Sevinc Orucova: Şəhid övladlarını həyatın ortasında tək buraxmamalıyıq
Vətəndaş cəmiyyətinin inkişafında şəhid ailələrinə dəstək, onların sosial problemlərinin həlli və hüquqlarının müdafiəsi mühüm əhəmiyyət daşıyır. Şəhid ailələrinin üzləşdiyi çətinliklərin aradan qaldırılması, onların müraciətlərinin diqqətdə saxlanılması, şəhidlərin xatirəsinin yaşadılması və gələcək nəsillərdə vətənpərvərlik ruhunun gücləndirilməsi bu istiqamətdə fəaliyyət göstərən ictimai təşkilatların əsas vəzifələrindəndir. Bu baxımdan, şəhid ailələrinin problemlərinin həlli üçün dövlət qurumları ilə əməkdaşlıq, onların sosial təminat və məşğulluq məsələlərinə diqqətin artırılması, eləcə də cəmiyyətdə şəhid ailələrinə həssas münasibətin formalaşdırılması xüsusi önəm daşıyır.
Bu mənada Crossmedia.az-ın “QHT tribunası” layihəsinin budəfəki qonağı “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri, Aprel döyüşləri şəhidi Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova olub. O, şəhid ailələrinin qarşılaşdığı əsas problemlərdən, onların həlli istiqamətində görülən işlərdən, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı təşəbbüslərdən, bəzi məmurların şəhid ailələrinə münasibətindən və ictimai birliyin fəaliyyətindən danışıb.
-Ən çox qarşılaşdığınız problem nədir? Sizə ən çox hansı məsələ ilə bağlı müraciət olunur?
-İlk növbədə, dəvətiniz üçün təşəkkür edirəm. Bəli, Zəfər Şəhid Ailələri Dəstəyi İctimai Birliyi Aprel döyüşlərindən sonra, qəhrəman şəhidlərimizin Vətən torpaqlarının azadlığı uğrunda ilk müjdəsini verdiyi həmin döyüşlərdən sonra yaranıb. Təşkilatımızın heyəti də şəhid ailələrinin xanımlarından və üzvlərindən ibarətdir. Çox şükür ki, 2020-ci ildə həmin qəhrəmanlarımızın qisası alındı, Qarabağ torpağında Azərbaycan üçün ədalət zəfər çaldı. Bu gün Azərbaycan artıq bütövləşmiş bir ölkədir. Bildirmək istəyirəm ki, həmin torpaqların azadlığı uğrunda şəhid olmuş hər bir qəhrəmanın xatirəsi harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar üçün, hər bir azərbaycanlı üçün dəyərlidir. Biz də şəhidlərimizin xanımları, onların əmanətləri olaraq, eyni zamanda dövlətimizə dəstək olmaq, ictimai sahədə şəhid adının ucalığını qorumaq və əbədiləşdirmək məqsədilə Zəfər təşkilatı ətrafında birləşərək ictimai sahənin bir çox istiqamətində, müxtəlif sektorlarda fəaliyyətlər həyata keçirmişik. Bu fəaliyyətlərimiz davamlıdır. Monitorinqlərimiz, ictimai sahədə təşəbbüslərimiz də mütəmadi olaraq yenilənir. Şəhid ailələrinin hər bir üzvü ilə ayrı-ayrılıqda işlədiyimiz, müxtəlif layihələr həyata keçirdiyimiz üçün onların problemlərini, qarşılaşdıqları çətinlikləri yaxşı anlayırıq. Özüm də həmin ailələrdən birinin üzvü olduğum, onlardan biri olduğum üçün onların nə hiss etdiyini daha yaxşı anlaya bilirəm. Düşünürəm ki, problemləri daha dərindən anlamaq baxımından bu, ən mühüm nüanslardan biridir. Bu gün Vətən müharibəsindən altı il keçir. Eyni zamanda, antiterror əməliyyatlarının üçüncü ildönümünü qeyd etdik. Bildirmək istəyirəm ki, bu gün şəhid ailələrinə münasibətdə, həm dövlət səviyyəsində, həm də dövlətimizin sosial sahədə həyata keçirdiyi layihələr çərçivəsində sosial problemlərin həllində böyük irəliləyiş