Azərbaycan Evi Macarıstanda yeni əlaqələr platformasına çevrilir - MÜSAHİBƏ
Macarıstanda yaşayan azərbaycanlıların bir araya gəlməsi, icma daxilində əlaqələrin gücləndirilməsi və Azərbaycanla Macarıstan arasında insanlararası münasibətlərin inkişaf etdirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir. Bu prosesdə Macarıstandakı Azərbaycan Evi də ictimai, mədəni, maarifləndirici və sosial fəaliyyətləri ilə xüsusi platformalardan biri kimi çıxış edir. Azərbaycan Evinin əsas məqsədlərindən biri yalnız azərbaycanlıları bir araya gətirmək deyil, eyni zamanda Azərbaycanı Macarıstan cəmiyyətinə daha yaxından tanıtmaq, macarlar və digər xalqların nümayəndələri ilə əlaqələr qurmaqdır. Burada mədəni proqramlarla yanaşı, gənclər, uşaqlar, sosial layihələr, xeyriyyə təşəbbüsləri, təhsil, peşəkar əlaqələr və Azərbaycan-Macarıstan münasibətlərinə dair müxtəlif görüşlər təşkil olunur. Azərbaycanı yaşadıqları ölkələrdə layiqincə təmsil edən, milli dəyərlərimizi yaradıcılıqları vasitəsilə tanıdan soydaşlarımızın həyat və fəaliyyətini diqqətə çatdırmaq məqsədilə Crossmedia.az olaraq “Zəfər diasporu” layihəsi çərçivəsində müsahibələr silsiləsini davam etdiririk. Layihənin növbəti qonağı Macarıstandakı Azərbaycan Evinin rəhbəri İbrahim Səfərlidir.

– Azərbaycan Evinə gələn bir macarın Azərbaycan haqqında tədbirdən əvvəl və sonra təsəvvüründə hansı dəyişiklik baş verməsini istəyirsiniz? Sizin üçün “uğurlu tədbir” hansı nəticə ilə ölçülür?
– İlk olaraq Macarıstanda fəaliyyət göstərən Azərbaycan Evi ilə maraqlandığınız üçün təşəkkürümü bildirirəm. Sualınıza gəldikdə isə, onu deyə bilərəm ki, mənim üçün uğurlu tədbir o deyil ki, insan tədbirdən çıxanda sadəcə Azərbaycan haqqında bir neçə yeni məlumat öyrənsin. Əsas odur ki, onda Azərbaycana qarşı maraq yaransın. Məsələn, tədbirə gələn bir macar Azərbaycan haqqında çox az şey bilə bilər. Amma tədbirdən sonra “Azərbaycan haqqında daha çox öyrənmək istəyirəm”, “Azərbaycana getmək maraqlı olardı”, “orada insanlarla tanış olmaq istərdim” kimi fikirlər yaranırsa, mən bunu uğurlu nəticə hesab edirəm. Çünki bizim məqsədimiz sadəcə Azərbaycanı təqdim etmək deyil. İnsanlar arasında real əlaqələr yaratmaqdır. Məncə, bir ölkəni tanımağın ən yaxşı yolu həmin ölkənin insanlarını tanımaqdır. Ona görə də tədbirin uğurunu yalnız neçə nəfərin iştirak etməsi ilə ölçmürəm. Tədbirdən sonra yaranan yeni tanışlıqlar, əməkdaşlıq imkanları və Azərbaycana artan maraq mənim üçün daha vacibdir.

– Siz həm azərbaycanlıların öz milli kimliyini qorumasını, həm də Macarıstan cəmiyyətinə inteqrasiyasını vurğulayırsınız. Bu iki proses arasında bəzən ziddiyyət yarana bilərmi? Siz bu balansı necə qoruyursunuz?
– Maraqlı sualdır. Fikrimcə, burada mütləq bir ziddiyyət yoxdur, əksinə, bu iki proses bir-birinə dəstək olur deyərdim. İnsan öz kimliyini, dilini, tarixini və dəyərlərini qoruyaraq yaşadığı cəmiyyətin də fəal üzvü ola bilər. Mənim üçün inteqrasiya öz kimliyindən uzaqlaşmaq demək deyil. Əksinə, insan öz köklərini bildikcə və öz kimliyinə hörmət etdikcə, başqa xalqların kimliyinə də daha böyük hörmətlə yanaşa bilir. Azərbaycan Evində də biz buna çalışırıq. Bir tərəfdən azərbaycanlıların bir-biri ilə əlaqəsini gücləndirmək, digər tərəfdən isə macar cəmiyyəti ilə daha çox əlaqə qurmaq istəyirik. Ona görə də Azərbaycan Evinin qapıları təkcə azərbaycanlılar üçün deyil, macar dostlarımız və digər xalqların nümayəndələri üçün də açıqdır. Bir sözlə, fikrimcə, öz köklərini qoruyaraq yaşadığın ölkəyə faydalı olmaq mümkündür.

