“Azərenerji” ASC-nin nəzdində Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda müşavirə keçirilib
Oktyabrın 29-da “Zərdabi pr. 94” (Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Crossmedia.az xəbər verir ki, müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktoru, akademik Arif Həşimov, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Tədbirdən öncə İnstitutun inzibati binasında yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edərək iştirakçıları salamlayan “Zərdabi pr. 94” (Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu) ünvanı üzrə ƏPT sədri, İnstitutun direktor müavini Aytək Babayeva ölkəmizin energetika təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayan elmi-tədqiqat müəssisəsində keçirilən bu tədbirin böyük ideoloji və təşkilati əhəmiyyət daşıdığını bildirib. A.Babayeva vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin dayanıqlı inkişaf kursunu yeni müstəviyə daşıyan mühüm siyasi hadisədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı derin məzmunlu nitqi ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, energetika sahəsində çalışan alim və mütəxəssislərin ictimai-ideoloji fəallığının artırılması və gənc kadrların partiya həyatına fəal cəlb olunması istiqamətində ƏPT kollektivi qarşısında vacib öhdəliklər qoyub.
Çıxış edən Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktoru, akademik Arif Həşimov ölkəmizdə energetika sektorunun inkişaf dinamikası, elmi-tədqiqat işlərinin müasir tələblərə uyğunlaşdırılması və energetika elminin dövlət siyasətindəki strateji yeri barədə ətraflı məlumat verib. Akademik A.Həşimov diqqətə çatdırıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün təkcə ənənəvi energetika sahəsində deyil, həm də bərpa olunan enerji mənbələrinin tətbiqi və yaşıl enerjiyə keçid üzrə regional və qlobal mərkəzə çevrilmişdir. Xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" zonası elan edilməsi, yeni su, günəş və külək elektrik stansiyalarının istifadəyə verilməsi elmi-layihələndirmə və tədqiqat işlərinin həcmini dəfələrlə artırmışdır. A.Həşimov qeyd edib ki, institutun elmi kollektivi dövlət başçısının təyin etdiyi strateji hədəflərə cavab olaraq həm energetika sisteminin elmi əsaslarla modernləşdirilməsində, həm də YAP-ın VIII Qurultayından irəli gələn ideoloji vəzifələrin yerinə yetirilməsində var gücü ilə çalışmağa davam edəcəkdir.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi və konseptual nitqinin ideoloji-siyasi mahiyyəti, energetika təhlükəsizliyinin milli müstəqilliyimizin dayaq sütununa çevrilməsi və elmi-infrastruktur müəssisələrində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının qarşısında duran mühüm hədəflər barədə geniş, ətraflı məruzə ilə çıxış edib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin siyasi stabilliyinin, sosial-iqtisadi yüksəlişinin və möhtəşəm Zəfərlərinin ana sütunu olmuşdur. Ulu Öndərin zəngin idarəçilik xəttini uzaqgörənliklə sürdürən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək qüdrətli dövlətə çevrilmişdir. Müzəffər Ali Baş Komandanın liderliyi ilə qazanılan bu tarixi qələbələr partiyamızın yürütdüyü uzaqgörən siyasi kursun, dövlətimizin iqtisadi-sənaye qüdrətinin və sarsılmaz xalq-iqtidar birliyinin parlaq nümayişidir. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul olunmuş qərarlar və partiya sədrinin irəli sürdüyü prioritetlər energetika və elmi-layihələndirmə sahasində çalışan ərazi partiya təşkilatlarının işində keyfiyyətcə yeni mərhələ açmışdır. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaşlardan birinə çevrilməsi, işğaldan azad edilmiş torpaqlarımızda ən müasir "ağıllı şəbəkə" və energetika infrastrukturunun qurulması cənab Prezidentin uzaqgörən siyasətinin bəhrəsidir. Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun alimləri, mühəndisləri və mütəxəssisləri peşəkar elmi nailiyyətləri ilə yanaşı, cəmiyyətdə dövlətçilik təfəkkürünün, vətənpərvərlik ruhunun və partiya ideallarının təbliğində ön sıralarda olmalıdırlar. Ərazi partiya təşkilatı gənc alimlərin və mütəxəssislərin partiya həyatına fəal inteqrasiya olunması və onların elmi-ideoloji potensialının reallaşdırılması istiqamətində məqsədyönlü tədbirləri ardıcıl sürdürməlidir. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev vurğulayıb ki, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun ərazi partiya təşkilatı zəngin elmi, mühəndislik və intellektual kadr potensialına malikdir. YAP Yasamal rayon təşkilatı cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin reallaşdırılması, partiya sıralarının keyfiyyətcə zənginləşməsi və ideoloji işin təsir gücünün artırılması istiqamətində institutun fəalları ilə sıx əməkdaşlığı ardıcıl olaraq sürdürəcəkdir.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.
13:43 29.10.2026
Oxunuş sayı: 74