var. Eyni zamanda, şəhid adının tanıdılması və əbədiləşdirilməsi istiqamətində də əhəmiyyətli addımlar atılıb. Bilirsiniz, bu yaxınlarda Xankəndidə Zəfər tağının ucaldılması, eyni zamanda Bakıda Zəfər abidə kompleksinin və muzey kompleksinin yaradılması, ən nəhayət, “44” filminin təqdimatı bizim təşkilat olaraq hər zaman arzuladığımız istiqamətlərdir. Çünki hər bir şəhid anasının, hər bir şəhid yadigarının ən böyük istəyi şəhid adının ona layiq şəkildə əbədiləşdirilməsidir. Fərdi şəkildə də şəhidlərin xatirəsi əbədiləşdirilirdi. Müharibədən sonra, yadınızdadırsa, hər kəs öz övladının xatirəsinə evinin qarşısında bir bulaq tikir, onun adını yaşatmaq üçün nəsə etmək istəyirdi. Hər kəs övladının xatirəsinə bir iz qoymağa çalışırdı. Amma bu, möhtəşəm olmalı, zəfərimizə və şəhidlərimizin xatirəsinə layiq şəkildə həyata keçirilməli idi. Biz də təşkilat olaraq davamlı şəkildə bu təkliflərlə çıxış edirdik. Çox şükür ki, artıq xaricdən gələn qonaqlarımıza, eləcə də böyüyən gənc nəslimizə göstərə biləcəyimiz möhtəşəm abidələrimiz var. Şəhidlərimizin adları və xatirələri həmin daş kitabələrə köçürüldükcə gələcək nəsillərə ötürüləcək.
- Bu gün təşkilat olaraq sizi hansı məsələlər narahat edir?
Bu gün şəhid ailələrini narahat edən, eləcə də təşkilat olaraq bizi düşündürən ən böyük problemlərdən biri regionlarda yaşayan şəhid ailələrinin mənzillə təminatında qarşılaşdıqları çətinliklərdir. Bu vəziyyət uşaqları olan şəhid ailələrinin Bakıya köçməsinə səbəb olur. Çünki həm məktəb və keyfiyyətli təhsil imkanları, həm layihələrin icrasında iştirak baxımından əlçatanlıq, həm də mənzillə təminat məsələsindəki imkanlar daha çox Bakıda cəmləşib. Biz istəyirik ki, şəhid ailələri yaşadıqları bölgələrdə də bu şəraitlə təmin olunsunlar. Hər bir şəhid övladının, hər bir ailənin bu layihələrdən yetərincə yararlanmaq hüququ var. Onların hər biri eyni standartlara uyğun imkanlardan faydalanmalıdır. Bu gün təşkilat olaraq böyük bir layihəmiz də var. Azərbaycanda və Türkiyənin dövlət universitetlərində ali təhsil alan şəhid övladlarının hər biri üçün “Azərloteriya” Açıq Səhmdar Cəmiyyətinin dəstəyi ilə “Əmanətə sədaqət” adlı təqaüd proqramı təsis etmişik. Təhsil aldıqları müddətdə onların həm yaşayış, həm də təhsil xərclərini qarşılayırıq. Bununla yanaşı, təhsil müddətində onları davamlı olaraq müxtəlif innovativ layihələrə cəlb edirik. Övladlarımızı müasir dövrün tələblərinə uyğun kurslara yönləndiririk. Bəs bu layihələrin sonunda ən böyük problem nədir, bilirsinizmi? Hər bir şəhid övladı ali təhsil alırsa, ən çoxu 23 yaşınadək atasına görə təyin olunmuş pensiyanı ala bilir, yəni pensiya təminatından yararlanır. Lakin övlad böyüyür və 23 yaşında həmin təminat kəsilir. Ən böyük problemlərdən biri də budur. Həmin gənc həyatını bundan sonra təkbaşına davam etdirməlidir. Biz cəmiyyət olaraq, ictimai təşkilat kimi onun təhsil aldığı müddətdə yanında olur, dəstək göstəririk, amma sonra onu həyatın ortasında tək buraxırıq. Halbuki o, yenə də şəhid övladıdır, atasının övladıdır. Atası isə artıq həyatda deyil ki, onun gələcək həyatını təmin etsin. Biz həmin övladların işlə təminatında böyük problemlərlə qarşılaşırıq. Hazırda