Xidmət sektorunda milli brendlərin formalaşması və Azərbaycanın identikliyi məsələləri
Qloballaşma şəraitində milli iqtisadiyyatların rəqabət qabiliyyəti yalnız istehsal həcmi və ya texnoloji inkişaf səviyyəsi ilə deyil, eyni zamanda ölkənin özünəməxsus dəyərlərini iqtisadi sistemə inteqrasiya etmə bacarığı ilə müəyyən olunur. Bu kontekstdə milli brendlər həm iqtisadi, həm də mədəni identikliyin daşıyıcısı kimi çıxış edir və ölkənin beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayır.
Azərbaycan iqtisadiyyatında son illərdə aparılan islahatlar qeyri-neft sektorunun inkişafını prioritet istiqamət kimi müəyyən etmişdir. Bu istiqamətdə “Made in Azerbaijan” təşəbbüsü yerli məhsul və xidmətlərin beynəlxalq bazarlarda tanıdılması üçün strateji platforma rolunu oynayır. Mövcud potensiala baxmayaraq, milli brendlərin sistemli və davamlı şəkildə formalaşdırılması, onların rəqəmsal mühitdə effektiv təqdimatı və qlobal bazarlara inteqrasiyası hələ də aktual olaraq qalır. Milli brendlərin inkişafı yalnız iqtisadi faktorlarla məhdudlaşmır; bu proses həm də xalqın tarixi-mədəni irsinin müasir iqtisadi modelə uyğunlaşdırılmasını tələb edir. Azərbaycanın zəngin mədəni elementləri – o cümlədən kəlağayı sənəti, xalçaçılıq ənənələri, milli mətbəx və çay mədəniyyəti – düzgün brendləşmə strategiyası ilə yüksək əlavə dəyər yaradan iqtisadi resursa çevrilə bilər. Eyni zamanda, rəqəmsallaşma və yeni texnologiyalar milli brendlərin təşviqində yeni imkanlar açır. Sosial media platformaları, e-ticarət sistemləri və rəqəmsal marketinq alətləri vasitəsilə lokal məhsulların qlobal auditoriyaya çıxışı daha əlçatan olmuşdur. Bu isə milli dəyərlərin yalnız qorunması deyil, həm də müasir bazar mexanizmləri vasitəsilə kommersiyalaşdırılması üçün əlverişli şərait yaradır.
Potensial-oriyentasiyalı yanaşmanın nəzəri əsasları
İqtisadi potensial anlayışı ənənəvi olaraq təbii resurslar, əmək ehtiyatları və kapital imkanları ilə əlaqələndirilmişdir. Lakin müasir iqtisadi nəzəriyyədə potensial daha geniş məna daşıyır və institusional, mədəni və sosial resursları da əhatə edir. Bu kontekstdə potensial-oriyentasiyalı inkişaf modeli mövcud, lakin tam reallaşdırılmamış imkanların üzə çıxarılmasını və sistemli iqtisadi mexanizmlərlə aktivləşdirilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyalarında regional balansın qorunması və yerli resursların səmərəli istifa-dəsi əsas prioritetlərdən biri kimi müəyyən edilmişdir. Bu yanaşma potensial-oriyentasiyalı modelin praktiki tətbiqi üçün institusional baza yaradır. Xüsusilə regionların ixtisaslaşması siyasəti yerli üstünlüklərin müəyyən edilməsi və həmin üstünlüklərin iqtisadi dəyərə çevrilməsi istiqamətində mühüm addımdır.
Potensial yalnız maddi resurslarla məhdudlaşmır. Mədəni irs, ənənəvi sənətkarlıq, regional mətbəx və sosial davranış modelləri də iqtisadi dəyər yarada bilən qeyri-maddi resurslardır. Bu resursların sistemli şəkildə brendləşdirilməsi və xidmət sektoruna inteqrasiyası dayanıqlı inkişaf üçün mühüm zəmin yaradır. Araşdırmalar göstərir ki, iqtisadiyyat cəmiyyətin sosial strukturu və mədəni xüsusiyyətlərindən təcrid olunmuş şəkildə mövcud ola bilməz. Hər bir ölkənin iqtisadi modeli onun tarixi təcrübəsi, mentaliteti və dəyərlər sistemi ilə sıx bağlıdır. Azərbaycan cəmiyyətində ailə institutunun güclü olması, kollektivçilik meyilləri və ənənəvi qonaqpərvərlik mədəniyyəti xidmət sektorunun inkişafı üçün mühüm sosial baza yaradır.
Mədəni-sosial kontekst nəzərə alınmadan qurulan iqtisadi strategiyalar uzunmüddətli perspektivdə effektiv olmur. Bu səbəbdən regional brendləşmə və xidmət sektorunun inkişafı prosesində yerli əhalinin dəyərləri, adət-ənənələri və sosial münasibət formaları diqqət mərkəzində saxlanılmalıdır.
