Sual verə bilməyənlər üçün süni intellekt faydalı ola bilməz -Deputatla müsahibə
Təhsil, gənclər siyasəti və texnoloji inkişaf hər bir ölkənin gələcəyini müəyyən edən əsas amillərdəndir. Müasir dünyada bu üç istiqamət bir-biri ilə sıx bağlıdır. Təhsil sisteminin keyfiyyəti gələcək nəsillərin intellektual potensialını formalaşdırır, gənclərin bu potensialdan istifadə imkanları cəmiyyətin inkişafına təsir göstərir, süni intellekt və digər yeni texnologiyalar isə həm təhsilin məzmununu, həm də əmək bazarının tələblərini dəyişir. Azərbaycan da bu dəyişikliklərdən kənarda deyil. Ölkədə ali təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması, universitetlər arasında əməkdaşlığın genişləndirilməsi, gənclərin imkanlarının artırılması və müasir texnologiyalara uyğun kadr hazırlığı aktual məsələlər sırasındadır. Bununla yanaşı, təhsilin keyfiyyəti, valideynlərin bu prosesdə rolu, gənclərin mövcud imkanlardan səmərəli istifadəsi və süni intellektin gələcəkdə əmək bazarına təsiri ətrafında bir sıra suallar yaranır.
Bütün bu məsələlərlə bağlı Milli Məclisin deputatı Şahin Seyidzadə Crossmedia.az-ın qonağı olub, suallarını cavablandırıb:
- Şahin müəllim, təhsil hər birimizi və cəmiyyətin bütün təbəqələrini əhatə edən mühüm sahədir. Bugünkü Azərbaycan təhsilinin vəziyyətini və beynəlxalq rəqabətqabiliyyətlilik baxımından gələcək perspektivlərini necə qiymətləndirirsiniz?
- Sual üçün təşəkkür edirəm. Sualınızı iki hissəyə bölmək olar. Birincisi, bugünkü təhsil sisteminin ümumi vəziyyəti. İkincisi isə daha konkret olaraq təhsildə dayanıqlılıq və beynəlmiləlləşmə, yəni xüsusilə ali təhsildə inteqrasiya prosesinin necə getməsidir. İcazənizlə, ikinci sualdan başlayım. Bu gün Azərbaycan təhsil sistemi müxtəlif beynəlxalq standartlar və təcrübələr əsasında müəllimlərə və tələbələrə yeni yanaşmalar əldə etmək üçün imkanlar yaradıb. Bu, həm institusional səviyyədə – Prezidentin ali təhsilin beynəlmiləlləşməsi, universitetlərin beynəlxalq reytinqlərdə mövqelərinin gücləndirilməsi ilə bağlı qərarları, həm də ikili diplom proqramlarının tətbiqi istiqamətində özünü göstərir. 15 il əvvəl ikili diplom konsepsiyası Azərbaycanda o qədər də populyar deyildi. Bu gün Azərbaycan-Fransız Universiteti, Azərbaycan-Türkiyə Universiteti, Azərbaycan-İtaliya Universiteti, Rusiya Federasiyası universitetlərinin Azərbaycan kampusları var. Yəni Azərbaycanda təhsil alaraq həm Azərbaycan, həm də xarici universitetin diplomunu əldə etmək mümkündür. Bu, beynəlxalq standartlara uyğun keyfiyyətli təhsilə çıxışı təmin edir. Digər tərəfdən, beynəlxalq təhsil standartlarını həm idxal, həm də ixrac edirik. Dövlət hesabına Azərbaycan mütəxəssislərinin, gələcək alimlərin müxtəlif universitetlərdə təhsil alması təmin edilir. Onların bir qismi gələcəkdə elmdə, bir qismi özəl sektorda, digər qismi isə dövlət sektorunda çalışacaq. Bu gün ölkəmizin siyasi vəziyyətinə baxsaq, görərik ki, rəhbər vəzifələrdə çalışanların böyük bir hissəsi xaricdə təhsil alıb. O vaxt xaricdə oxuyanların gələcəkdə kiminsə nazir, kiminsə məmur olacağını heç kim bilmirdi. 10-20 il keçib və onlar artıq müxtəlif vəzifələrdə çalışırlar. Bugünkü gənclər də 10-20 ildən sonra həmin vəzifələri tutacaqlar. Yəni bu gün Azərbaycan təhsil sistemində həm beynəlxalq standartların idxalı, həm də tələbə, müəllim və alimlərin beynəlxalq standartlara uyğun hazırlanması prosesi gedir. Məsələn, doktorantura təhsili və elmi yazıların beynəlxalq jurnallarda dərc olunması kimi mühüm standartlar mövcuddur. Bütün bunlar qarşılıqlı inteqrasiyanın artıq baş verdiyini və davam etdiyini göstərir.