bununla bağlı bir çox sorğu göndərmişik. İstəyirik ki, ali təhsil alan, özünə güvənən və yetişmələri üçün böyük səylər göstərdiyimiz həmin övladlara dəstək olaq. Onlar aldıqları təhsilə və ixtisaslarına uyğun, layiqli işlə təmin olunmalıdırlar ki, öz gələcək həyatlarını qura bilsinlər. Axı onlar gəncdirlər. Düşünürəm ki, bu problem dövlətimiz tərəfindən həll oluna bilər. Buna güvənir və inanıram. Artıq aidiyyəti qurumlara müraciət etmişik. Çünki həmin gənclərin sayı o qədər də çox deyil və dövlətimizin kifayət qədər imkanları var. Onların böyük holdinqlərdə, iri şirkətlərdə, eləcə də dövlət qurumlarında işlə təmin olunmasına dəstək göstərilə bilər. Heç olmasa, hər ailədən bir nəfərin normal əməkhaqqı olan işlə təminatına kömək edilməlidir. Amma bu, könüllü xarakter daşımamalıdır. Artıq dövlət tərəfindən müəyyən edilmiş qayda olmalıdır ki, hər bir qurum özündə həmin gənclərin işlə təminatı üçün kvota ayırsın. Eyni zamanda, onların karyera inkişafına dəstək göstərilsin. Ən böyük problem budur. Bu gün bir ailəyə ərzaq yardımı edə, qapısını döyüb bir gün qonaq ola və sonra oradan ayrıla bilərsiniz. Lakin bunlar həmin ailənin gələcəyini təmin etmir. Əgər biz şəhid övladını ixtisasına, aldığı təhsilə uyğun, ləyaqətli işlə təmin etsək, o, gələcəyini artıq özü qura biləcək və özündən sonra böyüyən digər şəhid övladlarına da dəstək ola biləcək. Bizim ən böyük məqsədlərimizdən biri də onların arasında əlaqələrin qurulması, bir şəbəkə ətrafında birləşmələridir. Məsələn, artıq bu il 60-a yaxın şəhid övladı bakalavr pilləsinə qəbul olub. Eyni zamanda, onlar böyüyürlər və yaşları artdıqca onların sayı da çoxalacaq. Gələcəkdə daha çox şəhid övladı universiteti bitirəcək. Universiteti bitirdikdən sonra isə onların təqaüdləri və digər təminatları kəsilir. Həmin gəncin atası yenə də həyatda yoxdur. Bəs o, nə ilə yaşamalı, gələcəyini necə qurmalıdır? Buna görə də həmin gənclərin normal əməkhaqqı olan işlə təmin edilməsi bizim üçün bu günün ən mühüm problemlərindən biridir. Təşkilat olaraq, biz hər dəfə ayrı-ayrı qurumlara müraciət edib CV göndərə bilmərik ki, bu övladımızı işlə təmin edin. Bu proses davamlı və sistemli xarakter almalı, xüsusi proqram çərçivəsində həyata keçirilməlidir. Dövlət proqramı çərçivəsində universiteti bitirən və müvafiq göstəricilərə cavab verən şəhid övladları üçün ayrıca mexanizm yaradılmalıdır. İşə qəbul zamanı ingilis dili biliyi və digər tələblər irəli sürülür. Bəli, bu meyarlar müəyyən sahələrdə vacib ola bilər, amma bizim övladlarımız üçün ayrıca bir xətt olmalıdır. Onlar üçün xüsusi inkişaf proqramı hazırlanmalıdır. Bu gün vəzifədə çalışan heç kəs bütün bilik və bacarıqlara birdən-birə yiyələnməyib. Hər kəs karyera inkişafı, təcrübə və zamanla öz biliklərini artırıb. Buna görə də şəhid övladları üçün də belə bir imkan yaradılmalıdır. Çox xahiş edirəm və inanıram ki, ölkəmizdə bu proqramı həyata keçirə biləcəyik. Güvənirəm ki, həmin övladlarımız gələcəkdə layiqli həyat tərzinə sahib olacaqlar.
-Şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində hələ də görüləsi işlər var. Rəhbərlik etdiyiniz təşkilat bu sahədə hansı işləri görür və gələcək üçün hansı planları var?

