İran Çindən Yaxın Şərqdə vasitəçilik etməsini istəyir
İran Yaxın Şərqdə münaqişələrin həlli və regional sabitliyin təmin olunması üçün Çinin vasitəçilik imkanlarından istifadə etməkdə maraqlı olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bu barədə açıqlama verib.
İranın Çinlə münasibətlər üzrə xüsusi nümayəndəsi də olan Qalibaf Pekinin Tehran və Ər-Riyad arasında diplomatik münasibətlərin bərpasında oynadığı rolu xatırladıb.
O bildirib ki, Çinin həmin prosesdəki vasitəçilik təcrübəsindən regionda mövcud olan digər münaqişələrin həllində də istifadə etmək mümkündür.
“Bildiyiniz kimi, Çin İran və Səudiyyə Ərəbistanı arasında vasitəçilik edib. Bu vasitəçilik sayəsində iki ölkə arasında münasibətlər bərpa olunub. Regionda sabitliyə nail olmaq üçün Çinlə oxşar əməkdaşlıq modellərindən istifadə edə bilərik”, – deyə Qalibaf vurğulayıb.
Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanı 2023-cü ilin martında Çinin vasitəçiliyi ilə diplomatik münasibətlərin bərpası barədə razılığa gəliblər.
16:41 12.11.2026
Oxunuş sayı: 33