Rusiyada neft emalı zavoduna dron hücumu
Rusiyanın Saratov şəhərində yerləşən neft emalı zavodu pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Ərazidə partlayışlar baş verib və yanğın qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın “RBC-Ukraine” nəşri yerli mənbələrə və açıq mənbələrin təhlili ilə məşğul olan “ASTRA” layihəsinə istinadən məlumat yayıb.
Məlumata görə, noyabrın 7-nə keçən gecə Saratov şəhərində bir neçə partlayış səsi eşidilib. Ərazidə hava hücumu xəbərdarlığı ən azı iki dəfə elan olunub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə güclü işıq parıltıları və yanğın müşahidə edilib.
“ASTRA” layihəsinin analitikləri yayılan görüntüləri araşdıraraq yanğının Saratov Neft Emalı Zavodunun ərazisində baş verdiyini bildiriblər.
Hücum zamanı bölgədə hava hücumundan müdafiə sistemlərinin fəaliyyət göstərdiyi də xəbər verilir.
Saratov vilayətinin qubernatoru dron hücumu nəticəsində mülki infrastruktura ziyan dəydiyi və xəsarət alanların olduğu barədə ilkin məlumat verib.
Qeyd edək ki, Saratov Neft Emalı Zavodu Rusiyanın ən qədim neft emalı müəssisələrindən biridir və “Rosneft” şirkətinə məxsusdur.
Müəssisə bundan əvvəl də bir neçə dəfə dron hücumlarına məruz qalıb.
Son hücum nəticəsində zavoda dəymiş ziyanın dəqiq miqyası hələlik məlum deyil.
12:31 07.11.2026
Oxunuş sayı: 33