Türkiyə təcrübəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Türkiyədə regional mədəniyyət elementləri – qastronomiya, sənətkarlıq, tarixi irs – iqtisadi inkişaf strategiyasının ayrılmaz hissəsinə çevrilmişdir. Məsələn, müəyyən şəhərlərin konkret mədəni xüsusiyyətlər üzərində mövqeləndirilməsi həm daxili, həm də beynəlxalq turizm axınını artırmışdır. Bu model Azərbaycan üçün də uyğun adaptasiya nümunəsi ola bilər. Milli-mədəni xüsusiyyətlər, adət-ənənələr ilə yanaşı, milli ruh da iqtisadi tərəqqidə önəmli rol oynayır. Ümumiyyətlə, milli ruh anlayışı yalnız ideoloji kateqoriya deyil, həm də iqtisadi davranış modelinə təsir edən amildir. İstehsalçı və istehlakçı davranışı, yerli məhsula münasibət, sahibkarlıq təşəbbüsləri milli identiklik və özünüdərk səviyyəsi ilə sıx əlaqəlidir. Milli ruh üzərində qurulan iqtisadi strategiya daxili bazarda yerli məhsullara üstünlük verilməsini təşviq edir, regional brendlərin formalaşmasını sürətləndirir və ixrac potensialını gücləndirir. Bu kontekstdə coğrafi göstəricilərin tətbiqi, mədəni irsin qorunması və milli məhsulların beynəlxalq platformalarda tanıdılması strateji əhəmiyyət daşıyır. Azərbaycanın tarixi-mədəni müxtəlifliyi iqtisadi strategiyanın diferensiallaşdırılmış formada qurulmasına imkan verir. Hər bir regionun özünəməxsus identikliyi mövcuddur və bu identiklik iqtisadi modelin əsas dayağına çevrilə bilər. Beləliklə, milli ruh və iqtisadi potensial bir-birini tamamlayan və qarşılıqlı şəkildə gücləndirən kateqoriyalar kimi çıxış edir.
Milli brendlərin iqtisadi rolu və nəzəri əsasları
Müasir iqtisadi nəzəriyyələrdə brendləşmə yalnız marketinq aləti kimi deyil, eyni zamanda strateji iqtisadi resurs kimi qiymətləndirilir. Xüsusilə milli brendlər ölkənin yumşaq gücünün (soft power) formalaşmasında və ixrac potensialının genişləndirilməsində mühüm rol oynayır. Bu baxımdan milli brendlər həm daxili bazarda istehlakçı davranışlarına təsir edir, həm də beynəlxalq bazarlarda ölkənin rəqabət üstünlüyünü artırır. Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən siyasətlər milli brendlərin formalaşdırılmasını zəruri edir. Statistik göstəricilər göstərir ki, son illərdə qeyri-neft ixracının artım dinamikası müşahidə olunsa da, bu artımın strukturunda yüksək əlavə dəyər yaradan brend məhsulların payı hələ də məhduddur. Bu isə onu göstərir ki, istehsal mövcuddur, lakin brendləşmə və bazar mövqeləndirilməsi kifayət qədər inkişaf etməmişdir. Azərbaycan iqtisadiyyatında milli brendlərin rəqabət qabiliyyətinin yüksəldilməsi üçün təkcə istehsalın artırılması kifayət deyil; eyni zamanda istehsal olunan məhsulların effektiv şəkildə bazara təqdimatı və brendləşdirilməsi də mühüm rol oynayır. Bu göstərir ki, milli brendlər iqtisadi sistemdə yalnız tamamlayıcı element deyil, eyni zamanda əsas komponentlərdən biridir.
Milli brendlərin iqtisadi təsiri bir neçə istiqamətdə özünü göstərir. İlk növbədə, brendləşmə məhsulun əlavə dəyərini artıraraq daha yüksək qiymətlə satış imkanları yaradır. İkinci olaraq, güclü brend istehlakçı etibarını formalaşdırır və bazarda davamlı tələb yaradır. Üçüncü olaraq isə milli brendlər ölkənin turizm sektoruna dolayı təsir göstərərək xidmət ixracını genişləndirir. Bu kontekstdə Azərbaycanın zəngin mədəni irsi mühüm iqtisadi resurs kimi çıxış edə bilər. Məsələn, kəlağayı, xalçaçılıq və milli mətbəx elementləri yalnız mədəni dəyər daşımır, eyni zamanda düzgün mövqeləndirmə ilə beynəlxalq bazarlarda premium seqmentə daxil ola biləcək məhsullardır. Bu isə “Made in Azerbaijan” brendinin təkcə məhsul mənşəyi deyil, keyfiyyət və orijinallıq göstəricisi kimi qəbul edilməsinə şərait yaradır. Eyni zamanda, qlobal təcrübə göstərir ki, milli brendlərin inkişafı üçün dövlət dəstəyi, institusional koordinasiya və özəl sektorun aktiv iştirakı vacib şərtlərdir. Bu elementlərin sinerjisi olmadan milli brendlərin davamlı və sistemli inkişafı mümkün olmur.
