“Telegram”ın qurucusundan qəribə açıqlama - Fransa, Rusiya və İran casusları haradadır?
“Telegram”ın təsisçisi Pavel Durov müxtəlif ölkələrin xüsusi xidmət orqanlarının ona casus qadın göndərməməsindən zarafatla gileylənib.
Crossmedia.az xəbər verir ki, Durov bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
İş adamı açıqlamasında asiyalı qadınlara maraq göstərməyən şirkət rəhbərlərinin xüsusi xidmət orqanları tərəfindən daha az diqqət gördüyünü istehza ilə bildirib.
“Asiyalı qadınlara maraq göstərməyən baş direktorlara xüsusi xidmət orqanlarının daha az tanışlıq imkanı yaratması ədalətsizlikdir. Fransız, rus və iranlı casus qadınlar haradadır? Mənə indiyədək bir nəfər də casus qadın göndərilməyib. Onlar ümumiyyətlə, cəhd göstərirlərmi?” – deyə Durov yazıb.
O, Fransa ilə bağlı da kinayəli fikir səsləndirib.
“Fransanı bağışlamaq olar, çünki onların qərar qəbul edən şəxsləri qadınlarla maraqlanmırlar. Amma qalanları daha çox çalışmalıdırlar”, – deyə iş adamı əlavə edib.
Durovun bu paylaşımı “Nvidia” şirkətinin baş direktoru Censen Huanqın adı ətrafında yaranmış casusluq qalmaqalına reaksiya olub.
Xarici mediada Huanqın Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən qadınla münasibətdə olduğu barədə iddialar yayılıb. Həmin qadının casusluq fəaliyyəti ilə bağlı ittihamlar isə müstəqil şəkildə təsdiqlənməyib.
16:44 12.11.2026
Oxunuş sayı: 28