Konqoda silahlı hücum: 37 nəfər öldürülüb
Konqo Demokratik Respublikasının şərqində silahlı şəxslərin yaşayış məntəqəsinə hücumu nəticəsində azı 37 nəfər həyatını itirib.
Crossmedia.az xəbər verir ki, Fransanın “RFI” radiostansiyası Konqo ordusuna istinadən bu barədə məlumat yayıb.
Bildirilib ki, hücum ölkənin şərqində yerləşən Kantine-Aloyaiz yaşayış məntəqəsində baş verib.
Hadisənin arxasında İŞİD terror təşkilatı ilə əlaqəli olan “Müttəfiq Demokratik Qüvvələr” (ADF) silahlı qruplaşmasının dayandığı bildirilir.
Konqo ordusunun məlumatına görə, silahlılar dinc sakinləri qətlə yetirib, evləri qarət edib və bir sıra yaşayış binalarını yandırıblar.
Hücumdan sonra təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə əraziyə əlavə hərbi qüvvələr göndərilib.
Hadisənin digər təfərrüatları və hücum nəticəsində dəymiş ziyanın miqyası barədə əlavə məlumat verilməyib.
12:55 07.11.2026
Oxunuş sayı: 45