Odessada Ukrayna Hərbi Dəniz Qüvvələrinin zabiti güllələndi
Odessada Ukrayna Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli zabiti güllələnərək öldürülüb.
Crossmedia.az xəbər verir ki, “Strana” bu barədə məlumat yayıb.
Məlumata görə, 50 yaşlı hərbçi sentyabrın 30-da səhər saatlarında Odessanın Lyustdorf yolunda avtomobilinin yaxınlığında güllə yaraları ilə ölü vəziyyətdə aşkarlanıb. Yerli mənbələr onun Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanlığında xidmət etdiyini bildiriblər.
Hadisə ilə bağlı təqaüdçü saxlanılıb. Hüquq-mühafizə orqanları onun üzərindən tapança, gilizlər və cinayətə aidiyyəti ola biləcək digər sübutlar götürüblər.
İlkin məlumata görə, hadisədən əvvəl iki sürücü arasında yol üstündə mübahisə yaranıb. Ukrayna prokurorluğunun məlumatına əsasən, şübhəli şəxs hərbçinin idarə etdiyi avtomobillə qəsdən toqquşma törədib və daha sonra ona iki dəfə atəş açıb. Hərbçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Bununla yanaşı, istintaq qətlin sifarişli olması ehtimalını da araşdırır. Hüquq-mühafizə orqanları hadisənin motivlərini və digər halları müəyyənləşdirir.
Qeyd edək ki, saxlanılan şəxsə qəsdən adam öldürmə və qanunsuz silah dövriyyəsi maddələri ilə şübhə elan edilib. Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsi həll olunur.
23:07 30.09.2026
Oxunuş sayı: 48