İndi isə birinci suala qayıdaq – təhsilin ümumi vəziyyətinə. Reallığı qəbul edək: bugünkü təhsil cəmiyyətin və ya yetişdirdiyimiz şəxslərin ehtiyaclarını nə dərəcədə ödəyir? Amma bu suala kim cavab verir? Təhsil alanlar, yoxsa təhsillə məşğul olmayanlar? Mən təhsil haqqında fikir bildirirəm, amma əslində heç nə bilmirəm və övladımın təhsilində iştirak etmirəm. Kiçik bir müqayisə aparaq: sovet təhsili və müasir təhsil. Sovet təhsili belə deyirdi: “Valideynlər, fabriklərə, kolxozlara, sovxozlara gedin, övladınızın tərbiyəsinə qarışmayın, çünki mən onu ideoloji əsgər kimi yetişdirirəm” – oktyabryonok, pioner, komsomol və s. Müəyyən qırmızı xəttə çatana qədər bu prosesə qarışmıram. Amma vəziyyət dəyişib. Təhsilin keyfiyyətini yüksəltmək və uşağın inkişafına töhfə vermək baxımından təhsil sisteminin rolu artıq yeganə və inhisarçı deyil. Valideynin rolu çox vacibdir. Bəs bu gün nə qədər valideyn həmin prosesdə iştirak edir?
- Uşaqlarda kitaba marağın formalaşmasında əsas məsuliyyət kimin üzərinə düşür: ailənin, yoxsa məktəbin? Ümumilikdə, təhsil sistemindən gözləntilərimiz nə dərəcədə qarşılanır və valideynlər bu prosesə necə töhfə verməlidirlər?
- Əlbəttə, bugünkü təhsil sistemimizi 10 və ya 20 il əvvəlki vəziyyətlə müqayisə etsək, proseslərin tamamilə fərqli olduğunu görərik. Amma biz həmişə daha çoxunu istəyirik və dünyanın inkişaf etdiyini görürük. Sovet təhsil sistemində hər şey sovet təhsilinin imkanları ilə məhdudlaşırdı. ABŞ və ya İngiltərənin təhsil sistemi ilə müqayisə aparmırdıq. O vaxt ən böyük arzumuz Moskva və ya Kiyevdə oxumaq idi. Bu gün isə bu, arzu deyil, əlçatan imkandır. Arzularımız, istəklərimiz, gözləntilərimiz və tələblərimiz dəyişib. “Mən heç nə etmək istəmirəm, Təhsil Nazirliyi bir şey etməlidir” demək olmaz. Bu gün təhsildə müxtəlif proseslər gedir. Mərhələlərə bölsək, məktəbəqədər təhsildə valideynin rolu çox vacibdir. Çünki reallıqda nə məktəbəqədər təhsil müəssisələrinin sayı, nə də yerlərin sayı birinci sinif şagirdlərinin sayına tam cavab verir. Strategiya xarakterli qərarlar qəbul olunub və proseslər mərhələli şəkildə həyata keçirilir. Burada çox böyük təkamüldən deyil, daha çox maliyyə funksiyasının ötürülməsindən söhbət gedir. Əvvəllər məktəbəqədər təhsil müəssisələri icra hakimiyyətlərinin nəzarətində idi, Təhsil Nazirliyinin isə bu sahəyə təsiri sıfır səviyyəsində idi. Yalnız bir neçə ildir ki, uşaq bağçaları və məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə keçib. Bu, təhsil sistemi üçün çox qısa müddətdir. Amma biz qısa müddətdə böyük nəticələr gözləyirik. Orta məktəb illərində bizim üçün vacib olan uşağın müəyyən qırmızı xətti keçməməsi, yaxşı davranması, 10-11-ci siniflərdə repetitor yanına getməsi və yaxşı oxumasıdır. Hər kəs övladının əlaçı olmasını istəyir. Halbuki təhsil sistemi bütün uşaqların əlaçı olmasını təmin etməyə yönəlməyib. Sinifdə müəllim bir şagirdə nəyisə öyrədir. Əgər həmin şagird öyrənmirsə, bu, mütləq müəllimin günahı demək deyil. Digər şagird isə öyrənir. İstedadlar qeyri-bərabərdir. Hər kəs bütün fənlər üzrə eyni səviyyədə bacarıqlı deyil. Marağının olduğu fənnə fokuslanmalı, digərlərini isə ikinci plana keçirməlisən. Biz isə övladlarımızın bütün fənlərdə uğurlu olmasını istəyirik. 9-10-cu siniflərdə artıq onların harada təhsil alacağını düşünürük və lazım gələrsə, həmin fənni mütləq mənimsəmələrini təmin etməyə çalışırıq. Konseptual olaraq, bu gün danışmaq istədiyim əsas məsələ budur. Təkmilləşdirilməsinə ehtiyac olan sahələr var, sistemli olmayan istiqamətlər mövcuddur. Əvvəllər valideynlərin bu prosesdə iştirakı yox idi. Amma onu da anlayırıq ki, bu gün cəmiyyətimizdə təhsil sistemi nəticəsində uğur qazanmış gənclər var. Bu, həmin təhsil sisteminin uğurudur. 1990-cı illərin təhsil sistemi bugünkü qədər güclü idimi? Yəqin ki, daha zəif idi. Amma bu günü və Qarabağı geri qaytaran komanda 1990-cı illərin təhsil sisteminin məzunlarıdır. 