BMT ABŞ-yə qarşı qətnamə qəbul edib – 130 ÖLKƏ DƏSTƏKLƏDİ
BMT Baş Assambleyası ABŞ-nin Kubaya 60 ildən artıqdır tətbiq etdiyi iqtisadi, ticarət və maliyyə embarqosunun ləğvini tələb edən qətnaməni qəbul edib. Sənədi Türkiyə də daxil olmaqla 130 ölkə dəstəkləyib.
Crossmedia.az xəbər verir ki, Türkiyənin “Haber Global” nəşri bu barədə məlumat yayıb.
Oktyabrın 28-də keçirilən səsvermədə 17 ölkə, o cümlədən ABŞ və İsrail qətnamənin əleyhinə səs verib, 25 ölkə isə bitərəf qalıb.
Ötən il eyni məzmunlu qətnaməni 165 ölkə dəstəkləmiş, 7 ölkə əleyhinə səs vermiş, 12 ölkə isə bitərəf qalmışdı.
Bu il qətnaməni dəstəkləyən ölkələrin sayı 35 azalıb. Almaniya və İtaliya da daxil olmaqla bəzi dövlətlər əvvəlki mövqelərini dəyişərək bitərəf qalıblar.
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Volts səsvermədən sonra bir sıra iri iqtisadiyyatların mövqeyini dəyişməsini müsbət qiymətləndirib. O, Vaşinqtonun diplomatik səylərinin davam etdiriləcəyini bildirib.
Kubanın xarici işlər naziri Bruno Rodriges isə ABŞ-ni ölkəsinə iqtisadi təzyiq göstərməkdə ittiham edib.
Kuba uzun illərdir yanacaq və əsas istehlak mallarının çatışmazlığı, enerji böhranı və infrastruktur problemləri ilə üzləşir. Havana bu çətinliklərin əsas səbəblərindən biri kimi ABŞ sanksiyalarını göstərir. Vaşinqton isə iqtisadi vəziyyətə Kuba hökumətinin siyasətinin də təsir etdiyini bildirir.
Qeyd edək ki, BMT Baş Assambleyasının qətnaməsi hüquqi baxımdan məcburi qüvvəyə malik deyil. Embarqonun tam ləğvi üçün ABŞ Konqresinin müvafiq qərar qəbul etməsi tələb olunur.
BMT Baş Assambleyası 30 ildən artıqdır ki, hər il Kubaya qarşı embarqonun aradan qaldırılmasına çağıran qətnamələri müzakirəyə çıxarır.
14:31 29.10.2026
Oxunuş sayı: 54