Bakı rusiyalı turistlərin Yeni il seçiminə çevrilir
Rusiyalı turistlərin 2026-2027-ci illərin Yeni il tətili üçün Azərbaycana
aviabiletləri ötən illə müqayisədə təxminən iki dəfə çox alması ölkəmizin qış
turizmi istiqamətində artan marağını gündəmə gətirir. Bu göstərici Azərbaycanın
Rusiya vətəndaşları üçün Yeni il tətilini keçirmək baxımından cəlbedici
istiqamətlərdən birinə çevrildiyini göstərir. Xüsusilə Bakı şəhərinin bayram
ab-havası, qış mövsümündə təqdim olunan turizm imkanları, restoran və əyləncə
məkanları, eləcə də ölkənin müxtəlif bölgələrindəki istirahət mərkəzləri xarici
turistlərin seçimində rol oynaya bilər.
Turist axınındakı bu artımın arxasında bir neçə amil dayana bilər.
Azərbaycana coğrafi yaxınlıq, birbaşa aviareyslərin mövcudluğu, viza və səfər
prosedurları, qiymət siyasəti və turizm xidmətlərinin əlçatanlığı turistlərin
qərarına təsir edən əsas məqamlardandır. Bununla yanaşı, Yeni il dövründə
aviabiletlərə tələbatın artması uçuş qiymətlərinə, hotellərdə doluluğa və ümumi
turizm xidmətlərinin dəyərinə də təsir göstərə bilər.
Digər tərəfdən, artan marağın ölkənin turizm sektoruna real iqtisadi töhfəsinin hansı səviyyədə olacağı da diqqətə alınmalıdır. Turistlərin yalnız Bakıya deyil, regionlara da yönləndirilməsi, mövsümi turizm məhsullarının inkişafı və xidmət keyfiyyətinin qorunması bu axından daha səmərəli istifadə etməyə imkan verə bilər. Əsas məsələ artan turist sayını davamlı turizm gəlirlərinə çevirmək və ölkənin beynəlxalq turizm bazarında mövqeyini möhkəmləndirməkdir.

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlamasında turizm eksperti Lalə Paşayeva bildirib ki, Rusiya vətəndaşlarının
Azərbaycana vizasız səfər edə bilməsi turist axınının artmasına şərait yaradan
əsas amillərdən biridir:
“Bu, səyahət prosesini asanlaşdırır və turistlər üçün əlavə rahatlıq
yaradır. Digər mühüm amil coğrafi yaxınlıqdır. Rusiyadan, xüsusilə Moskva və
digər böyük şəhərlərdən Bakıya birbaşa uçuş imkanlarının olması ölkəmizi
rusiyalı turistlər üçün əlçatan istiqamətə çevirir.
Qiymət və xidmət baxımından da Azərbaycan müxtəlif büdcələrə uyğun hotellər,
restoranlar və istirahət imkanları təklif edir. Bununla yanaşı, Bakı Yeni il
ərəfəsində xüsusi gözəlliyə bürünür. Küçələrin bəzədilməsi, bayram işıqları,
restoranlar, konsertlər və əyləncə məkanları turistlərin marağına səbəb olur.
Rusiyalı turistlərin Azərbaycan mətbəxinə, milli yeməklərimizə və
qonaqpərvərliyimizə marağını da nəzərə almaq lazımdır. Bundan başqa, ölkəmizdə
yalnız şəhər turizmi deyil, qış istirahəti üçün də geniş imkanlar var. Qəbələ,
Şahdağ, Qusar, Quba və digər bölgələrdə turistlər fərqli istirahət növlərindən
yararlana bilərlər.
Azərbaycan vətəndaşlarının böyük bir hissəsinin rus dilində ünsiyyət qura
bilməsi də əlavə üstünlükdür. Rusiyalı turistlər özlərini rahat ifadə edə,
yerli sakinlərlə ünsiyyət zamanı çətinlik yaşamadan, müəyyən mənada özlərini
evlərindəki kimi hiss edə bilirlər.