70 il əvvəlki təhsil sistemi necə, o da pis idimi? Amma həmin komanda bu gün dövləti inkişaf etdirir və Qarabağı peşəkar şəkildə geri qaytarır. Bu gün daha yaxşı şəraitdə təhsil aldığımız halda yenə də narazılıq edirik. Buna müəyyən ehtiyat, səriştə və məsuliyyətlə yanaşmalıyıq. Məsuliyyət o deməkdir ki, uşağın inkişaf prosesində iştirak edirsən. Uşağın yanında prosesi təhlil edib qərar verərkən müəllimin nüfuzunu onun gözündə aşağı salırsan. Müəllimin nüfuzunu sarsıtsan, uşaq həmin fənnə 100 faiz maraq göstərməyəcək. Təhsilə münasibətimiz məktəblə, universitetlə, rektorla və ya direktorla bitmir. Təhsilə münasibət evdən, anadan başlayır. Uşaqlar iki yaşından kitabla tanış olmağa başlayırlar. Onları yeddi yaşında kitaba məcbur etmək artıq gecdir.
- Şahin müəllim, valideyn-məktəb əməkdaşlığının vacibliyini vurğuladınız. İndi isə gənclər mövzusuna keçək. Azərbaycan gənclərinin potensialından nə dərəcədə səmərəli istifadə olunur və bu potensial ölkənin inkişafına hansı töhfələri verə bilər?
- Gəlin, özümüzün gənc olduğumuz dövrə qayıdaq. O vaxt kim idik və bugünkü gənclərlə müqayisədə hansı xüsusiyyətlərə malik idik? Ən azı özümüzün gənclik təcrübəmizə qayıtmadan gənclik haqqında düzgün danışmaq çətindir. O vaxt çox ehtiraslı və aktiv idik, müxtəlif proseslərə müdaxilə edirdik. Proaktiv iştirak edir, cəmiyyətdə, dövlətdə və təşkilatlarda ədalətli, düzgün, təkamülə xidmət edən qərarların qəbul olunmasını istəyirdik. Bu, gəncin təbii xüsusiyyətidir – mövcud vəziyyətdən daha yaxşısını istəyir. Bugünkü gənclər də bizdən təklif etdiklərimizdən daha çoxunu tələb etməlidirlər. Çünki o vaxt biz də mövcud vəziyyətdən daha çoxunu gözləyirdik. Bugünkü gənclərin imkanları bizim gənclik dövrümüzlə müqayisədə qat-qat çoxdur. Bəs bu imkanlardan əldə etdikləri nəticələrin faydası və əhatə dairəsi də eyni dərəcədə böyükdürmü? Bunu müqayisə etmək çətindir. Gənc özü bilir ki, uğur qazanıb, yoxsa uğursuzluğa düçar olub. Amma gənclərə real yanaşdıqda hansı xüsusiyyətlərə diqqət yetirməliyik? Birincisi, gəncin səhv etmək hüququ var – elə gənc olmasının səbəblərindən biri də budur. İkincisi, onun sınaqdan keçirmək hüququ var. Mən ondan 20-30 il sədaqət gözləyirəm, amma o, özünü və həyatını sınaqdan keçirir: bir il burada işlədim, alınmadı; iki il orada işlədim, yenə alınmadı. Həyatı və özünü sınaqdan keçirir, müxtəlif “tortları” dadır ki, hansının daha dadlı olduğunu müəyyən etsin. Bu gün Azərbaycan dövlətində gənclər üçün çoxlu imkanlar yaradılıb. Gənclər daha çox imkan istəyirlər – bu da reallıqdır. Amma 30 il əvvəllə müqayisədə bugünkü gənclərin imkanları daha çoxdur. O vaxt sosial-siyasi sabitlik və Qarabağın qaytarılması arzusunda idik. Universitetə və ya magistraturaya qəbul olmaq artıq böyük nəticə sayılırdı. İngilis dilini öyrənmək böyük nailiyyət idi. Bu gün isə ingilis dilini bilmək üstünlük deyil, bilməmək zəiflik hesab olunur. Bu gün xaricdə təhsil alan yüzlərlə, minlərlə gənc var. Onlar bir-biri ilə rəqabət aparırlar və rəqabət baxımından tamamilə fərqli səviyyədədirlər. Ona görə də bugünkü gənclərin imkanları çoxdur. Bunun onlar üçün kifayət qədər çox, yoxsa az olduğunu isə özlərindən soruşmaq lazımdır. Amma reallıq ondan ibarətdir ki, bugünkü gənclər aktivdirlər. Həm ölkə daxilində, həm də xaricdə Azərbaycan dövlətinə, azərbaycanlı kimliyinə inanırlar – vətənlərini heç kim əllərindən ala bilməz. Müxtəlif müsabiqələrdə qalib gəlir, elmlə məşğul olurlar. 20-30 il əvvəl belə uğurlar əldə etmək üçün imkanlar yox idi. Amma bugünkü gənclər yalnız döyüşü qazanmaq haqqında deyil, müharibəni qazanmaq haqqında düşünməlidirlər. Onlar sürətli nəticə istəyirlər və çox vaxt nədənsə imtina etməyə hazırdırlar. Onların buna haqqı var, çünki onlar üçün sürətin mənası başqadır.
