Nyu-York polisi müsadirə edilən minlərlə qanunsuz silahı əridib
Nyu-York polisi küçələrdən müsadirə edilən minlərlə qanunsuz silahın əridilərək məhv edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə şəhər polisinin “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.
Polisin paylaşımında bildirilib ki, müsadirə olunan silahlar yenidən istifadə edilə bilməməsi və insanlara zərər vurmaması üçün əridilir.
Qurum bu prosesin əks olunduğu videonu da yayımlayıb. Kadrlarda bir neçə qutu silahın ərimiş metal olan böyük qaba töküldüyü görünür.
Qeyd edək ki, Nyu-York polisi müsadirə edilmiş qanunsuz vasitələrin məhv edilməsi ilə bağlı əvvəllər də oxşar görüntülər yayıb. May ayında hüquq-mühafizə orqanları müsadirə olunan qanunsuz moped və skuterləri buldozerlərlə əzərək sıradan çıxarıb.
23:30 02.11.2026
Oxunuş sayı: 57