Zelenskinin keçmiş mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel barəsində dövlətə xəyanət və Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə haqq qazandırmaq şübhəsi ilə qiyabi ittiham irəli sürülüb.
Crossmedia.az xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Baş Prokurorluq Ofisi bu barədə məlumat yayıb.
Bildirilib ki, noyabrın 3-də Mendelə Ukrayna Cinayət Məcəlləsinin hərbi vəziyyət dövründə dövlətə xəyanət və Rusiyanın hərbi təcavüzünə haqq qazandırılması ilə bağlı maddələri üzrə qiyabi şübhə elan edilib.
Ukrayna hüquq-mühafizə orqanlarının iddiasına görə, keçmiş mətbuat katibi xarici mediaya müsahibələrində və sosial şəbəkə paylaşımlarında ölkənin beynəlxalq nüfuzuna xələl gətirən, Rusiyanın maraqlarına uyğun fikirlər səsləndirib.
Mendel isə ittihamları rədd edərək bunların Zelenski hakimiyyətini tənqid etməsi ilə əlaqəli olduğunu bildirib. O, Ukrayna rəhbərliyini korrupsiya, söz azadlığının məhdudlaşdırılması və siyasi təqiblərlə bağlı tənqid edib.
Sentyabrın 13-də Zelenski Mendelə qarşı sanksiyaların tətbiqi barədə fərman imzalayıb.
ABŞ Prezidenti Donald Tramp da daha əvvəl Zelenski hakimiyyətini tənqid edən qadının həbs olunmaq təhlükəsi ilə üzləşdiyini iddia edib.
“Bu yaxınlarda televiziyada Zelenski haqqında ittihamlar səsləndirən bir qadın gördüm. O deyirdi ki, bizim kişilərimizi öldürür. O, Ukrayna haqqında danışır və çox tanınmış biridir. Onlar onu həbs etmək istəyirlər”, – deyə Tramp bildirib.
Məlumata görə, hazırda Ukraynadan kənarda olan Yuliya Mendel barəsində istintaq tədbirləri davam etdirilir. Onun təqsiri məhkəmə hökmü ilə müəyyən edilməyib.
02:00 07.11.2026
Oxunuş sayı: 48