İsrail Qəzzada xəstəxanaya zərbə endirib: 6 nəfər ölüb
İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan-Yunis şəhərində yerləşən “Nasir” xəstəxanasına endirdiyi hava zərbəsi nəticəsində azı 6 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədəməlumat yayıb.
Hadisə noyabrın 12-nə keçən gecə baş verib. Hava zərbəsi xəstəxana kompleksinin cərrahiyyə bölməsinə ciddi ziyan vurub.
“Al Jazeera” telekanalının məlumatına görə, hücumdan sonra xəstəxananın cərrahiyyə şöbəsinin fəaliyyəti dayandırılıb.
Ölənlər arasında xəstəxananın cərrahı Rizq Əbu Şairanın da olduğu bildirilir.
İsrail Müdafiə Qüvvələri (IDF) və ölkənin daxili təhlükəsizlik xidməti “Şin Bet” hücumun həyata keçirildiyini təsdiqləyiblər.
İsrail tərəfinin açıqlamasına əsasən, əməliyyatın əsas hədəfi HƏMAS-ın Xan-Yunis briqadasının komandiri Məhəmməd Əbu İsmayıl və xəstəxanada gizləndiyi iddia edilən digər qruplaşma üzvləri olub.
İsrail hərbçiləri Əbu İsmayılın silahlı əməliyyatların təşkilinə və bir sıra girovların saxlanılmasına cavabdeh olduğunu iddia ediblər.
Hazırda Əbu İsmayılın taleyi məlum deyil. İsrail ordusu zərbənin nəticələrinin araşdırıldığını açıqlayıb.
İsrail tərəfinin xəstəxanada HƏMAS üzvlərinin yerləşməsi ilə bağlı iddiaları müstəqil şəkildə təsdiqlənməyib.
15:04 12.11.2026
Oxunuş sayı: 33