Aktauda təhsil alan azərbaycanlı gənclərlə görüş keçirilib
Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən Ş.Yessenov adına Xəzər Texnologiyalar və Mühəndislik Universitetində azərbaycanlı tələbələrlə görüş keçirilib. Tədbir universitetin nəzdindəki Azərbaycan Mərkəzi və onun tərəfdaşı olan “Legal services company” şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.
Crossmedia.az xəbər verir ki, görüşdə hazırda universitetdə bakalavriat və magistratura pillələri üzrə 200-dən çox azərbaycanlı tələbənin mühəndislik, neft-qaz işi, logistika, dənizçilik, informasiya texnologiyaları, iqtisadiyyat, pedaqogika və beynəlxalq münasibətlər ixtisasları üzrə təhsil aldığı bildirilib. Həmçinin Yessenov Universiteti ilə Bakı Dövlət Universiteti arasında “Beynəlxalq münasibətlər” ixtisası üzrə həyata keçirilən ikili diplom proqramının iki ölkə arasında təhsil və elmi əlaqələrin inkişafına, eləcə də ixtisaslı kadrların hazırlanmasına töhfəsi vurğulanıb.
“Legal services company” şirkətinin direktoru və təsisçisi Samir Mədətov, Azərbaycan Mərkəzinin direktoru İlkin Orucov və universitetin akademik heyətinin nümayəndələri tələbələrin müraciətlərini dinləyiblər. Görüşdə tədrisə uyğunlaşma, yataqxana şəraiti, miqrasiya qeydiyyatı, tibbi sığorta və dərs cədvəlləri ilə bağlı məsələlər müzakirə olunub. Qaldırılan problemlərin həlli üçün müvafiq qərarlar qəbul edilib və aidiyyəti üzrə tədbirlər müəyyənləşdirilib.
Çıxışlarda xaricdə təhsil alan azərbaycanlı gənclərə dəstəyin, onların milli-mədəni dəyərlərlə əlaqələrinin qorunmasının və diaspor fəaliyyətində iştirakının əhəmiyyəti qeyd olunub. Eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdə yaşayan soydaşlarımıza, o cümlədən tələbələrə göstərdiyi diqqət və dəstək vurğulanıb.
Sonda Azərbaycan Mərkəzinin tələbələrlə əlaqələri davam etdirəcəyi və bu cür görüşlərin mütəmadi təşkil olunacağı bildirilib.
15:32 29.10.2026
Oxunuş sayı: 53