– Macarıstanda yaşayan ikinci və üçüncü nəsil azərbaycanlılarda Azərbaycanla bağlılığın zəifləməməsi üçün hansı yeni yanaşmalara ehtiyac var? Sizcə, ənənəvi tədbirlər gənc nəslə kifayət qədər təsir edə bilirmi?
– Bu məsələ mənim üçün xüsusilə vacibdir. Çünki ikinci və üçüncü nəsil üçün Azərbaycanla bağlılıq yalnız keçmişi xatırlamaq üzərində qurulmamalıdır. Onlar Azərbaycanı öz gələcəklərinin də bir hissəsi kimi görməlidirlər. Düşünürəm ki, ənənəvi tədbirlər də vacibdir. Ancaq təkcə bununla kifayətlənmək olmaz. Gənclərlə onların maraq dairəsində danışmaq lazımdır. Məsələn, təhsil, texnologiya, biznes, idman, yaradıcılıq, sosial layihələr, beynəlxalq proqramlar və yeni media kimi sahələrdə Azərbaycanla əlaqə yaratmaq daha davamlı nəticə verə bilər. Gənc Macarıstanda böyüyürsə, onun Azərbaycanla əlaqəsini yalnız milli bayram tədbirinə gəlib-gəlməməsi ilə ölçmək düzgün deyil. Əgər o, Azərbaycandan olan başqa gənclərlə layihə həyata keçirirsə, Azərbaycanda bir layihədə iştirak edirsə, ölkəyə səfər edirsə və ya öz peşəsi ilə bağlı Azərbaycanla əlaqə qurursa, məncə, bu daha güclü və davamlı bağdır. Bizim əsas vəzifələrimizdən biri də Azərbaycanla gənc nəsil arasında belə yeni əlaqə formaları yaratmaqdır. Bir çox məsələlərdə olduğu kimi burada da balansı qorumaq vacibdir.

– Azərbaycan və Macarıstan arasında siyasi münasibətlər kifayət qədər intensivdir. Bəs bu münasibətlərin adi insanların həyatında, gündəlik ünsiyyətdə və qarşılıqlı tanışlıqda əks olunması üçün hələ hansı boşluqlar qalır?
– Dövlətlərarası münasibətlər, əlbəttə, çox vacibdir. Amma mən düşünürəm ki, bu münasibətlər cəmiyyətlər arasında da hiss olunmalıdır. Azərbaycanla Macarıstan arasında siyasi və iqtisadi əlaqələr inkişaf etdikcə, insanların da bir-birini daha yaxından tanıması vacibdir. Burada hələ kifayət qədər imkan var. Tələbə və gənclər mübadiləsi, biznes əlaqələri, birgə sosial layihələr, universitetlər arasında əməkdaşlıq, peşəkar şəbəkələr və insanlararası görüşlər bu baxımdan çox faydalı ola bilər. Azərbaycan Evinin fəaliyyətini də mən bu prosesin bir hissəsi kimi görürəm. Biz dövlətlərarası münasibətləri əvəz etmirik. Sadəcə, həmin münasibətlərin insanlar arasında daha çox hiss olunmasına öz töhfəmizi verməyə çalışırıq. Çünki dövlətlər münasibətləri qurur, amma insanlar arasındakı dostluğu məhz insanlar möhkəmləndirir.

