İndoneziya Rusiyaya etirazını diplomatik kanallarla çatdırıb
İndoneziya hökuməti Rusiyadan öz vətəndaşlarının Ukraynaya qarşı müharibədə iştirak etmək üçün orduya cəlb edilməsini dayandırmağı tələb edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İndoneziyanın “Antara” xəbər agentliyi məlumat yayıb.
İndoneziya Xarici İşlər Nazirliyinin sözçüsü İvonna Mevenqkanq bildirib ki, ölkəsi diplomatik kanallar vasitəsilə Rusiya hökumətinə rəsmi müraciət göndərib. Müraciətdə İndoneziya vətəndaşlarının Rusiyanın ordusuna və ya hərbi fəaliyyətlə əlaqəli digər birləşmələrə hər hansı üsulla cəlb edilməsinin qarşısını almaq üçün zəruri tədbirlərin görülməsi istənilib.
Sözçünün sözlərinə görə, Rusiyanın istifadə etdiyi cəlbetmə üsulları insan alverini xatırladır.
İndoneziya hökuməti, həmçinin vətəndaşlarının bütün kanallar vasitəsilə Rusiya ordusuna rəsmi çağırışdan azad edildiyi ölkələr siyahısına daxil olunmasını istəyib.
Bununla yanaşı, İndoneziyanın Rusiyadakı səfirliyi ölkə vətəndaşının cəbhədə həlak olması barədə məlumatı araşdırır. Hazırda həmin şəxsin kimliyi və statusu dəqiqləşdirilir.
İndoneziya hökuməti vətəndaşlarını xaricdə iş təklifləri ilə bağlı məlumatları diqqətlə yoxlamağa, yüksək məbləğli müqavilələr vədlərinə aldanmamağa çağırıb.
23:11 02.11.2026
Oxunuş sayı: 53