“Məhşər divanı” tamaşasının premyerası olub
Noyabrın 10-da Heydər Əliyev Sarayında yazıçı Adəm İsmayıl Bakuvinin müəllifi olduğu “Məhşər divanı” tamaşasının premyerası baş tutub.
Crossmedia.az xəbər verir ki, tamaşanın əsas rollarını teatr və kino mədəniyyətimizin inkişafında xidmətləri olan incəsənət xadimləri canlandırıb. "Məhşər divanı” tamaşası öz mövzusu, ideya istiqaməti və qaldırdığı mənəvi-ictimai məsələlərlə diqqət çəkib. Adəm İsmayıl Bakuvinin müəllifi olduğu tarixi-detektiv janrlı səhnə əsəri tamaşaçıları Azərbaycanın tarixi yaddaşına, xalqımızın yaşadığı ağrılı hadisələrə və tarix qarşısında məsuliyyət anlayışına yenidən nəzər salmağa dəvət edib.

Tamaşanın əsas ideya xəttini tarixi hadisələrin bədii müstəvidə mühakiməsi, ədalətin axtarışı və milli yaddaşın qorunması təşkil edir. Əsərin adından da göründüyü kimi, burada adi məhkəmə prosesindən deyil, tarixin, vicdanın və mənəvi məsuliyyətin qarşı-qarşıya gəldiyi simvolik bir mühakimədən söhbət gedir. Bu baxımdan “Məhşər divanı” yalnız teatr səhnəsində nümayiş etdirilən bədii əsər deyil, həm də keçmişlə bu gün arasında mənəvi əlaqə yaradan bir sənət nümunəsidir.
Tamaşada Mixail Qorbaçov, Əbdürrəhman Vəzirov, Robert Köçəryan, Zori Balayan və Kim Kardaşyan kimi adların yer alması əsərin ictimai-siyasi məzmununu daha da genişləndirir. Bu obrazlar və adlar vasitəsilə Azərbaycan xalqının tarixi təcrübəsi, üzləşdiyi faciələr, milli maraqlar və tarixi ədalət məsələləri diqqət mərkəzinə gətirilir.
Tamaşada xüsusilə XX əsrin sonlarında ölkəmizin üzləşdiyi siyasi proseslər, 20 Yanvar faciəsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqlarımızın işğalı və xalqımızın məcburi köçkünlük həyatı işıqlandırılıb.
Qeyd edək ki, tamaşa Adəm İsmayıl Bakuvinin müəllifi olduğu “Məhşər divanı: Yalanın 17 anı” kitabı əsasında səhnələşdirilib.
21:10 10.11.2026
Oxunuş sayı: 14