Azərbaycanın xidmət sektorunun mövcud vəziyyəti və struktur xüsusiyyətləri
Azərbaycan iqtisadiyyatında xidmət sektoru son illərdə ÜDM-in formalaşmasında mühüm paya malik olmuşdur. Ticarət, nəqliyyat, turizm, ictimai iaşə, maliyyə və digər xidmət sahələri qeyri-neft sektorunun əsas istiqamətlərini təşkil edir. Dövlət səviyyəsində aparılan iqtisadi şaxələndirmə siyasəti xidmət sektorunun inkişafını prioritet kimi müəyyən etmişdir.
Bununla belə, xidmət sektorunun mövcud inkişaf modeli əsasən şəhər mərkəzli və standartlaşmış xidmətlər üzərində qurulmuşdur. Regional identiklik və mədəni potensialın sistemli şəkildə bu sektora inteqrasiyası hələ tam reallaşmamışdır. Halbuki, Azərbaycanın hər bir bölgəsi spesifik iqtisadi-mədəni üstünlüklərə malikdir və bu üstünlüklər xidmət sektorunun diferensial inkişafı üçün geniş imkanlar yaradır. Xidmət sektorunun dayanıqlı inkişafı üçün üç əsas amil vacibdir:
– regional ixtisaslaşma;
– brendləşmə və bazar mövqeləndirməsi;
– mədəni kapitalın iqtisadi mexanizmlərə inteqrasiyası.
Bu baxımdan regional modellərin formalaşdırılması [6], yalnız turizm sahəsinin deyil, ümumi-likdə xidmət sektorunun rəqabət qabiliyyətini artıran strateji yanaşma kimi qəbul edilə bilər. Konkret nümunələr üzərində yanaşmanı daha ətraflı nəzərdən keçirək.
Məsələn, Şəki şəhəri tarixən sənətkarlıq və ticarət mərkəzi kimi formalaşmışdır. Bu şəhərin mətbəxi özünəməxsus kulinariya ənənələri ilə seçilir və artıq daxili turizmdə müəyyən mövqeyə malikdir. “Şəki mətbəxi modeli” regional qastronomiyanın sistemli şəkildə brendləşdirilməsi və xidmət sektoruna inteqrasiya konsepsiyasını ifadə edir. Bu model çərçivəsində aşağıdakı istiqamətlər prioritet hesab edilə bilər:
● Şəkiyə məxsus məhsulların pasportlaşdırılması (patentləşdirilməsi) və qorunması;
● tematik restoran və kulinariya festivallarının təşkili;
● mətbəx mədəniyyətinin turizm marşrutlarına inteqrasiyası;
● kulinariya üzrə peşə təhsili proqramlarının genişləndirilməsi.
Türkiyədə Qaziantep mətbəxinin beynəlxalq səviyyədə tanınması və UNESCO-nun “Yaradıcı Şəhərlər Şəbəkəsi”nə daxil edilməsi regional qastronomiyanın iqtisadi təsir gücünü nümayiş etdirir. Oxşar model Şəki üçün tətbiq olunduğu halda region həm daxili, həm də xarici turist axını baxımından daha güclü mövqeyə sahib ola bilər. Beləliklə, Şəki mətbəxi yalnız qida sektoru deyil, həm də turizm, təhsil və kiçik sahibkarlıq üçün çoxşaxəli iqtisadi platformaya çevrilə bilər.
Digər bir nümunə Qarabağ xalça identikliyidir. Azərbaycan xalçaçılıq ənənəsi beynəlxalq səviyyədə tanınmış mədəni irs nümunəsidir. Qarabağ xalça məktəbi isə ornamentika və kompo-zisiya baxımından xüsusi fərqlənir. “Qarabağ xalça identikliyi” modeli bu sənətin iqtisadi kapitallaşdırılmasını və xidmət sektoruna inteqrasiyasını nəzərdə tutur. Bu istiqamətdə aşağıdakı mexanizmlər təklif oluna bilər:
● xalça emalatxanalarının turizm obyektinə çevrilməsi;
● “canlı istehsal” konsepsiyası əsasında turistlər üçün təcrübə proqramları;
● dizayn və interyer sektorunda Qarabağ ornamentlərinin istifadəsi;
● yüksək gəlirli bazarlara yönəlmiş premium ixrac strategiyası.
