Sonabəyim Hüseynzadə: Bizim məqsədimiz insanları əvəz etmək deyil, davam edən mövcud problemləri həll etməkdir
Azərbaycanın beynəlxalq aləmdə tanıdılması və milli kimliyimizin daha geniş auditoriyalara çatdırılması müxtəlif sahələrdə həyata keçirilən fəaliyyətlər və təşəbbüslər vasitəsilə mümkün olur. Bu prosesdə dövlətlərarası diplomatik münasibətlər, rəsmi görüşlər və beynəlxalq layihələrlə yanaşı, xarici ölkələrdə yaşayan azərbaycanlıların şəxsi nailiyyətləri, peşəkar fəaliyyəti, elmi araşdırmaları və yaradıcılığı da mühüm əhəmiyyət daşıyır. Soydaşlarımızın dünyanın müxtəlif ölkələrində əldə etdikləri uğurlar Azərbaycan haqqında müsbət rəyin formalaşmasına, milli-mədəni dəyərlərimizin tanıdılmasına və ölkəmizin beynəlxalq mədəniyyət mühitində mövqeyinin güclənməsinə töhfə verir. Bu istiqamətdə musiqi sənəti Azərbaycanın zəngin mədəni irsinin dünyaya təqdim olunmasında və xalqlar arasında mədəni əlaqələrin inkişafında mühüm vasitədir. Dil fərqlərini aradan qaldıran musiqi müxtəlif cəmiyyətləri ortaq duyğular ətrafında birləşdirərək milli ənənələrimizin, tarixi yaddaşımızın və mənəvi dəyərlərimizin beynəlxalq səviyyədə tanıdılmasına şərait yaradır. Xüsusilə xaricdə yaşayan azərbaycanlı bəstəkarların, musiqişünasların və kulturoloqların fəaliyyəti bu baxımdan xüsusi diqqətə layiqdir. Onların müxtəlif ölkələrdə həyata keçirdikləri yaradıcılıq layihələri, elmi tədqiqatları və sənət təşəbbüsləri Azərbaycan musiqisinin təbliğinə, milli musiqi ənənələrinin müasir yaradıcılıqla birləşdirilməsinə və mədəniyyətlərarası əlaqələrin genişlənməsinə xidmət edir.
“Zəfər diasporu” layihəsi çərçivəsində Crossmedia.az-ın bu dəfəki müsahibi Çində yaşayan, Şvarsman Təqaüdçüsü kimi Tsinghua Universitetində Beynəlxalq Əlaqələr üzrə Magistr proqramına başlayan Sonabəyim Hüseynzadədir.
- Siz robotların insan emosiyalarını real vaxt rejimində tanıması və onlara uyğun reaksiya verməsi üzərində çalışırsınız. Sizcə, süni intellekt nə vaxtsa insanın hisslərini sadəcə təqlid etməkdən çıxıb, onları həqiqətən anlamaq səviyyəsinə çata bilərmi? Bu sərhədin aşılması insan və robot münasibətlərini necə dəyişər?
- Məncə, insanlar çox vaxt diqqətlərini süni intellekti emosional baxımdan daha həssas etməyə, onun bizi həqiqətən anlamasına, hətta bəzi hallarda AGI yaratmağa – yəni insanla eyni səviyyədə şüur və dünyagörüşü formalaşdırmağa yönəldirlər. Hazırda biz AGI-dən uzağıq və deyərdim ki, dörd ölkədə 2,000-dən çox yetkin şəxs üzərində bir il ərzində aparılan araşdırma isə bu əlaqənin ikitərəfli işlədiyini müəyyən edib, tənha insanlar chatbotlara üz tutur, daha intensiv istifadə isə sonradan daha çox emosional təcridlə nəticələnir. Bəlkə də bizə həqiqətən bizi anlayan kimsə lazım deyil, sadəcə reallığımızda mövcud olan biri lazımdır.
- Tədqiqatlarınızda yaşlı insanlarla emosional ünsiyyət qura bilən avtonom androidlərin yaradılmasına xüsusi yer ayırmısınız. Belə robotların gələcəkdə tənhalıq probleminin həllinə kömək edəcəyi gözlənilir. Bəs insanın emosional ehtiyaclarını texnologiya vasitəsilə qarşılamaq cəmiyyətdə canlı ünsiyyətə olan tələbatı azalda bilərmi?

- Hazırda dünya tənhalıq epidemiyası ilə üzləşir. ÜST-ün Sosial Əlaqə Komissiyası qlobal tənhalıq yayılmasını modelləşdirərək (13 və daha yuxarı yaşları əhatə edir) təxmin edib ki, dünya üzrə təxminən hər 6 nəfərdən biri (~15,8\%) müntəzəm tənhalıq yaşayır. Emosional dəstək robotları problem yaratmır, əksinə, həll yolları təklif edir. Təəssüf ki, insanlar emosional səviyyədə bir-biri ilə əlaqə qurma qabiliyyətlərini tədricən itirirlər; xüsusilə Covid-dən sonra insanların çoxu danışmaq qabiliyyətini itirib və daha çox insan sosial mediada vaxt keçirir, bu da sosial təcrid problemini yaradır. Ən həssas qrup tək qalan yaşlılardır və hər bir insan kimi ünsiyyət onlar üçün də ehtiyacdır. Əgər qayğıkeş insan mövcud deyilsə, onları dəstəkləyən və dinləyən humanoid robotun olması daha yaxşı olardı. Bizim məqsədimiz insanları əvəz etmək deyil, davam edən mövcud problemləri həll etməkdir.