– Azərbaycan Evinin qapılarının təkcə azərbaycanlılar üçün deyil, macarlar və digər xalqların nümayəndələri üçün də açıq olması vacib prinsip kimi təqdim edilir. Sizcə, bir xalqın özünü dünyaya tanıtmasının ən təsirli yolu dövlət qurumlarından, yoxsa məhz insanlararası münasibətlərdən keçir?
– Mən bunları bir-birinə alternativ hesab etmirəm. Dövlət qurumlarının fəaliyyəti və diplomatik münasibətlər çox vacibdir. Amma insanlar arasındakı münasibətlər bu prosesə başqa bir ölçü əlavə edir. Məsələn, bir macar Azərbaycan haqqında rəsmi mənbədən məlumat ala bilər. Amma bir azərbaycanlı ilə dostluq edəndə, onunla birlikdə layihə həyata keçirəndə və ya Azərbaycan Evinə gəlib azərbaycanlılarla, bizim mədəniyyətimiz ilə tanış olanda Azərbaycan onun üçün artıq sadəcə xəritədə bir ölkə olmur. Azərbaycan real insanlarla, real münasibətlərlə əlaqələnir. Biz də Azərbaycan Evində belə bir mühit yaratmağa çalışırıq. Qapılarımızın hamı üçün açıq olmasının əsas səbəblərindən biri də budur. Məncə, bir ölkəni tanımağın ən yaxşı yollarından biri həmin ölkənin insanları ilə şəxsi təcrübə qazanmaqdır.

– Macarıstanda Azərbaycan haqqında ən çox hansı stereotiplə qarşılaşırsınız və həmin stereotipi dəyişmək üçün hansı konkret addımın daha effektiv olduğunu düşünürsünüz?
– Mənim müşahidəmə görə, Azərbaycan haqqında məlumatlılıq əvvəlki illərlə müqayisədə artır. Amma yenə də bəzi insanların təsəvvüründə Azərbaycan daha çox neft, enerji və müəyyən siyasi mövzularla məhdudlaşır. Halbuki Azərbaycan bunlardan daha geniş bir ölkədir. Müasir şəhərlərimiz, gənclərimiz, sahibkarlıq və texnologiya imkanlarımız, idmanımız, təhsilimiz, tariximiz və kifayət qədər böyük insan potensialımız var. Məncə, bunu dəyişməyin yolu insanlara sadəcə “Azərbaycan belədir” demək deyil. Daha yaxşısı, bunu real şəkildə göstərməkdir. Bildiyiniz kimi, iki ölkə arasında birbaşa uçuşlar mövcuddur və ilin bütün fəsillərində demək olar ki, səfərlərə ciddi tələbat var. Fikrimcə, bu da ölkələr arasında münasibətlərin möhkəmlənməsinə və insanların bir-biri haqqında daha müsbət təsəvvür formalaşdırmasına kömək edən amillərdən biridir. Məsələn, macar sahibkarın Azərbaycandan olan tərəfdaşla işləməsi və ya bir macar ailənin Azərbaycana səfər etməsi bəzən çoxsaylı təqdimatlardan daha təsirli olur. Yəni bir stereotipi başqa stereotiplə əvəz etmək lazım deyil. Əsas odur ki, insanlara Azərbaycanı yaxından tanımaq üçün imkan yaransın.