Türkiyədə Kapadokya və Konya bölgələrində xalçaçılıq sənətinin turizm məhsulu kimi təqdim edilməsi iqtisadi baxımdan uğurlu nəticələr vermişdir. Azərbaycan da Qarabağ regionunda analoji yanaşmanı tətbiq etməklə həm mədəni irsi qoruyar, həm də regionun sosial-iqtisadi dirçəlişinə töhfə verə bilər. Bu model mədəniyyət, turizm və istehsal sektorları arasında sinerji yaradır və yüksək əlavə dəyər formalaşdırır.
Oxşar təcrübənin Lənkəran çay mədəniyyəti timsalında da nəzərdən keçirə bilərik. Aydındır ki, Lənkəran bölgəsi Azərbaycanın çayçılıq mərkəzi kimi tanınır. Çay yalnız kənd təsərrüfatı məhsulu deyil, sosial ünsiyyət və qonaqpərvərlik mədəniyyətinin ayrılmaz hissəsidir. “Lənkəran çay mədəniyyəti” modeli aqrar sektor ilə xidmət sektorunun inteqrasiyasına əsaslanır. Bu modelin əsas istiqamətləri aşağıdakılar ola bilər:
● çay plantasiyalarının aqroturizm obyektlərinə çevrilməsi;
● çay dequstasiya və təqdimat mərkəzlərinin yaradılması;
● yerli çay brendlərinin formalaşdırılması və ixrac təşviqi;
● çay mədəniyyəti festivallarının təşkili.
Türkiyənin Rize bölgəsində çay turizminin inkişafı göstərir ki, kənd təsərrüfatı məhsulu düzgün marketinq və infrastrukturla xidmət sektorunun əsas dayaqlarından birinə çevrilə bilər. Azərbaycan üçün Lənkəran modeli regional məşğulluğun artmasına və kənd yerlərində gəlir səviyyəsinin yüksəlməsinə şərait yarada bilər.
Bu yanaşma aqrar potensialın dəyər zəncirinin genişləndirilməsi və əlavə xidmət komponentləri ilə zənginləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Yuxarıda təqdim olunan regional modellər ümumi xidmət sektorunun struktur transformasiyasını tələb edir. Bu transformasiya üçün aşağıdakı strateji addımlar məqsədəuyğun hesab edilir:
⮚ Regional brendlərin dövlət səviyyəsində vahid konsepsiya əsasında koordinasiyası;
⮚ Coğrafi göstərici sisteminin geniş tətbiqi və beynəlxalq qeydiyyat mexanizmlərinin aktivləşdirilməsi;
⮚ Dövlət–özəl sektor tərəfdaşlığının gücləndirilməsi;
⮚ Regional xidmət klasterlərinin yaradılması və ixtisaslaşma siyasətinin dərinləşdirilməsi;
⮚ Milli xüsusiyyətlərin qorunması şərti ilə Türkiyə təcrübəsinin adaptasiyası.
Bu yanaşma nəticəsində xidmət sektoru yalnız iqtisadi fəaliyyət sahəsi kimi deyil, həm də milli identikliyin daşıyıcısı kimi formalaşa bilər.
Azərbaycanın milli brend potensialı və praktik imkanlar
Azərbaycan zəngin tarixi-mədəni irsə malik ölkə kimi milli brendlərin formalaşdırılması üçün unikal resurs bazasına sahibdir. Bu resurslar yalnız mədəni dəyər kimi deyil, eyni zamanda iqtisadi baxımdan yüksək əlavə dəyər yaradan məhsul və xidmətlərə çevrilə biləcək potensiala malikdir. Lakin bu potensialın tam reallaşdırılması üçün sistemli yanaşma və müasir brendləşmə strategiyalarının tətbiqi vacibdir.
Azərbaycanın milli brend potensialının əsas istiqamətlərindən biri ənənəvi sənətkarlıq nümunələridir. Xüsusilə kəlağayı sənəti UNESCO tərəfindən qeyri-maddi mədəni irs kimi tanınmaqla yanaşı, həm də beynəlxalq bazarlarda fərqləndirilə biləcək unikal məhsuldur. Kəlağayının dizayn, rəng və simvolika baxımından zənginliyi onu yalnız suvenir deyil, həm də yüksək moda seqmentində mövqeləndirilə biləcək məhsula çevirir. Lakin bu sahədə əsas problem məhsulun müasir bazar tələblərinə uyğunlaşdırılması və effektiv marketinq strategiyalarının çatışmazlığıdır.
