Rusiya Avropa Konvensiyasından rəsmən çıxdı
Rusiya Federasiyası işgəncələrin qarşısının alınması ilə bağlı Avropa Konvensiyasından rəsmən çıxıb.
Crossmedia.az xəbər verir ki, Avropa Şurasının mətbuat xidməti bu barədə məlumat yayıb.
Müvafiq qərar noyabrın 1-də qüvvəyə minib. Rusiya hakimiyyəti konvensiyanın denonsasiyası ilə bağlı Avropa Şurasına 2025-ci il oktyabrın 30-da bildiriş göndərib. Sənədin 22-ci maddəsinə əsasən, konvensiyadan çıxmaq barədə qərar müvafiq bildiriş təqdim edildikdən bir il sonra qüvvəyə minir.
2025-ci il sentyabrın 29-da Rusiya Prezidenti Vladimir Putin ölkənin Avropa Konvensiyasından çıxmasını təsdiqləyib. Dövlət başçısının imzaladığı qanun 1987-ci il noyabrın 26-da qəbul edilmiş İşgəncələrin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması haqqında Avropa Konvensiyasını, eləcə də onun 1993-cü il noyabrın 4-də qəbul edilmiş 1 və 2 saylı protokollarını denonsasiya edib.
Rusiya Federasiyası 1998-ci ildən həmin konvensiyanın iştirakçısı idi.
23:48 02.11.2026
Oxunuş sayı: 46