-Aprel döyüşlərindən sonra, bildiyiniz kimi, həm Talış yüksəkliklərində, həm də Lələtəpə uğrunda gedən döyüşlərdə xüsusi təyinatlı qüvvələrin çox peşəkar hərbçiləri, gizirləri və komandirləri şəhid olmuşdular. Hətta yaxın iki ilə, daha dəqiq desək, bir ilə qədər davam edən ən böyük mübarizəmiz ondan ibarət idi ki, həmin döyüşlərdə şəhid olan bir çox gizirimizə və əsgərimizə cənab Prezidentin sərəncamı ilə dövlət təltifi verilməmişdi. Onlar yalnız müdafiə nazirinin əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif olunmuşdular. Bu isə ailələr arasında haqlı narazılıq doğururdu. Biz ailələrin iştirakı ilə cənab Prezidentin adına müraciət hazırladıq. Cənab Prezidentə çox təşəkkür edirik. Ötən il Zəfər Günü ərəfəsində müraciətimizə baxıldı və həmin şəhidlərimizin ailələrinin istəyi nəzərə alındı. Düzdür, verilən orden və medallar şəhidlərimizi fiziki olaraq geri qaytarmır, amma ailələrin yarasına məlhəm olur, analar üçün böyük təsəlli yaradır. Şəhid anası üçün dövlət təltifinin, xüsusilə də cənab Prezidentin sərəncamı ilə verilən təltifin olması böyük təsəllidir. Həmin döyüşlərdə, eləcə də 2017-ci ilin fevral ayında gedən döyüşlərdə şəhid olanların xidmətləri də dövlət səviyyəsində qeyd edildi və onlar təltif olundular. Daha sonra Vətən müharibəsi dövründə də müəyyən təltiflər verildi. Lakin müharibədən sonra bəzi məsələlər ətrafında ailələr arasında yenə də böyük narazılıqlar var idi. Çünki şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı qanunvericilik, ümumiyyətlə, köhnədir. Həmin qanunvericiliyin dəyişdirilməsinə ehtiyac var. 1993-cü ildən bəri bu sahədə qanunvericiliyə müəyyən dəyişikliklər edilsə də, onun yenilənməsinə, tamamilə yeni qanunvericilik aktının qəbuluna ehtiyac duyulur. Həmin qanunvericilikdə küçələrə şəhidlərin adlarının verilməsi üçün mütləq iki ordenin olması kimi bir tələb var idi. Bu da ailələr arasında müəyyən narazılıqlara, onların üzləşdiyi çətinliklərə və təzyiqlərə səbəb olurdu. Çünki elə küçələrimiz var ki, onların adları şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi baxımından uyğun deyildi. Məsələn, azərbaycanlı olaraq anlamırıq ki, niyə “Tramvay” adlı küçəmiz olmalıdır, halbuki həmin küçədə yaşamış qəhrəman şəhidimiz var. O küçədə yaşayan yeniyetmə nəsil üçün də bu, bir fəxr mənbəyidir. Məsələn, mənim yaşadığım küçə Birinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman Ənvər Hüseynovun adını daşıyır. Mən bununla çox qürur duyuram. Hər dəfə küçədən keçib həyətə daxil olanda onun şəklini görürəm və qürur hissi keçirirəm. Üstəlik, onu şəxsən tanıyıram. Amma həmin küçə onun adını daşımasaydı, bəlkə də mən onu bu qədər yaxından tanımazdım. Şəhid ailələrinin tələblərindən biri də küçələrə adların verilməsi prosesində gecikmələrin və problemlərin yaşanmamasıdır. Əvvəllər iki orden tələbi irəli sürülürdü, sonradan isə bu tələb bir ordenə endirildi. Bu gün biz ailələri tez-tez ziyarət edirik. Məni qürurlandıran məqamlardan biri də budur ki, ünvan soruşanda şəhidin adını daşıyan küçə qarşımıza çıxır. Bu, həmin ailələr üçün həqiqətən çox önəmlidir və bu proses davam etməlidir. Mən həmişə şəhid adının əbədiləşdirilməsinin tərəfdarı