Yunus Əmrənin indiyədək bilinməyən 9 şeiri aşkarlanıb
Türkiyədə XIII əsr türk sufi və xalq şairi Yunus Əmrənin divanının indiyədək yeri məlum olmayan yeni əlyazma nüsxəsi aşkarlanıb. Nüsxədə şairə aid olduğu müəyyənləşdirilən, əvvəlki əlyazmalarda rast gəlinməyən 9 şeir də yer alır.
Crossmedia.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
“Türk Yurdu nüsxəsi” adlandırılan əlyazma professor M. Fatih Köksal tərəfindən müəyyən edilib. Professor Gülər Doğan Averbek və onun komandası tərəfindən araşdırılaraq nəşrə hazırlanır.
Əlyazmada ümumilikdə 125 şeir var. Onlardan 113-ü Yunus Əmrəyə, qalanları isə Aşıq Paşa, Səid Əmrə və Kayğusuz Abdala məxsusdur. Yunus Əmrəyə aid 9 şeir isə indiyədək məlum olan digər erkən və sonrakı əlyazma nüsxələrində qeydə alınmayıb.
Digər 104 şeir də mövcud qədim və etibarlı əlyazmalarla müqayisə baxımından tədqiqatçılar üçün əhəmiyyət daşıyır. Beləliklə, yeni nüsxə Yunus Əmrənin yaradıcılığının öyrənilməsi üçün əlavə mənbə rolunu oynayacaq.
Professor Gülər Doğan Averbekin sözlərinə görə, Yunus Əmrənin əsərlərinin araşdırılmasında indiyədək məhdud sayda əlyazma etibarlı və qədim mənbə kimi qəbul edilib. “Türk Yurdu nüsxəsi”nin də bu siyahıya əlavə olunması ədəbiyyat tarixində mühüm hadisədir.
Əlyazmanın izinə 1966-cı ildə “Türk Yurdu” jurnalında dərc olunan müsahibə vasitəsilə düşülüb. Həmin müsahibədə son dövrün kitab və əlyazma kolleksiyaçılarından Raif Yelkənçi dağınıq vərəqlər şəklində olan Yunus Əmrə şeirlərindən bəhs edib və onlardan birinin görüntüsünü təqdim edib.
İllər sonra Yelkənçinin sənədlərini araşdıran Averbek əlyazmadakı “Yunus Əmrə fərmayəd” başlıqlarına diqqət yetirib. Əlyazmanın mövcudluğu professor M. Fatih Köksalın 2025-ci ildə elmi məruzə ilə bu barədə məlumat verməsindən sonra elmi ictimaiyyətə məlum olub.
Əlyazmanın Süleymaniyyə Əlyazma Əsərləri Kitabxanasına çatdırılmasında son dövrün bukinisti Mövlud Ceylanın da rolu olub. Professor Gülər Doğan Averbek professor M. Fatih Köksalın dəstəyi ilə doktorantları ilə birlikdə əsəri nəşrə hazırlayıb. Kitabın yaxın vaxtlarda oxuculara təqdim olunması gözlənilir.
23:26 02.11.2026
Oxunuş sayı: 57