Digər mühüm istiqamət milli mətbəxdir. Azərbaycan mətbəxi müxtəlifliyi və orijinallığı ilə seçilir və bu sahədə brendləşmə potensialı olduqca yüksəkdir. Kulinariya ənənələrinin iqtisadi potensialı ilə bağlı azərbaycanlı alim, əməkdar mədəniyyət işçisi T.Əmiraslanov qeyd edir ki, milli mətbəx yalnız qida deyil, eyni zamanda ölkənin mədəniyyətinin və həyat tərzinin təqdimat vasitəsidir. Plov, dolma, piti kimi milli yeməklər artıq region səviyyəsində tanınsa da, onların qlobal səviyyədə sistemli şəkildə təqdimatı hələ də məhduddur. Halbuki düzgün konseptual yanaşma ilə bu məhsullar restoran şəbəkələri, hazır qida məhsulları və kulinariya turizmi vasitəsilə “Made in Azerbaijan” brendi altında beynəlxalq bazarlara çıxarıla bilər.
Çay mədəniyyəti də Azərbaycanın milli identikliyinin ayrılmaz hissəsidir. Çayın təqdimat forması, onun ətrafında formalaşan sosial münasibətlər və istifadə olunan atributlar (armudu stəkan və s.) bu sahəni fərqləndirən əsas elementlərdir. Bu xüsusiyyətlər düzgün brendləşmə ilə yalnız daxili istehlak deyil, həm də turizm və ixrac yönümlü xidmətlərə çevrilə bilər.
Bununla yanaşı, Azərbaycanın regionlarına xas olan lokal məhsullar da milli brend potensialının mühüm hissəsini təşkil edir. Məsələn, müəyyən bölgələrə aid kənd təsərrüfatı məhsulları, əl işləri və ənənəvi istehsal üsulları coğrafi göstərici əsaslı brendləşmə üçün əlverişli imkanlar yaradır. Bu isə həm regionların iqtisadi inkişafına töhfə verir, həm də məhsulların autentikliyini qoruyur.
Mövcud potensial imkanlar, Azərbaycanın nəqliyyat-tranzit-logistika imkanları nəzərə alınaraq resursların daha sistemli və planlı şəkildə təqdim olunması zəruridir. Milli brendlərin vahid konsepsiya əsasında formalaşdırılması, onların rəqəmsal platformalarda aktiv təşviqi və beynəlxalq bazar tələblərinə uyğunlaşdırılması zəruri şərtlər kimi çıxış edir. Xüsusilə, rəqəmsal marketinq, e-ticarət və sosial media alətləri bu prosesdə mühüm rol oynaya bilər.
Nəticə etibarilə, Azərbaycanın milli brend potensialı kifayət qədər genişdir, lakin bu potensialın iqtisadi dəyərə çevrilməsi üçün ənənəvi elementlərin müasir biznes modelləri ilə inteqrasiyası əsas şərt kimi çıxış edir.
Türkiyə modeli ilə müqayisə və inkişaf istiqamətləri
Milli brendlərin formalaşdırılması sahəsində beynəlxalq təcrübə göstərir ki, uğurlu nəticələr əsasən sistemli dövlət siyasəti, effektiv marketinq strategiyaları və milli dəyərlərin müasir yanaşmalarla təqdim olunması ilə bağlıdır. Bu baxımdan Türkiyə təcrübəsi Azərbaycan üçün öyrənilə biləcək uğurlu modellərdən biri hesab olunur. Türkiyədə milli məhsulların və xidmətlərin beynəlxalq bazarlarda təşviqi məqsədilə həyata keçirilən “Turquality” proqramı brendləşmə prosesinin institusional səviyyədə dəstəklənməsinin uğurlu nümunəsidir. Bu proqram çərçivəsində şirkətlərə maliyyə dəstəyi, marketinq resursları və beynəlxalq bazarlara çıxış imkanları təqdim olunur. Nəticədə, Türkiyəyə məxsus tekstil, qida və xidmət sektorunda fəaliyyət göstərən bir çox brendlər qlobal bazarda tanınan markalara çevrilmişdir.
Azərbaycanla müqayisədə əsas fərqlərdən biri brendləşmə prosesinin koordinasiyalı şəkildə həyata keçirilməsidir. Azərbaycanda “Made in Azerbaijan” təşəbbüsü mühüm addım olsa da, bu istiqamətdə fəaliyyətlərin daha sistemli və uzunmüddətli strategiya əsasında qurulmasına ehtiyac vardır. Xüsusilə özəl sektorun bu prosesə daha aktiv şəkildə cəlb olunması və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi vacibdir. Digər mühüm fərq milli dəyərlərin təqdimat formasında özünü göstərir. Türkiyə təcrübəsində ənənəvi elementlər müasir dizayn və marketinq yanaşmaları ilə birləşdirilərək qlobal auditoriyaya uyğunlaşdırılır. Azərbaycanda isə bu elementlər çox zaman yalnız lokal və ənənəvi çərçivədə təqdim olunur ki, bu da onların beynəlxalq bazarlarda rəqabət qabiliyyətini məhdudlaşdırır. Bu kontekstdə Azərbaycanın milli brendlərinin inkişafı üçün bir sıra istiqamətlər müəyyən edilə bilər. İlk növbədə, milli məhsulların vahid brend konsepsiyası altında birləşdirilməsi və onların “Made in Azerbaijan” adı altında sistemli şəkildə təşviqi təmin olunmalıdır. İkinci olaraq, rəqəmsal platformaların imkanlarından daha geniş istifadə edilməli, e-ticarət və sosial media vasitəsilə qlobal auditoriyaya çıxış gücləndirilməlidir. Üçüncü olaraq isə milli dəyərlərin müasir dizayn və innovativ yanaşmalarla inteqrasiyası təmin edilməlidir.