olmuşam. Şəhidin xatirəsini bulaq tikməklə və ya başqa fərdi vasitələrlə yaşatmaq mümkündür, amma bu, təbliğat vasitəsi deyil. Şəhid adının ucalığı elə bir səviyyədə olmalıdır ki, onu görən yeni nəsil həmin abidəyə qürur və fəxarətlə baxsın. Qürur hissi keçirsin ki, belə bir keçmişi, tarixi və qəhrəmanları olub. Bu gün biz Çanaqqalaya gedəndə oradakı Azərbaycan şəhidliyini də görürük. Həmin tarixi məkanı öz möhtəşəmliyi ilə qoruyub saxlayıblar. Biz də şəhidlərimizin xatirəsini eyni şəkildə gələcək nəsillərə ötürməliyik. Çünki bir məktəblinin gedib həmin abidəni öz gözləri ilə görməsi, oradakı yazıları oxumasından əlavə, onda oyatdığı hisslər və yaratdığı təəssürat baxımından daha böyük əhəmiyyət daşıyır. Biz 2017-ci ildən başlayaraq hər il fərdi tədbirlər keçirmək əvəzinə, bütün şəhidlərin xatirəsinə müxtəlif adlar altında anım tədbirləri təşkil edirik. “Zəfərin dörd anı”ndan tutmuş “Zəfər andı”na qədər müxtəlif layihələrimiz olub. Respublika Sarayında və Konqres Mərkəzində 2 minə yaxın gəncin iştirakı ilə teatrlaşdırılmış, canlı səhnələrdən ibarət anım tədbirləri keçiririk. Məqsədimiz həmin möhtəşəm hissləri, duyğuları gənclərə aşılamaqdır. Hər universitetdən, hər gənclər təşkilatından fəal tələbələri və gəncləri bu tədbirlərə cəlb edirik. Həmin hisslər gələcək nəsillərə ötürülməlidir, onların sönməsinə imkan verməməliyik. Çünki elə bir bölgədə yaşayırıq ki, Vətənimiz və dövlətimiz üçün daim hazır olmalıyıq. Vətənimiz çətin vəziyyətlə üzləşəndə onu qorumağa hazır olmalıyıq. Bu, artıq bizim seçimimiz deyil. Xeyr, bu, seçim deyil, bizim borcumuzdur. Çünki itirdiyimiz o kişilərin, anaların göz yaşları ilə yoğrulmuş Vətən torpağını qorumaq bu ölkədə heç kəsin şəxsi seçimi ola bilməz. Bu, hər birimizin məsuliyyətidir, boynumuzun borcudur. Deyirlər ki, qələbəni qazanmaq asandır, amma onu qorumaq daha çətindir. Biz bu ideologiyada bir addım belə geri çəkilə, bu məsələni arxa plana keçirə bilmərik. Cənab Prezident də daim bu məsələyə toxunur. Vətənpərvərlik gəncliyimizə aşılamalı olduğumuz ən böyük dəyərlərdən biridir. Burada mən yalançı vətənpərvərlik ideyalarını nəzərdə tutmuram. Söhbət köklərə dayanan, əsası olan, daim azərbaycançılıq məfkurəsi və milli kimliklə yoğrulmuş həqiqi vətənpərvərlikdən gedir.
-Bu məsələlərlə bağlı müraciətlər zamanı şəhid ailələrinin problemlərin mahiyyətini anlamayan və məsələyə həssas yanaşmayan məmurlarla qarşılaşdığı hallar olurmu?
-Sizə deyim ki, bu, ən çox əziyyət çəkdiyimiz mövzulardan biridir. Zəfər təşkilatı olaraq şəhid övladları ilə bağlı layihələr çərçivəsində ölkə daxilində müxtəlif interaktiv və intellektual düşərgələr təşkil edirik. Ən böyük məqsədimiz onların arasında əlaqələrin qurulması, bir-birlərini tanımalarıdır. Çox şükür ki, bunu yarada, qura bilmişik. Artıq həmin gənclər təşkilatımızın könüllüləridir. Belə deyək, onlar bizim təşkilatla birlikdə böyüyürlər. Artıq üç ildir ki, Avstriyada, Amerika Birləşmiş Ştatlarında və Almaniyada xaricdə yaşayan diaspor nümayəndələrinin və səfirliklərimizin dəstəyi, birgə təşkilatçılığımızla yay aylarında düşərgələr reallaşdırırıq. Oradakı universitetlərlə əməkdaşlıq edirik. Bu il də Amerikada və Almaniyada