Ermənistan Aİİ-dən çıxır - Tarix açıqlandı
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvada keçirilən son iclasını yenidən boykot etməsi və tədbirdə heç bir nümayəndə ilə təmsil olunmaması İrəvanın təşkilatla münasibətlərində yaranmış böhranın davam etdiyini göstərir. KTMT-nin baş katibi Taalatbek Masadılkovun Ermənistanın faktiki olaraq təşkilatdan çıxdığını bəyan etməsi isə vəziyyəti daha da aktuallaşdırıb. Son dövrlərdə Qərblə münasibətlərini genişləndirməyə çalışan Ermənistanın Rusiyanın rəhbərlik etdiyi hərbi-siyasi blokdan uzaqlaşması ölkənin təhlükəsizlik arxitekturasında hansı dəyişikliklərə səbəb ola bilər? Bu qərar İrəvana yeni siyasi və hərbi əməkdaşlıq imkanları qazandıra bilərmi, yoxsa mövcud təhlükəsizlik təminatlarının zəifləməsi ilə nəticələnə bilər? Ümumilikdə, KTMT-dən çıxmaq Ermənistan üçün hansı müsbət və mənfi nəticələr doğura bilər?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Elşad Həsənov açıqlamasında qeyd edib ki, Ermənistan artıq 2024-cü ildən etibarən KTMT-nin iclaslarında iştirak etmir: “Başqa sözlə, öz iştirakını dondurub. Əvvəllər bu iclaslara səfirlik nümayəndələri qatılırdılar, lakin son dövrlərdə Ermənistanın iştirakı demək olar ki, tamamilə dayandırılıb. Bu vəziyyət Ermənistanla Rusiya arasındakı münasibətlərə ciddi təsir göstərir. Orta Asiyada keçirilən Avrasiya İqtisadi İttifaqının (Aİİ) iclasında Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Ermənistana açıq şəkildə bildirdi ki, ölkə ya Avropa İttifaqı (Aİ) ilə inteqrasiyanı seçməli, ya da Aİİ-də qalmalıdır. Həm Aİİ-nin üzvü olmaq, həm də digər tərəfdən Avropa İttifaqı ilə sıx əlaqələr qurmaq qəbuledilməzdir. Buna görə də Ermənistan bu iki istiqamətdən birini seçməlidir. Rusiya Prezidenti Vladimir Putin də öz çıxışında Ermənistanı itirmək istəmədiklərini bildirdi. O, Rusiyanın Ermənistana ucuz qiymətə qaz, elektrik enerjisi və digər məhsullar satdığını vurğuladı. Eyni zamanda qeyd etdi ki, Ermənistan Rusiyadan uzaqlaşacağı təqdirdə qazın qiyməti dəfələrlə arta bilər”.

Politoloq qeyd edib ki, bundan əlavə, Ermənistan Aİİ-nin gömrük sisteminə daxildir: “Bu çərçivədə üzv ölkələr arasında malların gömrük rüsumları olmadan daşınması və ticarəti mümkündür. Ermənistan da bu imkanlardan kifayət qədər yararlanır. Ancaq Paşinyan hakimiyyətə gələndən bəri Ermənistanın qarşısında duran əsas məqsədlərdən biri Rusiyadan uzaqlaşmaq və Rusiyanın Ermənistandakı təsirini minimuma endirmək olub. Müəyyən mənada Paşinyan komandası bu istiqamətdə məqsədlərinə nail ola bilib. Artıq əvvəlcə Zvartnots hava limanında xidmət göstərən Rusiya sərhədçiləri oradan çıxarıldı. Daha sonra Türkiyə və İranla sərhəddəki sərhəd-keçid məntəqələrində xidmət aparan Rusiya sərhədçilərinin də çıxarılmasına nail olundu. Bununla belə, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının çıxarılması məsələsi hələlik gündəmə gətirilmir. Lakin Ermənistan Rusiya ilə bir sıra əlaqələrini tədricən məhdudlaşdırır. Buna cavab olaraq Rusiya da müəyyən təzyiq mexanizmlərindən istifadə etməyə başlayıb. Məsələn, Rusiya fitosanitar qaydaların pozulmasını əsas gətirərək Ermənistan məhsullarının öz ərazisinə daşınmasına, o cümlədən Ermənistan güllərinin aparılmasına icazə vermədi. Buna cavab olaraq Aİ həmin məhsulların Avropa bazarında satışına imkan yaratdı. Beləliklə, Ermənistanla Rusiya arasında münasibətlər getdikcə gərginləşir, Aİ ilə isə yaxınlaşma prosesi sürətlənir. Hesab edirəm ki, bu ilin sonuna qədər proseslərin hansı istiqamətdə inkişaf edəcəyi daha aydın görünəcək. Artıq iki ildən çoxdur ki, Ermənistan KTMT-nin tədbirlərinə heç bir nümayəndə göndərmir və üzvlük haqqını da ödəmir. Buna görə də ölkənin təşkilatdan çıxarılması məsələsi gündəmə gəlir. Lakin hazırda Ermənistanın birbaşa təşkilatdan çıxarılması istiqamətində addım atılmır, sadəcə olaraq, üzvlük haqqı ödənilənədək onun iştirakı məhdudlaşdırılmış vəziyyətdə saxlanılır. Hesab edirəm ki, ilin sonuna doğru Rusiya Ermənistanın Aİİ-dən çıxarılması məsələsini gündəmə gətirə bilər. Çünki bu, Moskvanın İrəvana qarşı istifadə edə biləcəyi ciddi təzyiq mexanizmlərindən biridir”.
E.Həsənov bildirib ki, Ermənistan Aİİ-nin imkanlarından kifayət qədər ciddi şəkildə yararlanıb: “Hətta iki il əvvəl Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 14 milyard dollara çatmışdı. Halbuki Ermənistan kiçik iqtisadiyyata malik ölkədir. Onun hansı istehsal potensialı və iqtisadi göstəriciləri var ki, belə böyük ticarət dövriyyəsinə nail olsun? Bütün bunlar göstərir ki, Ermənistan Rusiya ilə iqtisadi əlaqələrindən, xüsusilə də Rusiyanın sanksiyalar altında olduğu dövrdə, ciddi şəkildə faydalanıb. Belə ki, müxtəlif xarici ölkələrdən avadanlıqların, o cümlədən çiplərin alınaraq Rusiyaya satılması Ermənistan üçün böyük gəlir mənbəyinə çevrilib. Ona görə də hesab edirəm ki, Ermənistan öz müəyyən etdiyi strateji məqsədlərə doğru irəliləməyə çalışır. Rusiya ona ciddi təzyiq göstərmək istəsə də, hələlik bu istiqamətdə istədiyi nəticəni əldə edə bilmir. Bunun əsas səbəblərindən biri Rusiya Ukrayna müharibəsidir. Müharibə nəticəsində Rusiyanın həm iqtisadi resursları, həm də xarici siyasətdə təsir imkanları zəifləyib. Əksinə, Ermənistanın Aİ və ABŞ tərəfindən dəstəklənməsi daha da güclənir. Bütün bu amilləri nəzərə alaraq hesab edirəm ki, ilin sonuna qədər Ermənistan Aİİ-dən çıxmaq niyyətini açıqlaya bilər. Bununla yanaşı, ölkənin Aİ-yə üzvlüyü məsələsi də daha ciddi şəkildə gündəmə gələcək”.
Ayhan
14:00 12.11.2026
Oxunuş sayı: 34