Misirdə 18 milyon il əvvələ aid insanabənzər meymun növü aşkarlanıb
Misirdə təxminən 18 milyon il əvvələ aid insanabənzər meymun fosilinin aşkarlanması bu canlıların təkamül tarixində Şimali Afrikanın rolunun əvvəllər düşünüldüyündən daha əhəmiyyətli ola biləcəyini göstərir.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.
Mansura Universitetinin Onurğalılar Paleontologiyası Mərkəzinin alimləri Misirdə aşkar edilən fosillərin əvvəllər elmə məlum olmayan meymun növünə aid olduğunu müəyyənləşdiriblər. “Masripithecus moghraensis” adlandırılan bu növün təxminən 17–18 milyon il əvvəl, erkən Miosen dövründə yaşadığı ehtimal edilir.
Fosillər Misirin Vadi-Moqra ərazisində aparılan qazıntılar zamanı tapılıb. Alimlərin fikrincə, bu, Şimali Afrikada aşkarlanaraq növ səviyyəsində etibarlı şəkildə müəyyənləşdirilən ilk qədim insanabənzər meymun nümunəsidir.
Qazıntılar zamanı yalnız çənə sümükləri aşkar edilsə də, onların anatomik xüsusiyyətləri alimlərin diqqətini çəkib. Xüsusilə iri köpək dişi, dairəvi çeynəmə səthlərinə və fərqli quruluşa malik azı dişləri bu növü həmin dövrdə yaşamış digər primatlardan fərqləndirib.
Tədqiqat müəlliflərindən biri Şoruk Əl-Əşkarın sözlərinə görə, dişlərin quruluşu bu heyvanın əsasən meyvələrlə qidalandığını, lakin ehtiyac yarandıqda qoz-fındıq və toxum kimi daha sərt qidaları da yeyə bildiyini göstərir.
Alimin fikrincə, qidalanma baxımından bu çeviklik Şimali Afrika və Ərəbistan yarımadasında iqlim dəyişikliklərinin mövsümiliyi artırdığı dövrdə növün yaşamasına kömək etmiş ola bilər.
İndiyədək erkən insanabənzər meymunların və onların yaxın qohumlarının əsasən Afrikanın cənub bölgələrində yaşadığı düşünülürdü. Şimali Afrikada erkən Miosen dövrünə aid qədim meymun fosilləri tapılsa da, həmin dövrdə bu ərazidə insanabənzər meymunların mövcudluğunu təsdiqləyən inandırıcı sübutlar yox idi.
Yeni tapıntı müasir insanabənzər meymunların təkamül köklərinin yalnız Şərqi Afrikada və ona yaxın ərazilərdə axtarılması ilə bağlı əvvəlki yanaşmaları sual altına alır. Tədqiqatçılar Şimali Afrika və Yaxın Şərqin müasir insanabənzər meymunların ortaq əcdadının formalaşdığı coğrafi ərazilərdən biri ola biləcəyini ehtimal edirlər.
Qeyd edək ki, alimlər Sibir ərazisindəki Denisova mağarasında da buz dövründə yaşamış, müasir yaklarla qohum olan əvvəllər naməlum heyvan növünün qalıqlarını aşkarlayıblar. Tədqiqat zamanı 20 kiçik sümük parçasından qədim genomlar bərpa edilib. Onlardan 14-ü Denisova mağarasında, digər altısı isə bölgənin başqa ərazilərində tapılıb.
03:03 03.11.2026
Oxunuş sayı: 38