Pentaqon Starlink məhdudiyyətlərini araşdırmaqdan imtina edib
ABŞ Pentaqonunun baş müfəttişi Ukraynada Starlink və Starshield peyk rabitə sistemlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlərlə bağlı araşdırma aparmaqdan imtina edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ Senatının hər iki partiyasını təmsil edən 9 senator — 4 respublikaçı və 5 demokrat — məhdudiyyətlərin kimin göstərişi ilə tətbiq edildiyini araşdırmaq üçün Pentaqonun baş müfəttişinə müraciət edib.
Senatorlar həmçinin məhdudiyyətlərin kəşfiyyat məlumatlarının mübadiləsinə və Ukrayna əhalisinin hava hücumları barədə xəbərdar edilməsinə təsir göstərib-göstərmədiyinin müəyyənləşdirilməsini istəyiblər.
Lakin Pentaqonun oktyabrın 27-də verdiyi cavabda baş müfəttiş qeyd edib ki, qaldırılan məsələlər ABŞ Hərbi Hava Qüvvələrinin səlahiyyətlərinə aiddir.
Demokrat senator Cin Şahin müstəqil araşdırmadan imtina edilməsini tənqid edib. O bildirib ki, Ukraynanın mülki əhalini qorumaq üçün güvəndiyi peyk rabitəsindəki fasilələrin araşdırılmaması narahatlıq doğurur.
Şahinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası və SpaceX şirkəti baş verənlərlə bağlı ziddiyyətli izahatlar verib. Senator hesab edir ki, məsul şəxslərin müəyyənləşdirilməsi və oxşar halların təkrarlanmasının qarşısının alınması üçün müstəqil araşdırma aparılmalıdır.
Ukraynada Starlink ilə bağlı problemlər
Oktyabrın ortalarında Ukraynada Starlink peyk rabitəsi və hərbi təyinatlı Starshield sisteminin fəaliyyətində problemlər yaranıb.
Ukrayna rəsmilərinin məlumatına görə, oktyabrın 14-də SpaceX hərəkət zamanı terminalların işləmə sürətini məhdudlaşdırıb. Bu, rabitəyə və bəzi hərbi tapşırıqların yerinə yetirilməsinə təsir göstərib.
Ukrayna Prezidenti Volodimir Zelenski məhdudiyyətlərin tədricən aradan qaldırıldığını bildirib.
Oktyabrın 24-də isə Ukrayna Müdafiə Nazirliyi Starlink və Starshield sistemlərinin iş sürətinin bərpa olunduğunu, o cümlədən saatda 400 kilometrdən yüksək sürətlə hərəkət zamanı rabitənin işlədiyini açıqlayıb.
12:20 29.10.2026
Oxunuş sayı: 53