AMEA: İsa Həbibəylinin Ramiz Mehdiyevin vəzifə verəcəyi şəxslər sırasında göstərilməsi təxribatdır
Dövlətə xəyanət və digər ağır cinayətlərdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilən Ramiz Mehdiyev hakimiyyət çevrilişindən sonra müəyyən şəxsləri vəzifəyə gətirəcəkdi. O şəxslərin arasında Akademik İsa Həbibəylinin də adı çəkilir ki, Milli Məclisə sədr təyin olunacaqdı.
Crossmedia.az məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının məlumatını təqdim edir:
“Sosial mediada AMEA-nın prezidenti İsa Həbibbəylinin adının Ramiz Mehdiyevin vəzifə verəcəyi adamların sırasında çəkilməsi Milli Elmlər Akademiyasının rəhbərliyinə qarşı növbəti təxribatdır. Belə ki, Ramiz Mehdiyev Akademiyanın rəhbəri vəzifəsində çalışdığı müddətdə İsa Həbibbəylinin tutduğu vəzifədən azad edilməsi və səlahiyyətlərinin aşağı salınması üçün Akademiyanın rəhbərliyi tərəfindən bir sıra rəsmi qərarlar qəbul olunmuşdur.
AMEA Rəyasət Heyətinin Ramiz Mehdiyev tərəfindən imzalanmış 8 yanvar 2021-ci il tarixli 1/15 saylı qərarı ilə İsa Həbibbəyli AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilmiş, vitse-prezident vəzifəsini icra edən təyin olunmuşdur.
Bundan başqa, Ramiz Mehdiyevin sədrlik etdiyi AMEA Rəyasət Heyətinin 26 yanvar 2022-ci il tarixli iclasının qərarı ilə İsa Həbibbəylinin 2013-cü ildən rəhbərlik etdiyi Humanitar və İctimai Elmlər Bölməsi iki yerə bölünmüş, İctimai Elmlər Bölməsi alınaraq onun vəzifə səlahiyyətləri azaldılmışdır.
Bir neçə gündən sonra 7 fevral 2022-ci il tarixdə İsa Həbibbəyli tutduğu Humanitar Elmlər Bölməsi üzrə vitse-prezident vəzifəsindən azad olunması haqqında AMEA rəhbərinə ərizə ilə müraciət etmişdir.
Real vəziyyət və münasibətlər belə olduğu halda Ramiz Mehdiyevin İsa Həbibbəyliyə vəzifə verəcəyi barəsindəki informasiya indiki mövcud vəziyyətdən istifadə etməklə AMEA rəhbərinə yeni bir qarayaxma oyunu düzəltməyə xidmət edir”.
09:59 07.11.2026
Oxunuş sayı: 42