Tramp Maskı əfv edə biləcəyini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının Konqresdə nəzarəti ələ alacağı təqdirdə, Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) keçmiş rəhbəri İlon Maskı və onun yaxın köməkçilərini əvvəlcədən əfv etməyə hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə "New York Post qəzetinin Pod Force One podkastında danışıb. O, jurnalist Miranda Devaynın demokratların “SpaceX” şirkətini milliləşdirməyə çalışa biləcəyi ilə bağlı fikrini qəbul etməyib. Bununla belə, zərurət yaranacağı təqdirdə Maskı və onun yaxın ətrafını qorumağa hazır olduğunu vurğulayıb.
Əvvəlcədən əfv qərarı verib-verməyəcəyi ilə bağlı suala Tramp müsbət cavab verib və buna ehtiyac yaranarsa, müvafiq addım atacağını bildirib.
Qeyd edək ki, ABŞ-də aralıq seçkiləri noyabrın 3-də keçiriləcək. Seçkilərdə Nümayəndələr Palatasının bütün üzvləri, Senatın təxminən üçdə biri, eləcə də 36 ştat və ərazinin qubernatorları seçiləcək. Hazırda Konqresin hər iki palatasına Respublikaçılar Partiyası nəzarət edir.
21:15 02.11.2026
Oxunuş sayı: 62