ABŞ Konqresində qüvvələr nisbəti dəyişdi – Rusiya və Ukraynanı nə gözləyir?
ABŞ-də keçirilən aralıq seçkilərində Demokratlar Partiyasının Konqresin hər iki palatasında çoxluğu qazanması Prezident Donald Trampın siyasi imkanlarına, eləcə də Vaşinqtonun Rusiya və Ukrayna ilə bağlı siyasətinə təsir göstərə bilər.
Crossmedia.az xəbər verir ki, Rusiyanın TASS agentliyi bu barədə beynəlxalq münasibətlər üzrə tədqiqatçı Maksim Kuçerovun analitik məqaləsini yayımlayıb.
Müəllif qeyd edib ki, seçkilərin nəticələri Respublikaçılar Partiyası üçün uğursuz olub. Partiya Nümayəndələr Palatası ilə yanaşı, Senatda da çoxluğu qoruyub saxlaya bilməyib.
Səslərin hesablanması hələ tam yekunlaşmasa da, demokratlar qələbələrini qeyd edir, respublikaçılar isə yeni siyasi strategiya müəyyənləşdirməyə çalışırlar.
Kuçerovun fikrincə, ABŞ-də daxili siyasi qüvvələr nisbətinin dəyişməsi ölkənin xarici siyasətinə, xüsusilə Rusiya-Ukrayna müharibəsi ilə bağlı qərarlarına təsirsiz ötüşməyə bilər.
Ekspert hesab edir ki, böyük dövlətlərdə daxili və xarici siyasət arasındakı sərhəd getdikcə zəifləyir. Bu baxımdan Konqresdəki yeni siyasi mənzərə Vaşinqtonun Moskva və Kiyevlə münasibətlərinin gələcək istiqaməti üçün əhəmiyyət daşıyır.
Məqalədə demokratların Konqresdə üstünlük əldə etməsinin Tramp administrasiyasının təşəbbüslərinə mümkün təsiri diqqət mərkəzinə gətirilib.
01:00 07.11.2026
Oxunuş sayı: 64