Hörmüz boğazında iki neft tankeri partlayıb: 4 milyon bareldən çox neft yanır
Hörmüz boğazında ümumilikdə 4 milyon bareldən çox neft daşıyan iki supertankerdə güclü partlayış baş verdiyi və gəmilərin yanmağa başladığı bildirilir.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat yayıb.
SEPAH-ın açıqlamasına görə, hadisə noyabrın 11-dən 12-nə keçən gecə Hörmüz boğazının cənub hissəsində baş verib.
Bildirilib ki, tankerlər İranın qadağan olunmuş hesab etdiyi dəniz marşrutu ilə hərəkət edərkən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayıblar.
Nəticədə güclü partlayış baş verib və hər iki gəmi hərəkət qabiliyyətini itirib.
İran dövlət mediası daha sonra tankerlərin dəniz minalarına toxunması nəticəsində partladığını iddia edib.
SEPAH xəbərdarlıq edib ki, Fars körfəzi və Hörmüz boğazında naviqasiya sistemlərini söndürərək ABŞ hərbçiləri ilə əməkdaşlıq edən və qadağan olunmuş marşrutdan istifadə edən gəmilər də oxşar hadisələrlə üzləşə bilər.
Hadisəyə məruz qalan tankerlərin adları və hansı ölkələrə məxsus olduğu açıqlanmayıb. Ölən və yaralananlar barədə də məlumat verilməyib.
Partlayışların başvermə səbəbi və hadisənin digər təfərrüatları müstəqil şəkildə təsdiqlənməyib.
16:08 12.11.2026
Oxunuş sayı: 28