Polşada Konstitusiya Məhkəməsinin rəhbərliyi ətrafında böhran yaşanır
Polşada Konstitusiya Tribunalının rəhbərliyi ətrafında yaranan qarşıdurma ölkədə siyasi və hüquqi gərginliyi artırıb. Tribunalın səlahiyyətlərinin icrasından kənarlaşdırıldığını bildirən sədr Boqdan Sventşkovski ölkədə dövlət çevrilişinin baş verdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Gazeta.Ru” məlumat yayıb.
Sventşkovski “Kanal Zero” YouTube kanalının efirində çıxışı zamanı vəziyyətin ciddiliyinə diqqət çəkib. O, çərşənbə axşamı keçirilməsi nəzərdə tutulan Konstitusiya Tribunalı hakimlərinin ümumi iclasında kvorumun təmin olunmayacağını düşündüyünü bildirib.
Oktyabrın 30-da Varşavada etirazçılar Konstitusiya Tribunalının binası qarşısında toplaşıblar. Gərginliyə məhkəmənin rəhbərliyi ətrafında yaranan mübahisə səbəb olub.
Tribunalın saytında sədr Boqdan Sventşkovskinin və sədr müavini Bartlomey Soxanskinin vəzifələrinin icrasına müvəqqəti fasilə verilməsi barədə qərar dərc olunub. Hakim Anna Korvin-Piotrovska isə ən uzun hakimlik stajına malik şəxs kimi özünü tribunalın rəhbərinin səlahiyyətlərini icra edən şəxs elan edib.
Qeyd edək ki, tribunalın rəhbərliyi ilə bağlı qərarın hüquqi qüvvəsi mübahisəlidir. 31 oktyabr tarixinə olan məlumata görə, bu məsələyə dair məhkəmə qərarı verilməmişdi. Buna görə də Sventşkovskinin “dövlət çevrilişi” ifadəsi onun hadisələrə verdiyi siyasi-hüquqi qiymətləndirmə kimi təqdim olunur.
23:21 02.11.2026
Oxunuş sayı: 54