İspaniyada pişiklərlə işləmək imkanı yaradan kafe fəaliyyət göstərir
İspaniyanın Malaqa şəhərində həm işləmək, həm də xilas edilmiş pişiklərlə vaxt keçirmək imkanı yaradan qeyri-adi kafe fəaliyyət göstərir. “Paws for a Moment” adlı məkan özünü dünyada pişiksevərlər üçün yaradılmış ilk kovorkinq məkanı kimi təqdim edir.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Olive Press” nəşri məlumat yayıb.
Şəhərin mərkəzində, Unsibay meydanında yerləşən kafe həm heyvanlarla ünsiyyət məkanı, həm iş sahəsi, həm də sosial görüşlər üçün nəzərdə tutulub. Layihənin müəllifi filippin əsilli sahibkar Mişa Buenaventuradır. O, Yaponiyaya səfəri zamanı pişik kafeləri ilə maraqlanıb və sonradan bu ideyanı İspaniyada reallaşdırmaq qərarına gəlib.
Buenaventura 2022-ci ilin martında Malaqaya gəlib. Məkanın yaradılması üçün lazımi sənədlərin hazırlanması təxminən bir il çəkib. Bu müddətdə o, baytarlarla, heyvan sığınacaqları və xeyriyyə təşkilatları ilə əməkdaşlıq edib. Pişiklər bir-birinə tədricən öyrəşdirilib ki, aralarında ərazi münaqişələri yaranmasın.
Hazırda kafedə sığınacaqlardan xilas edilmiş 20 pişik yaşayır. Onların əksəriyyəti Malaqa bölgəsindəndir və əvvəlki sahibləri tərəfindən küçəyə atıldıqdan və ya onlardan imtina edildikdən sonra sığınacaqlara yerləşdiriliblər.
Kafenin sakinləri arasında Ukraynadan gətirilmiş Apollon adlı pişik də var. Məkanın menecerinin sözlərinə görə, Apollon Rusiyanın raket hücumu nəticəsində bir ailənin həlak olmasının şahidi olub. Daha sonra onu hərbçi himayəsinə götürüb və pişik təxminən bir il cəbhə xəttində hərbçilərlə birlikdə yaşayıb.
Menecer bildirib ki, Apollonu dörd ölkədən keçməklə təyyarə ilə İspaniyaya gətirmək lazım gəlib. Hərbçilər onunla it kimi davrandıqlarından pişik də bu davranışa uyğunlaşmışdı.
Kafe təkcə iş məkanı deyil, həm də heyvansevərlərin görüş nöqtəsinə çevrilib. Burada film nümayişləri, rəsm və origami məşğələləri, eləcə də Meksika lotereyası təşkil olunur.
Məkan yerli heyvanları müdafiə edən Amam və CityCats təşkilatları ilə əməkdaşlıq edir. “Cat Tinder” layihəsi çərçivəsində sahiblənilməyə ehtiyacı olan pişiklərin fotoları paylaşılır, onların potensial sahiblərlə tanışlığı üçün tədbirlər keçirilir.
Kafedə itirilmiş ev heyvanlarının xatirəsinə xüsusi guşə də yaradılıb. Ziyarətçilər burada həyatını itirmiş heyvanlarının fotolarını yerləşdirə bilərlər. Bundan başqa, xeyriyyə təşkilatları ilə əməkdaşlıq çərçivəsində ağır xəstəlikləri və ya əlilliyi olan uşaqlar kafenin xidmətlərindən pulsuz yararlana bilirlər. Psixiatrların yönləndirdiyi depressiya, təşviş və qidalanma pozuntuları yaşayan böyüklər də məkanı ziyarət edə bilərlər.
“Paws for a Moment” həftəiçi saat 10:00-dan 21:00-dək, həftəsonları isə 11:00-dan 21:00-dək açıqdır. Müştərilər içkilərə görə deyil, məkanda keçirdikləri vaxta görə ödəniş edirlər. Yarım saatlıq ziyarət 9 avrodan, səkkiz saatlıq iş günü isə 65 avrodan başlayır.
Kafedə dünyanın ən bahalı qəhvə növlərindən biri hesab edilən kopi lüvak da təqdim olunur. Müsanq adlı heyvanın həzm sistemindən keçən qəhvə dənələrindən hazırlanan bu içkinin bir fincanı 40 avroya satılır.
Layihə artıq İspaniyadan kənara da yayılıb. Buenaventura yay aylarında Estoniyanın paytaxtı Tallində kafenin filialını açıb. Yaxın vaxtlarda isə İspaniyanın Marbella şəhərində daha bir məkanın fəaliyyətə başlaması gözlənilir.
01:03 03.11.2026
Oxunuş sayı: 41