“Araz” marketin rəflərində kifli şirniyyat satılır? - Müştəri görüntülər yaydı
Marketlərdə qida məhsullarının saxlanma şəraiti və satışa çıxarılmadan əvvəl keyfiyyətinə nəzarət məsələsi yenidən gündəmə gəlib. Bu dəfə “Araz” marketlər şəbəkəsindən alış-veriş edən müştəri satılan məhsulun vəziyyəti ilə bağlı narazılığını sosial şəbəkədə paylaşıb.
Belə ki, Elman Quliyevin sosial media hesabındakı paylaşımına görə, o, “Araz” marketdən “Alisa” markalı, qoz formasında olan şirniyyat alıb. Məhsula görə 6 manat ödəniş edən müştəri evdə şirniyyatın kifləndiyini aşkar etdiyini iddia edir.
Paylaşılan alış-veriş çekində məhsulun adı, qiyməti və alındığı market barədə məlumatlar əks olunub. Müştərinin paylaşdığı videoda isə şirniyyatın üzərində kif olduğu aydın görünür.
Bu hadisə bir sıra ciddi suallar doğurur. İlk növbədə, qida məhsulunun satışa çıxarılmadan əvvəl keyfiyyətinə və yararlılıq vəziyyətinə nə dərəcədə nəzarət edilir? Məhsulun saxlanma şəraiti necə təmin olunur və istehlakçıya təqdim edilən qidanın təhlükəsizliyinə kim cavabdehdir?
Xüsusilə də söhbət birbaşa istehlak üçün nəzərdə tutulan şirniyyatdan gedirsə, belə hallara yol verilməsi yolverilməzdir. Çünki kiflənmiş qida məhsulunun satılması təkcə müştərinin maddi zərərə uğraması deyil, həm də onun sağlamlığı üçün potensial təhlükə deməkdir.
Marketlər şəbəkəsinin üzərinə düşən məsuliyyət yalnız məhsulu satmaqdan ibarət deyil. Satışa çıxarılan qidaların keyfiyyətinə, saxlanma müddətinə və şəraitinə nəzarət də pərakəndə satış müəssisələrinin əsas öhdəliklərindəndir.
Qeyd edək ki, sözügedən məlumatlar və görüntülər müştərinin sosial şəbəkədəki paylaşımına əsaslanır. Lakin Crossmedia.az məsələni araşdırmağa davam edəcək.
Məhəbbət Tərlanoğlu
15:10 12.11.2026
Oxunuş sayı: 40