- Siz Almaniya və Çin kimi texnoloji baxımdan inkişaf etmiş iki ölkədə robototexnikanın tənzimlənməsini müqayisə edirsiniz. Bu təcrübədən çıxış edərək, Azərbaycanın süni intellekt və robototexnika sahəsində regional innovasiya mərkəzinə çevrilməsi üçün hansı addımları prioritet hesab edirsiniz?
- Son 8 ildir Almaniyada yaşasam da, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, ADA Universitetində, və Xəzər Universitetində mühazirələr vermək üçün müntəzəm olaraq Bakıya gedirəm. WIE IEEE sədri kimi mənim missiyam gələcək nəslin xaricdə biliklərə çıxış imkanına malik olmasını, innovasiya edə bilməsini və qlobal layihə və təşəbbüslərlə əlaqə qura bilməsini təmin etməkdir. Məncə, hazırda Azərbaycana elmi mərkəzlər və R&D sahəsinə, xüsusilə robototexnika və mühəndislik sahələrinə investisiya lazımdır. Lakin bir ölkənin Qafqazda innovasiya mərkəzinə çevrilməsi üçün mütləq elmi mərkəzlər olmalı, patentlərə, innovativ layihələrə prioritet verilməli və akademiyanın keyfiyyəti yüksəldilməlidir. Akademik sahə həmişə sənayenin məhsullarını buraxmasından əvvəl gəlir; hər hansı sahədə lider olmaq istəyiriksə, güclü akademik layihələr və əməkdaşlıqlar prioritet siyahısında birinci yerdə olmalıdır. Mən də Azərbaycan gənclərini akademiyada innovasiya əldə etmək və yeni yol kəşf etmək üçün dəstəkləmək üçün əlimdən gələni edirəm.
- Siz mühəndislik, robototexnika, beynəlxalq münasibətlər və incəsənəti birləşdirən multidissiplinar fəaliyyət göstərirsiniz. Xüsusilə, “Custodia Animae” əsəriniz texnologiya ilə sənətin kəsişməsini əks etdirir. Sizcə, gələcəyin böyük texnoloji kəşfləri daha çox mühəndislik laboratoriyalarında, yoxsa fərqli elmi və yaradıcı sahələrin birləşdiyi mühitlərdə yaranacaq?

- "Custodia Animae" mənim tədqiqat nəticələrimdən doğan bir əsərdir. Mən qeyri-səlis sistemlərin emosional modelləşdirmədə necə tətbiq oluna biləcəyi üzərində çalışıram və Heidelberg Laureate Forumu (yalnız müstəsna istedadlı bir neçə gənc tədqiqatçı, Nobel laureatları, Field medalçıları və Turing mükafatı qalibləri üçün açıq olan nadir imkandır) kimi bir fürsətdə seçildiyim və "Gestalt" sərgisinin bir hissəsi olduğum zaman bu əsər yarandı. İncəsənət riyaziyyatdan və ya fizikadan ayrı deyil; təmiz riyaziyyat sahəsində olanda, tədqiqat aparmaq, yeni tənlik kəşf etmək və ya eksperiment keçirmək üçün sizdə təxəyyül və qəbul edilmiş normalardan kənara çıxmaq qabiliyyəti olmalıdır. Buna görə də hesab edirəm ki, multidissiplinar sahə innovasiya üçün çox vacib və əsasdır.
- Siz Almaniya, Yaponiya və Çin kimi ölkələrdə elmi fəaliyyət göstərərək beynəlxalq akademik mühitdə Azərbaycanı təmsil edirsiniz. Xaricdə yaşayan azərbaycanlı gənc alimlərin diaspor fəaliyyətində rolunu necə qiymətləndirirsiniz? Siz şəxsən Azərbaycanın beynəlxalq elmi və ictimai mühitdə tanıdılması, eləcə də xaricdəki azərbaycanlı gənclər arasında əlaqələrin gücləndirilməsi istiqamətində hansı təşəbbüslərdə iştirak edirsiniz?
- Hazırda mən Çində, Tsinghua Universitetinin Schwarzman Kollecində Azərbaycanı təmsil edirəm. Bu, mənim üçün çox vacib bir məqamdır, çünki hər il hər bir təqaüdçünün ölkəsinin bayrağı kollecin içində ölkəni təmsil etmək üçün yerləşdirilir. Bu yaxınlarda Zəfər Günü qeyd etməsi üçün Çindəki Azərbaycan Səfirliyində oldum və Almaniyada işlədiyim və təhsil aldığım müddətdə Avropada Azərbaycanlı Mühəndislər forumunda robototexnika ilə Yaponiyada apardığım tədqiqat la bağlı çıxış etmişəm. London 2026-da sosial robototexnika üzrə beynəlxalq konfransda xüsusi sessiya təşkil etmək üçün azərbaycanlı tədqiqatçılarla əməkdaşlıq etmişəm. Mən Azərbaycanda və ondan kənarda elmi əməkdaşlıq və təbliğ imkanlarını alqışlayıram.
Ayhan
14:00 07.11.2026
Oxunuş sayı: 63