Donald Tusk prezidentlə danışıqlardan imtina edib
Polşanın Baş naziri Donald Tusk ölkədə Konstitusiya Tribunalı ətrafında yaranmış böhranın artıq həll olunduğunu bildirərək Prezident Karol Navrotskinin təşəbbüsü ilə keçiriləcək siyasi məsləhətləşmələrdə iştirakdan imtina edib.
Crossmedia.az xəbər verir ki, "Anadolu" agentliyi bu barədə məlumat yayıb.
Tusk noyabrın 13-də Dublində keçirilən Avropa sammitindən sonra jurnalistlərə açıqlamasında Konstitusiya Tribunalı ilə bağlı məsələnin həll edildiyini bildirib.
Baş nazir qeyd edib ki, prezident və müxalifət partiyaları yeni qaydaları qəbul etməsələr də, məhkəmə artıq fəaliyyətini bərpa edib və normal iş rejiminə qayıtmaq istiqamətində irəliləyir.
Prezident Karol Navrotski isə noyabrın 16-da Varşavadakı Belveder sarayında parlamentdə təmsil olunan siyasi qüvvələrin nümayəndələri ilə məsləhətləşmələrin keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Hakim koalisiyaya daxil olan "Vətəndaş Koalisiyası" və "Sol" partiyaları görüşdə iştirak etməyəcəklərini açıqlayıblar. Digər siyasi qüvvələrin, o cümlədən müxalifətdəki "Hüquq və Ədalət" (PiS) partiyasının nümayəndələri isə danışıqlara qatılmağa hazır olduqlarını bildiriblər.
Xatırladaq ki, oktyabrın 30-da Konstitusiya Tribunalının rəhbərliyi ilə bağlı mübahisəli qərarlardan sonra məhkəmənin Varşavadakı binasına polis qüvvələri yerləşdirilib.
Tribunalın sədri Boqdan Şventçkovski və onun müavini Bartlomey Soxanski vəzifələrindən müvəqqəti uzaqlaşdırılmaları barədə qərarı tanımayıblar. Bundan sonra hakim Anna Korvin-Piotrovska qurumun idarəçiliyini üzərinə götürüb.
Şventçkovski noyabrın 12-də məhkəmənin binasına qayıtmağa cəhd etsə də, içəri buraxılmayıb.
Polşada yaranmış qarşıdurma hökumətlə prezident arasında məhkəmə hakimiyyətinin idarə olunması, hakim təyinatları və məhkəmə islahatları ilə bağlı fikir ayrılıqlarının davam etdiyini göstərir.
15:06 14.11.2026
Oxunuş sayı: 121