belə düşərgələr təşkil etdik. Məqsədimiz nədir? Azərbaycanda yaşamasalar da, ölkəmizdən kənarda yaşayan azərbaycanlılar var. Orada bizim səfirliklərimiz fəaliyyət göstərir. Hər kəs həmin uşaqların inkişafı üçün dəstək göstərməli, bu işə öz töhfəsini verməlidir. Hər kəs əlini daşın altına qoymalıdır. İnsan buradan köçüb gedə, ümumiyyətlə, xaricdə yaşaya bilər, amma yenə də azərbaycanlıdır. Milli kimliyini dəyişə bilməz. Yaşadığı bölgəni, məkanını dəyişə bilər, amma Vətənini seçə bilməz. Vətəni buradır. Mənim ən xoşuma gəlməyən ifadələrdən biri budur: insanlar xaricə gedib orada yaşayır, həyatlarını orada qururlar, sonra isə deyirlər ki, ölmək üçün Vətənə qayıdacaqlar. Xeyr, məsələ belə deyil. Bu Vətən üçün əziyyət də çəkməlisən. Bu məsuliyyət yalnız bizə aid deyil. Mən həmişə deyirəm ki, bu uşaqlar üçün əziyyət çəkin, onlara dəstək olun. Onların ataları bu gün yanlarında deyil ki, hər kəs Azərbaycanı təmsil edərkən, xaricdə başını dik tutsun. Ataları ona görə yoxdur ki, bu gün biz həmin ölkələrdə Azərbaycanı qürurla təmsil edə bilək. Hazırda yetişən diplomatlarımızla, gənc diplomatlarımızla qürur duyuram. Onların bu işə dəstək verməsi, prosesdə iştirak etməsi, gəlib uşaqları qarşılaması, onlara diqqət göstərməsi bizim üçün çox böyük mənəvi dəstəkdir. Təsəvvür edin, xarici ölkədə həmin gəncləri qarşılayıb onlara “Xoş gəlmisiniz, sizi qarşılamaqdan məmnunuq” demək belə onlar üçün nə qədər böyük mənəvi dəstəkdir. Həmin diplomatların düşərgələrdə bizimlə birlikdə iştirak etməsi, layihələrə dəstək göstərməsi bizim üçün çox qiymətlidir. Biz maddi baxımdan heç nə tələb etmirik. Layihələrin bütün detalları burada hazırlanır, təşkilati işləri özümüz həyata keçiririk. Amma gedib orada uşaqları səmimi şəkildə qarşılamaq, onlara “Xoş gəlmisiniz” demək, onların yanında olmaq çox böyük əhəmiyyət daşıyır. Bunu hər kəs edə bilər. Bütün səfirliklərimiz belə bir münasibət göstərə bilər. İnsanda bu hiss olmalıdır. O, üzərinə düşən mənəvi borcu hiss etməlidir. Düşünməlidir ki, bu uşaqlar qarşısında mənim mənəvi məsuliyyətim var. Çox təəssüf ki, bunları deməli oluruq. Biz ictimai təşkilatıq və bəzən mənə deyirlər ki, çox sərt danışırsan. Mən isə deyirəm ki, bunları deməliyik. Hətta mən bunu ikiqat deməliyəm, çünki həmin acını yaşamışam. Mən Raquf Orucov kimi qəhrəmanın Vətən uğrunda fəda edilməsinin ağrısını yaşamışam. Onun anası da şəhid olub. Biz bu acılarla böyüyən bir ailəyik. İstəmirəm ki, bu ağrılar mənim övladıma da keçsin. Əgər o yaşasaydı, biz ailə olaraq çox xoşbəxt idik. Amma Vətənsiz idik, Ağdamsız idik. Şəhid ananın məzarını tapa bilmirdik, çünki məzar erməni işğalı altında qalmışdı. Bu gün həmin yerlərə gedə, o məzarları ziyarət edə bilirik, amma Raquf Orucov yoxdur. Bilirsiniz, bu məsələni necə anlamaq lazımdır? Mən deyirəm ki, sən bu gün vəzifə başındasan. Bu vəzifəni sənə xalq verib, dövlət başçısı sənə etimad göstərib. Hər məsələni dövlət başçısının həll etməli olduğunu düşünmək olmaz. Hər problem dövlət başçısına qədər gedib çıxmamalıdır. Sən öz mövqeyində, tutduğun vəzifədə düşünməlisən ki, bu ölkənin dəyərləri var. Həmin dəyərləri nə qədər tanıyırsan, nə qədər hiss edirsən? Biz demirik