Azərbaycan Türkiyədən yeni hərbi təyyarələr alır
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində ümumi dəyəri 500 milyon dolları ötən müqavilələr imzalanıb. Bu çərçivədə Azərbaycana 14 ədəd HÜRKUŞ-II təyyarəsinin tədarükü nəzərdə tutulur.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyi bu barədə məlumat yayıb.
Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün bildirib ki, müqavilələr Bakı şəhərində keçirilən “ADEX 2026” sərgisi çərçivəsində imzalanıb.
Razılaşmalara əsasən, TUSAŞ ilə HÜRKUŞ təyyarələrinin, BAYKAR ilə MIZRAK ağıllı dolaşan sursatlarının və “Antidot” sisteminin, ROKETSAN ilə “Barbaros” sahil müdafiə sisteminin tədarükünə dair müqavilələr bağlanıb. Həmçinin ASELSAN ilə “ALP-100” radarının tədarükünə dair anlaşma memorandumu imzalanıb.
Görgün bildirib ki, 14 ədəd HÜRKUŞ-II təyyarəsi Azərbaycana təhvil veriləcək. Onun sözlərinə görə, tədarüklərin bu il ərzində sürətli şəkildə həyata keçirilməsi planlaşdırılır.
Sərgi çərçivəsində iki ölkənin qurumları arasında təhsil, elmi tədqiqat, texnologiya və kadr hazırlığı istiqamətində də əməkdaşlıq sənədləri imzalanıb.
Görgün qeyd edib ki, yerli istehsal və birgə layihələr Azərbaycan-Türkiyə əməkdaşlığının daha da dərinləşməsinə xidmət edəcək.
01:42 01.10.2026
Oxunuş sayı: 42