Digər tərəfdən, hər kəs bu daimi qeyri-sabitliyə dözə bilmir. Nəticə əldə edənlər marafonçular deyil, estafetçilərdir. Məqsədə ehtiyatla, ardıcıllıqla, ənənələrə və davamlılığa əsaslanaraq çatmaq lazımdır. Hər hansı strateji məqsədə bir ay ərzində nail olmaq mümkün olsaydı, belə bir dərmanı bizə də verərdilər. Hər gün, hər həftə, bir il, iki il çalışırsan. Ona görə də bugünkü gənclərə yeganə məsləhətim budur: bir qədər ehtiyatlı olun və əlinizdə plan olsun. Ən pis plan belə plansızlıqdan yaxşıdır.
- Bu gün yeni reallıqlarla üz-üzəyik. İnternet reallığına uyğunlaşmağa çalışdığımız zaman sosial şəbəkə reallığı meydana çıxdı. Sosial şəbəkələrə uyğunlaşdıq, bu dəfə də süni intellekt reallığı yarandı. Süni intellekt əvvəlki iki texnoloji mərhələdən daha böyük təsir göstərməyə başlayır və artıq həyatın bütün sahələrinə nüfuz edir. Sizcə, süni intellekt gələcəkdə əmək bazarına necə təsir göstərəcək? Bu texnologiya əmək bazarında rəqabəti və gərginliyi nə dərəcədə artıra bilər?
- Çox yaxşı sualdır. Cavab vermək üçün bir qədər geriyə qayıdaraq sosial mediadan əvvəlki internet dövrünə nəzər salım. İnternet cəmiyyətə daxil olanda, insanların həyat tərzinə çevriləndə belə bir böyük qorxu var idi ki, insanlar ondan informasiya mənbəyi kimi istifadə edəcək və daha az kitab oxuyacaqlar. Zaman göstərdi ki, nəşr olunan kitabların sayı ildən-ilə artır. Yəni internet təhlükə deyildi. Sonra sosial şəbəkələr meydana çıxdı. İnternet və sosial şəbəkələr ciddi istiqamətdir. İnternetdən mən mənbə kimi istifadə edirdim, o mənə nəsə verirdi, mən isə ona heç nə qaytarmırdım. Sosial mediada isə bunun əksinə, mən daha çox informasiya verirəm və bunun təsirini görürəm. Süni intellekt isə bunu qarşılıqlı əlaqəyə çevirdi. Və bundan qabaq əgər internet daha çox düzgün məlumatı əldə etmək səriştəsi idisə, bu gün düzgün sual vermək səriştəsidir. Düzgün sual verə bilməyənlər üçün süni intellekt faydalı olmayacaq. Mən hazırda İngiltərədə təhsil alıram. Bir dəfə orada böyük bir diskussiya oldu. Mövzu bu idi ki, təhsildə süni intellekt istifadə olunmalıdır ya yox. Birinci reallıq odur ki, siz süni intellektdən istifadə etməyə bilməzsiniz. İkinci məsələ odur ki, süni intellektdən qorxuruqsa, deməli biz buna hazır deyilik. Bir sual da var ki, süni intellekt kimdir? qərar verən? yoxsa səni düşündürən? Son qərar verəndirsə artıq uduzduq. Yox əgər o səni düşündürür və yeni fikirlər ortaya çıxırsa o təkamülü inkişaf etdirir. Ona görə deyirəm ki, süni intellekt düzgün sual vermək bacarığından asılıdır.