ki, sən də bizim kimi ol, bizim yaşadıqlarımızı yaşa. Bu, onsuz da mümkün deyil. Amma heç olmasa, bizim acımızı hiss etməyə çalış. Sən hər axşam evə gedib övladının yanına gedə bilirsən. Şəhid övladlarının isə ataları yoxdur. Bizə hər dəfə müraciət edəndə bu reallığı nəzərə almaq lazımdır. Mən həmişə belə bir sual verirəm: Allah eləməsin, sən şəhid övladına nə hədiyyə alıb verərdin? Göstər görüm, öz övladına aldığın səviyyədə ona da hədiyyə almağa ürəyin gələrmi? Bizim təşkilatımıza şəkil çəkdirmək üçün gəlməyin. Heç kəs təşkilatımızın qapısını sadəcə şəkil çəkdirmək üçün aça bilməz. Öz övladına nəyi rəva görürsənsə, şəhid övladına da onu rəva görməlisən. Münasibət belə olmalıdır. Mən həmişə deyirəm ki, həmin övladlar fərqlidirlər. Onların baxışlarında elə bir kədər var ki, biz nə qədər çalışsaq da, o kədəri tam aradan qaldıra bilmirik. Biz onlar üçün hər şeyi etməyə çalışırıq, amma hələ də onların baxışlarında o sevinci tam görə bilməmişəm. Heç bir məmur onların yaşadığı itkinin yerini doldura bilməz. Siz həmin kədəri, həmin ağrını əvəz edə bilməzsiniz. Amma ən azından o yükü azalda, onlara fəxr hissi yaşada bilərsiniz. Bunun üçün sizdən böyük güc tələb olunmur, sadəcə vicdan tələb olunur. Düşünməlisiniz ki, əgər mən bu gün burada rahat oturmuşamsa, bu, həmin kişilərin, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın sayəsindədir.
-Bəs onların yanaşması adekvat olmayanda necə, bu vəziyyətdə nə edə bilirsiniz?
-Mən qalmaqalları sevmirəm. Belə məsələləri qabartmağı, mediada gündəmə gətirməyi xoşlamıram. Çünki əgər mən - hüquqşünas, həm də böyük bir ictimai təşkilatın sədri olaraq bu problemi həll edə bilmirəmsə, bu, mənim ilk növbədə zəifliyimdir. Məni dinləməlidirlər, sözlərimi eşitməli, təkliflərimizi nəzərə almalıdırlar. Düşünməlidirlər ki, bu sahədə bizim qədər təcrübəsi olan, məsələni bizim qədər dərindən bilən insanlar azdır. Çünki illərdir bu sahədəyik və özümüz də həmin ailələrdən biriyik. Əgər biz hansısa problemin həlli ilə bağlı təklif irəli sürürüksə, bunu həmin məsələnin daha yaxşı həll olunması, insanların həyat şəraitinin yaxşılaşdırılması üçün edirik. Məqsədimiz yalnız problemləri qabartmaq deyil. Mediaya müraciət etmək isə mənim üçün ümidlərimin tükəndiyi, başqa çıxış yolunun qalmadığı məqamda atacağım addımdır. Mümkün olmadıqca, bunu heç vaxt etmərəm. Çünki özümə qarşı da tələbkaram. Düşünürəm ki, problemi həll edə bilmədiyim üçün mediaya müraciət etməli olmağım həm də mənim bacarmadığım bir işdir. Medianın gücünə inanıram, amma gəlin, bu gün bir məqamı da etiraf edək: sağlam media ilə yanaşı, dövlətimizin adına, Vətənimizin adına ləkə gətirən, bu müqəddəs missiyaya kölgə salan media nümunələri də var. Axı söhbət Vətən uğrunda canından, qanından keçən insanların qoruduğu torpaqlardan, dövlətimizin nüfuzundan gedir. Mən heç bir yerdə, səfərdə olduğum zaman da belə halların dövlətimizin adına kölgə salmasına imkan vermərəm. Çünki həmin insanlar bu dövlət, bu Vətən üçün canlarından keçiblər. Vətən var olsun, daha uca olsun deyə şəhid olublar. Əgər hansısa məmurun fəaliyyətində səhv varsa, mən həmişə çalışmışam ki, bu məsələni onun tabe olduğu daha yuxarı qurumun