Bu çərçivədə tövsiyələrdən biri də brendləşmə prosesində hekayələndirmə yanaşmasının tətbiqidir. “Storytelling approach in branding” (brendinqdə hekayə danışma yanaşması) müasir marketinqdə istehlakçı ilə emosional əlaqə qurmaq üçün ən effektiv alətlərdən biri hesab olunur. Bu yanaşmaya görə, məhsul yalnız fiziki xüsusiyyətləri ilə deyil, onun arxasında dayanan mədəniyyət, tarix və insan hekayələri ilə təqdim olunur. Məsələn, kəlağayı yalnız bir tekstil məhsulu kimi deyil, qadın zərifliyini, milli kimliyi və ornomentləri özündə əks etdirən simvol kimi təqdim edildikdə onun bazar dəyəri və cəlbediciliyi əhəmiyyətli dərəcədə artır. Eyni zamanda, “digital storytelling” (rəqəmsal hekayələndirmə) vasitəsilə milli brendlərin sosial media platformalarında daha geniş auditoriyaya çatdırılması mümkündür. Bu isə xüsusilə gənc nəsil istehlakçılar arasında brendə olan marağın və bağlılığın artmasına səbəb olur.
Nəticə etibarilə, Türkiyə təcrübəsi göstərir ki, milli brendlərin uğurlu inkişafı üçün ənənəvi dəyərlərlə müasir texnologiyaların sintezi əsas şərtdir. Azərbaycan üçün də bu istiqamətdə atılacaq addımlar milli brendlərin beynəlxalq bazarlarda mövqeyinin güclənməsinə və qeyri-neft sektorunun davamlı inkişafına əhəmiyyətli töhfə verə bilər.
İşğaldan azad edilmiş ərazilərdə turizm identikliyinin formalaşdırılması: Kəlbəcər modeli
Azərbaycanın milli brend potensialının reallaşdırılması kontekstində işğaldan azad edilmiş ərazilərin turizm imkanlarının qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu ərazilər yalnız zəngin təbii resursları və əlverişli coğrafi mövqeyi ilə deyil, həm də Azərbaycanın tarixi yaddaşı, mədəni irsi və milli identikliyinin mühüm elementlərini özündə birləşdirməsi ilə fərqlənir. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm potensialının inkişafı ənənəvi iqtisadi fəaliyyət sahələrinin bərpası ilə yanaşı, regional identikliyin yenidən formalaşdırılması və beynəlxalq səviyyədə tanıdılması baxımından da strateji əhəmiyyətə malikdir.
Xüsusilə, Kəlbəcər rayonu regional turizm brendinin formalaşdırılması üçün geniş imkanlara və zəngin potensiala malikdir. Rayonun dağlıq relyefi, zəngin mineral su ehtiyatları, meşələri, yaylaqları, təbii landşaftları və tarixi-mədəni irsi onun fərqli turizm istiqaməti kimi mövqeləndirilməsinə şərait yaradır. Kəlbəcərin identikliyi, yalnız təbii gözəlliklərlə məhdudlaş-mır. Burada formalaşmış el sənətləri, xalçaçılıq ənənələri, aşıq sənəti, folklor, yerli mətbəx və qonaqpərvərlik mədəniyyəti regional brendin qeyri-maddi kapitalını təşkil edir.
Kəlbəcərin turizm brendinin əsas komponentlərindən biri İstisu mineral bulaqlarıdır. İstisu yalnız təbii müalicəvi resurs deyil, həm də Azərbaycanın turizm tarixində xüsusi yerə malik olan tanınmış coğrafi identiklik elementidir. Bu resurs əsasında sağlamlıq və termal turizm, reabilitasiya xidmətləri, sanatoriya-kurort infrastrukturu və ekoloji istirahət imkanlarının inkişaf etdirilməsi mümkündür. İstisu brendinin müasir xidmət standartları, beynəlxalq keyfiyyət meyarları və rəqəmsal marketinq alətləri əsasında yenidən mövqeləndirilməsi Kəlbəcərin beynəlxalq turizm bazarında tanıdılmasına töhfə verə bilər. Bununla yanaşı, Kəlbəcərin dağlıq ərazisi ekoturizm, dağ turizmi, kənd turizmi, fotoqrafiya turizmi, yürüş və macəra turizmi üçün əlverişli imkanlar yaradır. Yaylaq mədəniyyətinin turizm məhsuluna çevrilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, ənənəvi yaylaq həyatı, maldarlıq, süd məhsullarının hazırlanması, yerli mətbəx nümunələri və təbiətlə harmonik həyat tərzi turistlərə autentik təcrübə təqdim edə bilər. Bu yanaşma kənd təsərrüfatı ilə turizm arasında iqtisadi əlaqələri gücləndirməklə yanaşı, yerli sahibkarlığın və məşğulluğun inkişafına da şərait yaradar.
