Sahibkarlara şad xəbər: Şəffaflıq olacaq
Azərbaycanda nisyə satışla məşğul olan market və mağazalar üçün yeni maliyyə tələbləri gündəmə gəlib. Qəbul edilən qərara əsasən, nisyə satış portfelinin ümumi həcmi və alıcıların sayı ilə bağlı banklara təqdim olunan məlumatlarla kredit bürolarına ötürülən məlumatlar arasında uyğunluq yoxlanılacaq. Göstəricilər üzrə uyğunluğun 90 faizdən aşağı olması isə həmin sahibkarlara verilmiş kreditlərin qeyri-qənaətbəxş aktiv kimi təsnifləşdirilməsinə səbəb olacaq.
Bəs bu tələb nisyə satışla fəaliyyət göstərən marketlərin işinə necə təsir edəcək? Sahibkarlar üçün əlavə maliyyə və hesabat yükü yaranacaqmı? Yeni qaydalar nisyə satış imkanlarının məhdudlaşdırılmasına, hətta bu alış-veriş ənənəsinin tədricən aradan qalxmasına gətirib çıxara bilərmi? Nisyə dövrü başa çatır?
Mövzu ilə bağlı Crossmedia.az-a müsahibə verən iqtisadçı Fuad İbrahimov qeyd edib ki, bu qəbildən olan qərarlar, xüsusilə indiki şəraitdə, vətəndaşların gəlirlərinə nisbətən xərclərinin artdığı bir dövrdə mühüm əhəmiyyət daşıyır: “Təbii ki, hər kəs müxtəlif səbəblərdən əlavə vəsaitə ehtiyac duyur və kredit əldə etmək prosesinin daha rahat, yoxlamaların isə daha az olmasını istəyir. Lakin bu yanaşma dolayısı ilə vətəndaşları daha çox məsuliyyətsiz borclanmaya sövq edə bilər. Bu baxımdan istər bank olmayan kredit təşkilatları, istər banklar, istərsə də nisyə mal satışı ilə məşğul olan sahibkarlar üçün kredit bürolarının mövcudluğu təsadüfi deyil. Çünki hər kəs maliyyə öhdəliklərinə eyni dərəcədə məsuliyyətlə yanaşmır. Elə insanlar var ki, borclanmaq üçün nəyin bahasına olursa-olsun müxtəlif yollara əl atırlar. Bu isə nəticə etibarilə sahibkarların özlərinə də zərər vurur”.

İqtisadçı qeyd edib ki, məhz bu baxımdan məlumatların daha şəffaf şəkildə təqdim olunması istiqamətində atılan addımlar həm istehlakçıların, həm də bu sahədə fəaliyyət göstərən sahibkarların maraqlarının qorunmasına xidmət edir: “Cəmiyyətdə bu cür qərarlara müəyyən narazılıqla yanaşanlar ola bilər. Lakin ümumilikdə bunlar işin xeyrinə olan qərarlardır və dəstəklənməlidir. Hər kəs maliyyə münasibətlərində şəffaflığa üstünlük verməli, öhdəliklərini qanuni və düzgün yollarla yerinə yetirməlidir. İnsanlar məsuliyyətlərini dərk etməli və bu istiqamətdə müəyyən edilmiş qaydalara əməl etməlidirlər. Ona görə də bu qərar ciddi sahibkarlıq fəaliyyətinə maneə kimi qiymətləndirilməməli, yaxud nisyə mal satışının başa çatması kimi qəbul olunmamalıdır. Bu addım nisyə satış sisteminin aradan qaldırılmasına deyil, onun daha şəffaf və məsuliyyətli şəkildə həyata keçirilməsinə xidmət edir”.
Ayhan
15:00 12.11.2026
Oxunuş sayı: 29