Turist axınının artması Azərbaycan iqtisadiyyatı üçün real gəlir və yeni iş
imkanları deməkdir. İlk növbədə, hotellərdə otaqların doluluğu artacaq,
xüsusilə Yeni il dövründə gəlirlər yüksələcək. Restoran və kafelərdə
turistlərin yemək, əyləncə və digər xidmətlərə xərclədiyi vəsait dövriyyənin
artmasına səbəb olacaq.
Bundan regionlar da faydalana bilər. Qəbələ, Qusar, Şahdağ, Quba və digər
turizm məkanlarında fəaliyyət göstərən hotellər, restoranlar, xizək mərkəzləri
və istirahət kompleksləri əlavə gəlir əldə edəcəklər. Eyni zamanda, nəqliyyat
sektorunda taksi, transfer, avtomobil icarəsi və ekskursiya xidmətlərinə
tələbat artacaq. Yerli sahibkarlar isə hədiyyəlik əşyaların, əl işlərinin,
yerli məhsulların və digər xidmətlərin satışından qazanc əldə edə biləcəklər.
Beləliklə, turizmin inkişafından ölkənin müxtəlif bölgələrində yaşayan
vətəndaşlar da faydalana bilərlər.
Məncə, bu imkanlardan daha səmərəli yararlanmaq üçün bir neçə istiqamətə
xüsusi diqqət yetirmək lazımdır.
İlk növbədə, Rusiyada Azərbaycanın turizm potensialının reklamı
genişləndirilməlidir. Bakı ilə yanaşı, regionlarımızın da rusiyalı turistlərə
daha geniş tanıdılması vacibdir.
Yeni il dövrü üçün xüsusi turizm paketlərinin hazırlanması da məqsədəuyğun
olardı. Otel, transfer, ekskursiya, restoran və əyləncə xidmətlərini
birləşdirən sərfəli paketlər turistlərin marağını artıra bilər.
Turistləri yalnız Bakıda saxlamaq yox, onları Qəbələ, Şahdağ, Qusar, Quba və
digər bölgələrə də yönləndirmək lazımdır. Bu, regionlarda yaşayan
vətəndaşlarımız üçün də əlavə iş imkanları və gəlir mənbələri yaradacaq.
Digər vacib məsələ qiymət və xidmət keyfiyyətinə nəzarətdir. Xüsusilə bayram
günlərində turistlərə süni qiymət artımlarının tətbiq olunmasına yol
verilməməlidir. Çünki belə hallar ölkəmizin turizm imicinə mənfi təsir göstərə
bilər.
Rusiya turizm şirkətləri ilə əməkdaşlığın gücləndirilməsi də mühüm əhəmiyyət
daşıyır. Bu istiqamətdə müəyyən işlər görülsə də, daha geniş təşəbbüslərə
ehtiyac var. Məsələn, Rusiya tərəfindən bir neçə dəfə yerli turizm
şirkətlərimiz üçün tanışlıq səfərləri – *famtrip*lər təşkil olunub. Həmin
səfərlər çərçivəsində şirkət nümayəndələri Rusiyanın turizm məkanları ilə
yaxından tanış olub, sonradan bu istiqamətləri tanıtmaq və satışını həyata
keçirmək imkanı əldə ediblər.
Hesab edirəm ki, Azərbaycan tərəfi də oxşar təşəbbüsləri həyata
keçirməlidir. Rusiyadakı turizm şirkətlərinin nümayəndələri ölkəmizə dəvət
olunmalı, Bakı və regionlarımızın turizm imkanları onlara yerində
göstərilməlidir. Beləliklə, həmin şirkətlər Azərbaycanı daha yaxından tanıyar,
ölkəmizin turizm potensialını öz müştərilərinə daha effektiv təqdim edər və
turist cəlb etmək üçün daha fəal çalışarlar”.
Məhəbbət Tərlanoğlu
16:15 12.11.2026
Oxunuş sayı: 40