Kəlbəcər nümunəsində regional identikliyin formalaşdırılması üçün tarixi yaddaş və mədəni irs məsələləri də diqqət mərkəzində saxlanılmalıdır. Tarixi abidələrin, dini-memarlıq nümunələrinin, qədim yaşayış məskənlərinin, yerli toponimlərin və folklor ənənələrinin qorunması və turizm marşrutlarına daxil edilməsi ərazinin yalnız istirahət məkanı deyil, həm də mədəni-tarixi turizm istiqaməti kimi tanınmasına imkan verər. Bu prosesdə yerli əhalinin tarixi yaddaşının, ənənələrinin və mədəni təcrübəsinin qorunması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan da, Kəlbəcərin turizm identikliyinin təbiət, tarix, mədəniyyət və insan amilinin vəhdəti üzərində qurulması daha uğurlu ola bilər.
Onu da nəzərə almaq lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı yalnız turistlərin cəlb edilməsi ilə məhdudlaşmamalı, həm də keçmiş sakinlərin doğma yurdlarına qayıdışını, sosial-iqtisadi reinteqrasiyasını və yerli icmaların iqtisadi fəallığını dəstəkləməlidir. Bu baxımdan qayıdan əhalinin turizm xidmətlərinin göstərilməsinə, ailə təsərrüfatlarının, qonaq evlərinin, yerli restoranların, sənətkarlıq emalatxanalarının və kiçik sahibkarlıq subyektlərinin yaradılmasına cəlb edilməsi məqsədəuyğundur. Beləliklə, turizm, yalnız gəlir gətirən iqtisadi fəaliyyət deyil, həm də sosial-mədəni dirçəlişin və regional identikliyin davamlılığının təmin edilməsi vasitəsinə çevrilə bilər. Kəlbəcərin timsalında regional turizm brendinin formalaş-dırılması üçün aşağıdakı istiqamətləri prioritet hesab etmək olar:
İstisu sağlamlıq və termal turizm brendi: mineral sular, müalicəvi-sağlamlıq xidmətləri, sanatoriya və reabilitasiya mərkəzlərinin vahid konsepsiya əsasında inkişaf etdirilməsi;
Kəlbəcər dağ və ekoturizm brendi: dağ yürüşləri, təbiət müşahidəsi, ekoloji istirahət və macəra turizmi marşrutlarının yaradılması;
Yaylaq və aqroturizm modeli: ənənəvi maldarlıq, yerli qida məhsulları, yaylaq həyatı və kənd təsərrüfatı ənənələrinin turist təcrübəsinə inteqrasiyası;
Mədəni-tarixi turizm: tarixi abidələrin, folklorun, aşıq sənətinin, xalçaçılıq və digər sənətkarlıq ənənələrinin turizm məhsuluna çevrilməsi;
Qastronomik turizm: Kəlbəcərə məxsus mətbəx nümunələrinin, yerli məhsulların və ənənəvi qida hazırlanması üsullarının brendləşdirilməsi;
Rəqəmsal identiklik: Kəlbəcərin tarixi, təbiəti, mədəni irsi və turizm imkanlarını əks etdirən vahid rəqəmsal platformanın yaradılması, virtual turların və interaktiv turizm xəritələrinin hazırlanması.
Burada mühüm məqam ondan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərin turizm brendləri vahid milli brend strategiyasının tərkib hissəsi olmaqla yanaşı, hər bir rayonun özünəməxsus xüsusiyyətlərini də əks etdirməlidir. Məsələn, Şuşa mədəniyyət və musiqi turizmi, Kəlbəcər sağlamlıq və dağ turizmi, Laçın ekoturizm və təbiət turizmi, Zəngilan aqroturizm və ekoloji turizm, Füzuli mədəni-tarixi marşrutlar və regional turizm-logistika əlaqələri əsasında fərqləndirilə bilər. Ağdamın tarixi yaddaş və yenidənqurma identikliyi də ayrıca turizm konsepsiyasının formalaşdırılması üçün əsas ola bilər. Bu yanaşmanın səmərəli reallaşdırılması üçün təhlükə-sizliyin təmin edilməsi, mina və partlamamış hərbi sursatlardan təmizlənmə, nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafı, ekoloji tarazlığın qorunması və turizm obyektlərinin beynəlxalq standartlara uyğun təşkili ilkin şərtlər hesab edilməlidir. Eyni zamanda, yerli icmaların qərarların qəbulunda iştirakı, mədəni irsin kommersiyalaşdırılması zamanı autentikliyin qorunması və turizm fəaliyyətinin təbii ekosistemlərə mənfi təsirinin məhdudlaşdırılması vacibdir.
