Avropalıların 71 faizi vahid Aİ ordusunun yaradılmasını dəstəkləyir
Avropa İttifaqının (Aİ) 11 üzv ölkəsində aparılan sorğuya əsasən, respondentlərin 71 faizi vahid Avropa ordusunun yaradılmasını, 61 faizi isə müdafiə xərclərinin artırılmasını dəstəkləyir.
Crossmedia.az xəbər verir ki, "GLOBSEC" analitik mərkəzi bu barədə məlumat yayıb.
Araşdırmaya əsasən, vahid Avropa ordusunun yaradılmasına ən yüksək dəstək Rumıniyada (82 faiz), Litvada (78 faiz) və Fransada (75 faiz) qeydə alınıb.
Polşa və Bolqarıstanda respondentlərin 70 faizi, Almaniyada isə 69 faizi bu təşəbbüsü dəstəkləyib.
Sorğuda iştirak edən Aİ ölkələrinin respondentlərinin 78 faizi Avropanın NATO ilə yanaşı, öz müdafiə imkanlarını da inkişaf etdirməsinin tərəfdarı olduğunu bildirib.
Bununla yanaşı, müdafiə xərclərinin artırılmasına dəstək sosial təminat və səhiyyə xərclərinin azaldılması şərti ilə 61 faizdən 44 faizə düşüb.
Araşdırma 11 Aİ üzvü, həmçinin ABŞ, Böyük Britaniya və Ukrayna daxil olmaqla 14 ölkəni əhatə edib.
Nəticələr Avropada müdafiə sahəsində müstəqilliyin artırılmasına marağın gücləndiyini göstərir.
14:55 14.11.2026
Oxunuş sayı: 115