ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi ilə bağlı yeni mərhələyə keçib
ABŞ, Azərbaycan və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar.
Crossmedia.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin məlumatına görə, bu barədə noyabrın 6-da üç ölkənin hökumətləri birgə bəyanat yayıb.
Bəyanata əsasən, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov layihənin irəlilədilməsi məqsədilə texniki planlaşdırma qruplarının fəaliyyətinə start veriblər.
Bildirilib ki, bu əməkdaşlıq regionda uzunmüddətli sabitliyin təmin olunmasına, iqtisadi fəallığın və regional bağlantıların artırılmasına, eləcə də ticarətin inkişafına xidmət edəcək. Qeyd edilib ki, eyni zamanda, bu təşəbbüs 2025-ci il avqustun 8-də Prezident Donald Trampın vasitəçiliyi ilə qəbul edilmiş Sülh Sammiti Bəyannaməsinin əhəmiyyətini bir daha vurğulayır.
İlkin mərhələdə nəqliyyat və elektrik enerjisinin ötürülməsi üzrə iki texniki planlaşdırma qrupunun yaradılması barədə razılıq əldə olunub.
Qruplar texniki məsələlərin həllinə, layihənin növbəti icra mərhələlərinə keçidə və marşrutun digər regional infrastruktur şəbəkələrinə inteqrasiyasına kömək edəcək.
Tərəflər TRIPP layihəsinin bütün komponentlərinin mümkün qədər qısa müddətdə həyata keçirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.
11:08 07.11.2026
Oxunuş sayı: 33