Ukrayna Rusiyanın BMT-dən çıxarılması üçün plan hazırlayıb
Ukraynalı diplomat və ekspertlərdən ibarət qrup Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) üzvlük statusuna yenidən baxılması üçün plan hazırlayıb.
Crossmedia.az xəbər verir ki, “Foreign Policy” nəşri bu barədə məlumat yayıb.
Təşəbbüsün müəllifləri arasında Ukraynanın BMT-dəki keçmiş daimi nümayəndəsi Vladimir Yelçenko da var.
O hesab edir ki, Sovet İttifaqının dağılmasından sonra Rusiyanın SSRİ-nin hüquqi davamçısı kimi tanınması yanlış qərar olub.
“Bu, əsrin ən böyük saxtakarlığıdır. Rusiya Federasiyası heç vaxt BMT Nizamnaməsini imzalamayıb”, – deyə keçmiş diplomat bildirib.
Yelçenkonun fikrincə, Rusiya SSRİ-nin dağılmasından sonra yeni dövlət kimi BMT-yə qəbul prosedurundan keçməli idi. Lakin Moskva həmin dövrdə təşkilata məktub göndərməklə Sovet İttifaqının yerini tutub.
Nəşrin məlumatına görə, Yelçenko və Filip Orlik Fondunun digər nümayəndələri Rusiyanın üzvlük statusunun BMT Baş Assambleyasının gündəliyinə çıxarılmasını planlaşdırırlar. Bu təşəbbüsün 2027-ci ildə irəli sürülməsi mümkündür.
Plan çərçivəsində məsələnin BMT-nin doqquz üzvdən ibarət Səlahiyyətlərin Yoxlanılması Komitəsinə təqdim olunması da nəzərdə tutulur.
Təşəbbüs müəllifləri Rusiyanın BMT Nizamnaməsinin 4-cü maddəsində müəyyən edilmiş üzvlük tələblərinə uyğunluğunun müzakirəsini istəyirlər.
Bununla belə, “Foreign Policy” qeyd edir ki, Rusiyanın BMT-dəki fəaliyyətinin dayandırılması və xüsusilə Təhlükəsizlik Şurasındakı yerindən məhrum edilməsi ehtimalı olduqca aşağıdır.
Əsas maneələrdən biri Rusiyanın SSRİ-nin hüquqi davamçısı statusunun beynəlxalq səviyyədə geniş qəbul edilməsidir. Üstəlik, Ukrayna hökuməti də vaxtilə bu statusu tanıyıb.
Ekspertlər hesab edirlər ki, təşəbbüsün uğursuzluqla nəticələnməsi Ukraynanın beynəlxalq tərəfdaşları ilə münasibətlərində əlavə siyasi çətinliklər yarada bilər.
Buna baxmayaraq, təşəbbüs müəllifləri Rusiyanın BMT-dəki statusunun beynəlxalq müzakirəyə çıxarılmasının vacib olduğunu bildirirlər.
11:57 29.10.2026
Oxunuş sayı: 38