– Türk Dövlətləri Təşkilatına üzv ölkələrin icmaları ilə əməkdaşlığı ayrıca istiqamət kimi qeyd edirsiniz. Sizcə, bu icmalar arasında əməkdaşlıq sadəcə mədəni tədbirlər səviyyəsində qalır, yoxsa gələcəkdə təhsil, biznes, gənclər və humanitar layihələr üzrə daha böyük şəbəkəyə çevrilə bilər?
– Məncə, bunun üçün kifayət qədər böyük potensial var. Mədəniyyət çox yaxşı başlanğıcdır. İnsanları bir araya gətirmək üçün təbii bir proses, körpüdür. Amma düşünürəm ki, əlaqələr yalnız tədbirdən tədbirə davam etməməlidir. Növbəti mərhələdə bunu gənclər, təhsil, biznes, peşəkar əlaqələr, sosial və humanitar layihələrə də genişləndirmək olar. Məsələn, müxtəlif ölkələrdən olan gənclərin Macarıstanda birgə layihələr hazırlaması, sahibkarların bir-biri ilə əlaqələndirilməsi, tələbələr üçün mübadilə və mentorluq proqramlarının yaradılması və sosial layihələrin birlikdə həyata keçirilməsi çox maraqlı nəticələr verə bilər. Mən gələcəkdə Azərbaycan Evinin belə əməkdaşlıqlar üçün daha geniş bir platformaya çevrilməsini istəyirəm. Burada əsas məsələ tədbirlərin sayını artırmaq deyil. Əsas məsələ tədbirdən sonra həmin əlaqələrin davam etməsidir.
– Azərbaycan Evinin fəaliyyətində xeyriyyə və sosial layihələr də yer alır. Xaricdə yaşayan azərbaycanlıların öz ölkələrinə ən böyük töhfəsi sizcə maliyyə dəstəyi, peşəkar bilik və təcrübə, yoxsa Azərbaycanın beynəlxalq aləmdə düzgün tanıdılmasıdır?
– Mən bunlardan birini digərindən üstün tutmazdım. Hər birinin öz yeri var. Amma uzunmüddətli baxımdan peşəkar bilik, təcrübə və düzgün əlaqələrin yaradılmasını xüsusilə vacib hesab edirəm. Çünki xaricdə yaşayan azərbaycanlıların iki cəmiyyət arasında körpü olmaq imkanı var. Biz burada yalnız Azərbaycanı tanıtmaqla kifayətlənməməliyik. Eyni zamanda Macarıstandakı təcrübəni, imkanları və qurduğumuz əlaqələri Azərbaycana da daşıya bilməliyik. Xeyriyyə məsələsi isə mənim üçün bir az fərqlidir. Bu, mənəvi məsuliyyətdir. Xaricdə yaşamaq insanın öz ölkəsində baş verənlərə qarşı məsuliyyətini azaltmır. Əksinə, imkanımız varsa, faydalı olmağa çalışmalıyıq. Məncə, xaricdə yaşayan azərbaycanlıların ən böyük töhfəsi sahib olduqları imkanları və əlaqələri Azərbaycan üçün də faydalı nəticələrə çevirə bilmələridir. Bu, bəzən maddi dəstək, bəzən bilik və təcrübə, bəzən də yeni bir əlaqə və əməkdaşlıq formasında ola bilər.

– İbrahim Səfərli olaraq Azərbaycan Evinin qarşıdakı 5 ilini necə təsəvvür edirsiniz? Elə bir layihə varmı ki, hazırda üzərində düşünürsünüz və həyata keçsə, “Azərbaycan Evi” anlayışını Macarıstanda tamamilə yeni mərhələyə çıxara bilər?
– Mən istəyirəm ki, qarşıdakı beş ildə Azərbaycan Evi yalnız tədbirlərin keçirildiyi bir məkan kimi yox, Azərbaycanla Macarıstan arasında insanlar, ideyalar və layihələr üçün davamlı əlaqə platforması kimi inkişaf etsin. Burada mənim üçün əsas məsələ təkcə miqyası böyütmək deyil. Daha çox nəticə əldə etmək və yaradılan əlaqələrin davamlı olmasını təmin etməkdir. Hazırda düşündüyümüz istiqamətlərdən biri müxtəlif sahələrdən olan azərbaycanlı və macar gəncləri, mütəxəssisləri, sahibkarları və ictimai fəalları bir araya gətirən daha geniş əməkdaşlıq platforması yaratmaqdır. Bu platformada təhsil, biznes, gənclər, sosial layihələr və peşəkar əlaqələr kimi müxtəlif istiqamətlər ola bilər. Mən istəyirəm ki, Azərbaycan Evinə gələn bir gənc burada sadəcə bir tədbirə qatılıb çıxmasın. Burada yeni dost qazansın, yeni tərəfdaş tapsın, yeni ideya əldə etsin, hətta gələcək karyerası üçün yeni imkan yaransın. Əgər bunu edə bilsək, düşünürəm ki, Azərbaycan Evi anlayışı da daha fərqli məna qazanacaq. Çünki mənim üçün Azərbaycan Evi sadəcə bir ünvan deyil. İnsanların bir-birinə yaxınlaşdığı, Azərbaycanla Macarıstan arasında yeni əlaqələrin yarandığı və bu əlaqələrin konkret “işə” çevrildiyi bir platformadır. Qarşıdakı beş il üçün əsas məqsədim də məhz budur. Maraqlı müsahibə üçün sizə və bütün redaksiya heyətinə öz təşəkkürümü bildirir, fəaliyyətinizdə uğurlar diləyirəm!
Zeynəb Həsən
20:00 29.09.2026
Oxunuş sayı: 58