diqqətinə çatdırım və bildirim ki, belə davam edə bilməz. Amma sevindirici bir məqamı da qeyd edim: çox şükür, belə halların sayı azalır. Bu da, yenə deyirəm, dövlət başçısının vaxtında etdiyi müdaxilələrin nəticəsidir. Halbuki əslində, hər məsələ dövlət başçısının müdaxiləsinə qədər gedib çıxmamalıdır. Dövlət başçısı dövləti təmsil edir. Hər kəs öz vəzifəsini tutduğu mövqeyə uyğun, düzgün və vicdanla yerinə yetirsə, bu qədər məsələnin dövlət başçısının üzərinə düşməsinə ehtiyac qalmaz. Səni həmin vəzifəyə ona görə təyin ediblər ki, vicdanla, əqidə ilə dövlətə və Vətənə xidmət edəsən. Təəssüf ki, belə hallarla qarşılaşırıq. Biz ictimai təşkilatıq və bu problemlərlə mübarizə aparmalı oluruq. Əlbəttə, hamı eyni düşüncəyə, eyni əqidəyə və eyni dəyərlərə sahib deyil. Bir məqamı da xüsusi vurğulamaq istəyirəm. İşə qəbul zamanı xaricdə təhsil almaq çox vaxt üstünlük kimi qiymətləndirilir. Siz də jurnalist olaraq bunu müşahidə edirsiniz. Kimsə hansısa vəzifəyə təyin ediləndə onun xaricdə təhsil aldığı, filan universiteti bitirdiyi, CV-sində ingilis dili biliyinin olduğu xüsusi qeyd edilir. Mən isə deyirəm ki, əvvəlcə bir soruşun görək, həmin şəxs Azərbaycan dilini hansı səviyyədə bilir? Bu gün ən vacib məsələlərdən biri budur. Mən sizin də fikrinizə qoşuluram. İnsan müxtəlif dilləri bilə bilər, amma ilk növbədə Azərbaycan xalqının nümayəndəsidir. Bəs öz xalqını nə qədər tanıyır? Onun dəyərlərinə nə qədər bələddir? Milli kimliyinə nə dərəcədə bağlıdır? Məncə, ilk növbədə, məmura bunları öyrətməliyik. İngilis dilini bilmək, əlbəttə, üstünlükdür, amma bu, özlüyündə böyük bir məziyyət deyil. Bu, dil bilikləri ilə bağlı texniki məsələdir. Süni intellektin inkişaf etdiyi bir dövrdə belə biliklərin tətbiqi imkanları da dəyişir. Amma insanın öz xalqına bağlılığını, onun dərdini anlamaq bacarığını heç bir texnologiya əvəz edə bilməz. Yenə deyirəm, insan ilk növbədə xalqına bağlı olmalı, onun dərdini öz dərdi bilməli və ona xidmət etməlidir. Bu keyfiyyətlər olmadıqda problemlər yaranır. Məmur vətəndaşı dinləməyi bacarmalıdır. Bəlkə də həmin insan səndən sadəcə onu dinləməyini istəyir. Heç olmasa, onu qəbul et, dinlə, probleminə diqqətlə yanaş. Biz demirik ki, bütün problemləri öz gücümüzlə həll edək. İctimai təşkilat olaraq bizim də qarşımızda kifayət qədər çətinliklər var. Amma insanı dinləmək, onun problemini anlamağa çalışmaq özü də çox vacib addımdır. Bu yaxınlarda Bakının kənar rayonlarından birində yaşayan şəhid atası bizim yanımıza gəlmişdi. Çox mədəni, alicənab bir ata idi. O, böyük bir şey istəmirdi. Oğlunun adını daşıyan küçənin cəmi bir neçə metrlik hissəsinin asfaltlanmasını istəyirdi. Həmin ata bunun üçün dəfələrlə müraciət etmiş, müxtəlif çətinliklərlə üzləşmişdi. Söhbət adi bir asfalt yoldan gedir. İcra başçısı üçün bu, nə qədər çətin məsələ ola bilər ki? Şəhid atası niyə bunun üçün dəfələrlə xahiş etməli, qapı-qapı düşməlidir? Axı həmin insanın qarşısında bu diqqət və qayğı göstərilməlidir. Bu, bizim mənəvi borcumuzdur.
16:20 29.10.2026
Oxunuş sayı: 174
QHT Tribunası
"QHT Tribunası" qeyri-hökumət təşkilatlarının fəaliyyətinin, gördüyü işlərin təqdim olunması üçün həyata keçirilən layihədir.