Beləliklə, Kəlbəcər və digər işğaldan azad edilmiş ərazilərin turizm potensialının reallaşdırılması regional iqtisadi inkişaf, milli identikliyin qorunması və Azərbaycanın beynəlxalq imicinin gücləndirilməsi arasında qarşılıqlı əlaqə yaradır. Bu ərazilərin turizm brendləri yalnız coğrafi məkanın tanıdılması vasitəsi deyil, həm də tarixi yaddaşın, milli-mədəni dəyərlərin və müasir iqtisadi inkişaf modelinin birləşdirildiyi strateji platforma kimi çıxış edə bilər.
Nəticə
Aparılan təhlil göstərir ki, Azərbaycanın iqtisadi inkişaf perspektivləri yalnız makroiqtisadi göstəricilər və maliyyə investisiyaları ilə müəyyən olunmur; mədəni-sosial kapitalın iqtisadi sistemə inteqrasiyası da dayanıqlı və rəqabətqabiliyyətli inkişaf üçün vacib şərtdir. Potensial-oriyentasiyalı yanaşma resursların struktur və funksional imkanlarını nəzərə alaraq regional mədəni identiklik elementlərini – qastronomiya, sənətkarlıq, aqrar ənənələr, çay və turizm mədəniyyəti – iqtisadi artımın strateji dayaqları kimi qiymətləndirir.
Praktiki nümunələr göstərir ki, Şəki mətbəxinin xidmət sektoruna inteqrasiyası və Şirniyyat Festivalı çərçivəsində paxlava brendləşməsi, Qarabağ xalçasının premium bazara çıxarılması və Lənkəran çay mədəniyyətində xidmət klasterlərinin formalaşdırılması milli iqtisadi potensialın reallaşdırılmasının uğurlu nümunələridir. Bu yanaşma milli ruhu gücləndirir, yerli məhsula etimadı artırır və sahibkarlıq təşəbbüslərini stimullaşdırır.
Türkiyənin “Turquality” proqramı təcrübəsi göstərir ki, regional mədəniyyət elementlərinin sistemli brendləşdirilməsi və rəqəmsal platformalarda tanıdılması xidmət sektorunun sürətli inkişafına və beynəlxalq bazarlarda rəqabət üstünlüyünün əldə olunmasına xidmət edir. Azərbaycan üçün də regional klasterlərin fokuslu və ixtisaslaşmış şəkildə qurulması, dövlət–özəl sektor tərəfdaşlığının gücləndirilməsi və vahid rəqəmsal brend konsepsiyasının tətbiqi strateji əhəmiyyət daşıyır.
Xüsusi olaraq qeyd edilməlidir ki, işğaldan azad edilmiş ərazilərin, xüsusilə Kəlbəcərin turizm potensialının reallaşdırılması milli identikliyin iqtisadi dəyərə çevrilməsinin mühüm istiqamətlərindən biridir. İstisu mineral suları, dağ və yaylaq turizmi, Qarabağ mədəni irsi, yerli mətbəx və ənənəvi sənətkarlıq nümunələri əsasında formalaşdırılacaq regional brendlər Azərbaycanın beynəlxalq turizm bazarında mövqeyini gücləndirə bilər. Bu proses eyni zamanda keçmiş sakinlərin qayıdışına, yerli məşğulluğun artmasına, kiçik sahibkarlığın inkişafına və regional iqtisadi reinteqrasiyaya xidmət edəcəkdir. Beləliklə, işğaldan azad edilmiş ərazilərdə turizm, yalnız iqtisadi gəlir mənbəyi deyil, həm də milli-mədəni yaddaşın qorunması, regional identikliyin bərpası və Azərbaycanın müasir milli brendinin zənginləşdirilməsi vasitəsi kimi qiymətləndirilməlidir.
Nəticə etibarilə, milli-mədəni kontekst əsasında iqtisadi potensialın reallaşdırılması Azərbaycan üçün alternativ inkişaf yolu deyil, həm də strateji zərurətdir. Qeyri-neft sektorunun gücləndirilməsi, regionlararası tarazlığın təmin olunması və milli brendlərin inkişafı yalnız iqtisadi artımı deyil, həm də milli identikliyin qorunmasını təmin edir.
Zəhra Qasımzadə
Prezident mükafatçısı
11:30 07.11.2026
Oxunuş sayı: 45