İrandan nüvə doktrinası ilə bağlı xəbərdarlıq
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkə rəhbərliyinin nüvə doktrinasını dəyişdirmək qərarı verəcəyi təqdirdə bunun üçün lazımi hazırlıqların görüləcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, SEPAH-ın sözçüsü Hüseyn Mohebbi bu barədə İranın “Fars” xəbər agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ölkə rəhbərliyi nüvə siyasətinə yenidən baxılması barədə qərar qəbul edərsə, SEPAH həmin qərarın həyata keçirilməsi üçün zəruri hazırlıq tədbirlərini görəcək.
“Əgər ölkə rəhbərliyi bu istiqamətdə hərəkət etməyin vacib olduğu qənaətinə gələrsə, biz lazımi hazırlığı təmin edəcəyik”, – deyə Mohebbi vurğulayıb.
SEPAH rəsmisi İranın raket imkanlarından da danışıb.
O bildirib ki, ölkənin raketlərinin mənzilinin artırılması istiqamətində işlər fasiləsiz davam etdirilir.
Mohebbi həmçinin İrana düşmən mövqedə olan ölkələrin obyektlərinin İranın zərbə imkanları daxilində yerləşdiyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi noyabrın 1-də ölkənin nüvə doktrinasının dəyişdirilməsi ilə bağlı hələlik rəsmi qərar qəbul olunmadığını açıqlayıb. Bununla belə, mümkün dəyişikliklərlə bağlı müzakirələrin aparıldığını təsdiqləyib.
13:53 07.11.2026
Oxunuş sayı: 46