbindən müvəqqəti gözləmə siyahısı sisteminə keçildiyini açıqlayıb.
Yeni sistemlə viza müraciətlərinin səfirliyə təqdim edildikdən sonra 15 təqvim günü ərzində nəzərdən keçirilməsi hədəflənir. Əlavə araşdırma tələb edən və ya Danimarka Miqrasiya İdarəsinə göndərilən müraciətlərdə isə bu müddət 45 günə qədər uzana bilər.
Dəyişikliyin əsas yeniliklərindən biri pasportların təhvil verilməsi ilə bağlıdır. Belə ki, müraciətçinin növbəsi çatana və sənədlər qəbul edilməyə hazır olana qədər pasportu özündə qalacaq. Sənəd yalnız təyin olunmuş görüş günü təqdim ediləcək.
Viza rüsumunun geri qaytarılması mümkün olacaq
Səyahət planından imtina edən şəxslər üçün də yeni imkan nəzərdə tutulub. Gözləmə siyahısında olan və müraciəti hələ səfirlik tərəfindən icraata qəbul edilməyən şəxslər ərizələrini ləğv edərək ödədikləri viza rüsumunun geri qaytarılmasını tələb edə biləcəklər.
Müraciət prosesi necə olacaq?
Yeni sistem beş mərhələdən ibarətdir:
1. Danimarka Xarici İşlər Nazirliyinin "ApplyVisa" portalında hesab yaradılmalı, ərizə doldurulmalı və 90 avro viza rüsumu ödənilməlidir.
2. Ödənişdən sonra yaradılan, müraciət nömrəsi olan qəbz çap edilərək imzalanmalıdır.
3. Həmin nömrə vasitəsilə VFS Global-ın Türkiyə üzrə internet səhifəsində gözləmə siyahısına qeydiyyatdan keçilməlidir.
4. Müraciət icraata qəbul edilməyə hazır olduqda bildiriş göndəriləcək. Bundan sonra 48 saat ərzində görüş təyin etmək və prosesi davam etdirmək təsdiqlənməlidir.
5. Təyin olunmuş görüşdə pasport və digər tələb olunan sənədlər təqdim edilməlidir.
Qeyd edək ki, yeni qayda bütün Şengen vizalarına şamil edilmir. Müvəqqəti gözləmə siyahısı sistemi yalnız turizm məqsədilə Danimarkaya səfər etmək istəyən və Türkiyədən müraciət edən şəxsləri əhatə edir. Digər viza kateqoriyaları əvvəlki qaydada rəsmiləşdiriləcək.
23:50 17.11.2026
Oxunuş sayı: 44