Pakistanda ağır yol-nəqliyyat hadisəsi olub
Pakistanın şərqində yerləşən Pəncab əyalətində sərnişin avtobusu ilə tırın toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Ilkin məlumatlara görə, qəza nəticəsində 11 nəfər həlak olub, 33 nəfər isə yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin "DHA" agentliyi məlumat yayıb.
Hadisə Pəncab əyalətinin Pakpattan bölgəsində, Multan şəhərindən Kasura gedən sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində qeydə alınıb. Zərbənin gücündən idarəetməni itirən avtobus aşıb və çoxlu sayda sərnişin nəqliyyat vasitəsində sıxılıb qalıb. Əraziyə cəlb olunan xilasetmə qruplarının təxminən 2 saat davam edən əməliyyatı nəticəsində xəsarət alanlar avtomobildən çıxarılaraq xəstəxanalara çatdırılıb.
23:40 06.11.2026
Oxunuş sayı: 60