“Microsoft”da qlobal nasazlıq – Qurumlar faks aparatlarına qayıtdı
"Microsoft"un xidmətlərində baş verən qlobal texniki nasazlıq dünyanın müxtəlif ölkələrində dövlət qurumlarının, xəstəxanaların, maliyyə təşkilatlarının və iri şirkətlərin fəaliyyətinə təsir göstərib. Bəzi müəssisələr işlərini davam etdirmək üçün kağız sənədlərə və faks aparatlarına müraciət etməli olublar.
Crossmedia.az xəbər verir ki, "Reuters" agentliyi bu barədə məlumat yayıb.
Böyük Britaniyada nasazlıq Milli Səhiyyə Xidmətinin (NHS) və London polisinin fəaliyyətində çətinliklər yaradıb. Elektron poçt xidmətində yaranan problemlər səbəbindən polis bəzi cinayətlər barədə onlayn məlumatları qeydiyyata almaqda çətinlik çəkib. Bununla belə, təcili çağırışlara reaksiya verilməsində fasilə yaranmayıb.
Tibb müəssisələri isə alternativ informasiya sistemlərindən və kağız sənədlərdən istifadə etməyə başlayıblar.
Nasazlıq maliyyə sektoruna da təsir göstərib. Avropanın birja operatoru "Euronext" elektron poçt xidmətində fasilələr olduğunu açıqlayıb. Tayvanda maliyyə şirkətlərindən biri istiqrazların geri alınması əməliyyatını ləğv edib, digəri isə birja əməliyyatlarını təsdiqləmək üçün faksdan istifadə edib.
Hindistanın "IndiGo", "Akasa Air" və "Air India" aviaşirkətləri müştərilərə elektron dəstək xidmətlərində problemlər yarandığını bildiriblər.
"OpenAI" və "Anthropic" şirkətlərinin "Microsoft" xidmətləri ilə inteqrasiyasında da fasilələr qeydə alınıb.
Avstraliyada federal polis və kəşfiyyat qurumu nasazlıqdan təsirlənib. İsveçrənin "Richemont" şirkəti maliyyə nəticələrinin açıqlanmasını qısa müddətə təxirə salıb, Böyük Britaniyanın "Aviva" sığorta şirkəti isə ehtiyat sistemlərini işə salıb.
"Microsoft" hadisənin serverlərlə bağlı texniki problemlərdən qaynaqlandığını, kiberhücum əlamətlərinin isə aşkarlanmadığını açıqlayıb.
15:22 14.11.2026
Oxunuş sayı: 129